Bakı, 10 sentyabr, AZƏRTAC
Çin Xalq Respublikasının Nankin şəhərində Çinin Milli Nəzarət Komissiyasının və Asiya Ombudsman Assosiasiyasının (AOA) təşkilatçılığı ilə qurumun İdarə Heyətinin 26-cı və Baş Assambleyasının 18-ci toplantısı keçirilib. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva AOA-nın vitse-prezidenti qismində sözügedən tədbirlərdə iştirak edib.
Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, toplantı zamanı Assosiasiyanın 2024-2025-ci illər üzrə fəaliyyətinə dair hesabat, o cümlədən audit hesabatı təsdiqlənib, həmçinin 2025-2026-cı illər üçün tədbirlər planı müzakirə olunub. İdarə Heyətinin növbəti 27-ci iclasının Honq Konqda keçirilməsi barədə qərar qəbul olunub.
Assosiasiyanın İcraçı katibi Azərbaycan Ombudsman təsisatının aktiv fəaliyyətini vurğulayaraq, Ombudsman Aparatının təşkilatçılığı ilə keçirilən təlim və vebinarların üzv təsisatlar arasında təcrübə mübadiləsinə, həmçinin insan hüquqlarının spesifik istiqamətləri üzrə bacarıqların inkişaf etdirilməsinə xüsusi töhfə verdiyini bildirib.
O, həmçinin Azərbaycan Ombudsmanının Assosiasiyanın İslamabadda yerləşən “Resurs” Mərkəzinə ziyarətini xatırlayaraq, Səbinə Əliyevanın təşəbbüsü ilə icra olunan layihələrin regional əməkdaşlığın gücləndirilməsində xüsusi rolu olduğunu bildirib.
Ombudsman Səbinə Əliyeva regionda insan hüquqlarının müdafiəsi və təşviqi baxımından Asiya Ombudsman Assosiasiyasının mühüm platforma olduğunu diqqətə çatdıraraq, təşkilat çərçivəsində həyata keçirilən fəaliyyətlərdə gələcəkdə də aktiv iştirakın davam etdiriləcəyini bildirib, xüsusilə də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, ayrı-seçkiliyin qarşısının alınması və korrupsiya ilə mübarizə sahələrində qabaqcıl təcrübələrin paylaşılması üçün birgə təşəbbüslərin və vebinarların əhəmiyyətini vurğulayıb.