AZ

Avtovağzalda bıçaqlı insident — TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda iki nəfər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 5-də Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində baş verib. 

Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Şahin tanışı Vaqif Musayevin istifadə etmək üçün götürdüyü mobil telefonu geri qaytarmamasını bəhanə edib. 

O, heç bir əsaslı səbəb olmadan mübahisə edib, zərərçəkmiş şəxsin ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib. 

Daha sonra Şahin silah qismində istifadə etdiyi bıçaqla Vaqifin sağ qoluna zərbə vurub. 

O, zərərçəkmişə bədən xəsarətləri yetirməklə xuliqanlıq edib. 

Hadisəni törədən Şahinin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O qeyd edib ki, avtovağzalda rayonlara gedən taksilərə sərnişin yığaraq pul qazanmaqla məşğul olub: 

“Avqustun 5-də, günorta saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən kafedə oturarkən Vaqif yaxınlaşaraq nömrəsində balansın olmadığını bildirdi, danışmaq üçün telefonumu istədi. Mənim əvvəllər onunla heç bir münasibətim olmayıb. Sadəcə həmin yerdə arabir görmüşük. 

Telefonumu danışmaq üçün zərərçəkmiş şəxsə verdim. O, isə telefonu aldıqdan sonra bir qədər aralaşdı. Bir qədər sonra baxarkən onu görmədim. Onun getdiyi istiqamətdə hərəkət etdim”. 

Təqsirləndirilən şəxs bildirib ki, həmin ərazidə meşə kimi sahə var: 

“Mən Vaqifi həmin meşə kimi sahədə tapdım. Vaqif telefonla danışaraq qutardıqdan sonra geri istədim. Lakin Vaqif telefonu vermədi, sinəmdən itələdi. Həmçinin ünvanıma nalayiq ifadə işlətdi. Zərərçəkmiş şəxs boyca hündür olduğu üçün ona gücüm çatmazdı. Həmin zaman üzərimdə olan çantanın içərisində evə aparmaq üçün aldığım mətbəx bıçağı var idi. Həmin bıçağı çantamdan çıxararaq zərərçəkmişin qoluna vurdum. Bundan sonra Vaqif qışqırdı. Mən isə həmin yerdən getdim. Zərərçəkmiş şəxsə cəmi bircə dəfə bıçaq vurmuşam. 

Daha sonra qorxumdan bıçağı atmışam. Həmin zaman zərərçəkmiş içkili olmayıb. Yalnız sonra danışdıqda Vaqif narkotik vasitənin təsiri altında olduğu üçün elə bir hərəkət etdiyini bildirdi. Hadisə vaxtı ətrafda insanlar olmayıb. Sadəcə bir nəfər görərək bizə yaxınlaşıb. Mən isə hadisəni törətdikdən sonra getmişəm. Törətdiyim əməldən də peşmanam. Zərərçəkmişi bıçaqla vurduqdan sonra qaçdığım üçün telefonu ala bilməmişəm”.

İş üzrə zərərçəkmiş Vaqifin sözlərinə görə, təqsirləndirilən şəxs ona 30 manat borcu olsa da, həmin pulu qaytarmayıb: 

“Rayona gedən taksilərə adam yığdığımıza görə Şahin 60 manat alıb. Həmin 60 manatın 30 manatı Şahinin olmalı, 30 manat isə mənə çatmalı idi. Ancaq pulun hamısını Şahin götürüb və qaytaracağını bildirsə də, qaytarmayıb. Bu hadisəyə qədər isə aramızda heç bir ədavət olmayıb”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə olan günü “Şəki” kafesi adlanan yerdə o, Şahin və Asif adlı şəxs birlikdə oturaraq çay içiblər: 

“Şahinə köməklik göstərərək iş tapmışam. Həmin zaman telefonumda kontur olmadığı üçün Şahinin telefonunu götürüm və danışmaq məqsədi ilə çölə çıxdım. Mənim telefonum isə stolun üstündə qaldı. Telefonla danışdıqdan sonra geri qayıdan zaman Şahinin orada olmadığını, mənim də telefonumu götürərək getdiyini gördüm. Şahinin telefonunu Asifə verdim və ona qaytarmasını, mənim də telefonumu gətirməsini bildirməsini tapşırdım. Mənə məxsus olan telefonu 35 manata almışam. Şahinin harada olsa, gələcəyini düşünərək gözlədim. 

Təxminən 2-3 saatdan sonra Asif gələrək Şahinin məni çağırdığını bildirdi. Şahinin olduğu yerə tərəf, yəni “Şəki” kafesinin arxasına getdim. Heç ağlıma gətirmədiyim halda Şahin əlində olan bıçaqla  yaxınlaşdığı an bir dəfə məni vurdu. Bu hadisə təxminən günorta radələrində baş verib. Qolumdan qan axmağa başladığı üçün Şahinə qaçmasını bildirdim. Asif də həmin zaman orada olub”. 

Vaqif deyib ki, Şahin onu həmin yerə pul vermək adı ilə çağırıb: 

“Həmin yerdə yalnız Şahin, Asif və mən olmuşam. Bıçaq qoluma girdiyi üçün Asif taksi ilə məni Sabunçu xəstəxanasına apardı. Həmin zaman telefonum da Şahində qaldı. 

Xəstəxanada təxminən 8 gün yatdım, qoluma tikiş qoydular. Həmin vaxtları mənə zəng etdilər ki, narahat olmayım, xərcləri qarşılayacaqlar. Lakin, 5-6 ay keçsə də, heç bir köməklik göstərilmədi. Təqsirləndirilən şəxs məni bıçaqla vurduqdan təxminən 10 gün sonra tutuldu. Lakin şikayətçi olmadığıma görə onu  buraxdılar. 

Xəstəxanada müalicə olunanda xərclərinin ödəniləcəyini bildirdilər. Lakin heç bir ödəniş edilmədi. Mənim qolumda hazırda çürümə gedir. Hazırda 2 barmağım işləmir, heç olmasa həmin barmaqlarımın işləməsi üçün əməliyyat edilməyimlə bağlı pulun ödənişi edilsin. Həmin ziyan ödənilərsə, şikayəti olmayacam”.

Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Şahinin əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib. Ona 1 il 5 ay, 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 


Fariz Məlikli
Demokrat.az
Seçilən
8
2
demokrat.az

3Mənbələr