Bakı, 10 sentyabr, AZƏRTAC
“Opta” statistika portalı 2025/2026-cı illər mövsümü üçün UEFA Çempionlar Liqasının favoritlərini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, İngiltərənin “Liverpul” klubu çempionluğa əsas namizəd kimi göstərilib.
Mersisayd təmsilçisinin kuboku qazanma ehtimalı 20,4 faizlə qiymətləndirilib. Komandanın 1/4 finala yüksəlmə şansı 72,7 faiz, yarımfinala çıxma ehtimalı 51,5 faiz, finala qədər irəliləmə imkanı isə 34 faiz olaraq proqnozlaşdırılıb.
İkinci favorit 16 faizlə İngiltərə “Arsenal”ıdır. Üçüncü pillədə isə 12,1 faizlə Fransanın PSJ komandası qərarlaşıb. İlk “onluq”da, həmçinin “Mançester Siti” və “Barselona” (hərəsi 8,4 faiz), “Çelsi” (7 faiz), “Real Madrid” (5,8 faiz), “Bavariya” (4,3 faiz), “İnter” və “Nyukasl” (hərəsi 3 faiz) klubları yer alıb.
Qeyd edək ki, “Liverpul” əsas mərhələdə “Real Madrid”, “Atletiko”, “İnter”, “Ayntraxt”, PSV, “Marsel”, “Qarabağ” və “Qalatasaray”la qarşılaşacaq.