AZ

"Cəfərquliyevin 89-cu dəqiqədə o cür reyd etməsi..." - Aslan Kərimov

Dünən DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Ukrayna yığmasını qəbul edən Azərbaycan millisi güclü rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşdı. İlk turda İslandiyadan alınan 0:5 hesablı yenilginin ardından baş məşqçi postundan göndərilən portuqaliyalı mütəxəssis Fernandu Santuşun funksiyasını müvəqqəti yerinə yetirən Ayxan Abbasov millini psixoloji cəhətdən toparlaya, ortaya əzmkar oyun qoya bildi. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bu nəticədən sonra hər şeydən öncə yerli məşqçilərimiz adına çox sevinirəm. Bu o deməkdir ki, bizdə də yaxşı məşqçilər var. Bəlli məsələdir ki, Ayxan Abbasovun məşq keçməyə belə, imkanı olmayıb. Burada ən vacib olan şey futbolçulara motivasiya verə bilmək idi. Onun futbolçularla necə söhbət etdiyi, komandaya necə motivasiya verdiyi meydanda göründü. Elvin Cəfərquliyevin 89-cu dəqiqədə o cür reyd etməsi çox şey deməkdir. Sprint elə bir şeydir ki, bunu 80-ci dəqiqədən sonra edirsənsə, zədə almaq ehtimalın 50-nin 50-yədir. Matçın sonlarına yaxın bədəndəki minerallar - kalsium, kalium, maqnezium tükənir. Bu minerallar olmayanda əzələlərin qırılmaq ehtimalı artır. Yəni ekstra güc qoymaq, maksimum çalışmaq sırf motivasiyaya bağlı məsələdir. Bir epizodda Abbas Hüseynov topu təhlükəli mövqedən uzaqlaşdırandan sonra üzünü yaxın planda göstərdilər. Abbasın gözlərində tam fərqli bir qığılcım var idi. Dediyim budur ki, hamısı xüsusi həvəslə oynadılar. Lazım olan sonadək qaçmaq, mübarizə aparmaq iki ki, bunu da möhtəşəm şəkildə yerinə yetirdilər. 

Ukrayna İslandiyadan daha güclü komandadır. Meydanda rəqibin dominantlıq edəcəyini əvvəldən gözləyirdik. Bilirdik ki, onları meydanın özlərinə aid hissəsinə sıxışdırmayacağıq. Onların vurduğu qola baxsaq, bizim yarımmüdafiə xəttinin arasından 40 metrlik məsafəyə dəqiq ötürmə verdilər və topu inamla ram edərək qapımıza yol tapdılar. Ukraynalı futbolçular müdafiə xəttimizin arxasına "açılır", təhlükəli vəziyyətlər yaradırdılar. Biz isə əks-hücumlar qurmaq, rəqibin səhvlərindən faydalanmaq istəyirdik. Düzü, topa ələ keçirəndən sonra da onu özümüzdə saxlamaq işinin öhdəsindən tam gəlmirdik. İlk yarıda Renat Dadaşov texniki planda bu işi görə bilmədi. Tez-tez topu itirdiyimiz üçün onların oyunçuları uzağı 10-15 metr geri qayıdırdılar. Halbuki Renat topa "ilişə" bilsəydi, rəqib futbolçular 40 metr geri qayıtmağa və yorulmağa məcbur olardılar. Musa Qurbanlı Dadaşovun əvəzinə meydana çıxandan sonra bir neçə uğurlu hərəkət ilə diqqət çəkdi və məlum epizodun ardından penalti qazandıq. O, sona yaxın Anatoli Nuriyevə çox effektli ötürmə edə bilərdi. Musa topu saxladı, rəqibindən sıyrıldı... Lakin "7 nömrə" yorğun olduğu üçün lazımi reaksiyanı verə bilmədi.  Yekunda 1 xal qazandıq ki, bu da çox yaxşı nəticədir. Əzmkarlığı qorumaq və digər cəhətlərimizi inkişaf etdirməliyik".

Nihat
 

Seçilən
7
1
fanat.az

2Mənbələr