AZ

Çin şirkəti Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsal edəcək

Baş nazirin müavini, Azərbaycan - Çin Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində sentyabrın 9-da Çendu şəhərində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə Çinin yüksək texnologiyalı şirkətlərindən olan "Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd." arasında Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrə İnvestisiya Sazişi imzalanıb.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədi Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və "Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd." şirkətinin təsisçisi və sədri Sie Yi imzalayıb.

Sazişə əsasən, şirkət Ələt Azad İqtisadi Zonasında lazımi infrastruktur və kommunikasiyalarla təmin olunmuş 23 hektarlıq hazır sənaye torpaq sahəsində üç müasir istehsal müəssisəsi inşa edəcək. Müəssisələrdə illik 3 giqavat istehsal gücünə malik günəş panelləri, həmçinin silisium kristalları və komponentləri istehsal olunacaq. Bu müəssisədə istehsal ediləcək günəş panelləri eyni zamanda şirkət tərəfindən Ələt Azad İqtisadi Zonasında inşa olunacaq Günəş Elektrik Stansiyasının tikintisində də istifadə ediləcək. Məhsulların əksər hissəsi qlobal bazarlara ixrac ediləcək, bu isə Azərbaycanın bərpaolunan enerji istehsalı üzrə strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək.

Layihə Ələt Azad İqtisadi Zonasının inkişafında mühüm mərhələ olmaqla yanaşı, Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın güclənməsinə də töhfə verəcək. Bu layihənin həyata keçirilməsi Çinin yüksək texnologiyalı şirkətləri tərəfindən Ələt Azad İqtisadi Zonasına göstərilən marağın artmasına zəmin yaradacaq.

Qeyd edək ki, aktivlərinin həcmi 1.7 milyard ABŞ dolları təşkil edən "Sichuan Sunsync" qısa müddətdə günəş panellərinin istehsalı sahəsində qabaqcıl şirkətə çevrilə bilib. Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfəri zamanı "Sichuan Sunsync" şirkətinin rəhbərini qəbul etmişdi və Ələt Azad İqtisadi Zonasında günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunmuşdu.

Seçilən
0
12
far.az

10Mənbələr