Fransanın Daxili İşlər naziri vəzifəsini icra edən Brüno Reytano bütün ölkədə keçirilən etiraz aksiyaları zamanı 200-ə yaxın adamın, o cümlədən Paris bölgəsində 132 nəfərin həbs edildiyini bildirib.
“Paytaxtın şərqində etirazçılar orta məktəbin yaxınlığındakı zibil qablarını yandırıblar və nəticədə nəqliyyatın hərəkəti iflic olub. Şahidlər, tam təchiz olunmuş polis qüvvələrinin olduğunu bildirdilər”,- Fransa mediası yazır.
Bundan əlavə, nümayişçilər Paris dairəvi yolunu bağlamağa da bir neçə cəhd göstəriblər. Ümumilikdə, müxtəlif vaxtlarda təxminən altı əsas yol qovşağı bağlanıb.
“Voix du Nord” nəşrinin məlumatına görə, Fransanın şimalındakı Lill şəhərində etirazçılar yerli dairəvi yolu bağlayıblar, lakin polisin müdaxiləsindən sonra nəqliyyatın hərəkəti bərpa olunub.
- Ölkənin qərbində yerləşən Brest şəhərində kloun paltarı geyinmiş etirazçılar dairəvi yolda tamaşa nümayiş etdiriblər. Daha sonra burada ən böyük “Bretani” neft terminalında nümayiş planlaşdırılır. Renn şəhərində isə avtobusu yandıran etirazçılar dairəvi yolda hərəkəti bağladıqdan sonra polislə toqquşmalar başlayıb”, - “Le Parisien” qəzeti öz növbəsində xəbər verir.
![]() |
NYT:“Makron vəzifəsini itirə bilər” |
“Lionda etirazçılar mərkəzi küçələri bağlamağa, zibil qutularını yandırmağa və polisə daş atmağa cəhd ediblər. Bundan başqa, şəhərin şərqindəki dairəvi yol bağlanıb”,- “Fransa 3” telekanalı xəbər verir.
Hakimiyyət orqanlarının açıqlamasına əsasən, sentyabrın 10-da Fransada keçiriləcək 700-dən çox etiraz aksiyasında 100 minə yaxın insan iştirak edəcək. Mərkəzi koordinasiya və etirazlar üçün vahid formatın olmaması mümkün iğtişaşların baş verəcəyi baxımından hakimiyyəti ciddi narahat edir.
Aksiya iştirakçıları arasında “sarı jiletlilər” hərəkatının keçmiş fəalları da qeydə alınıb. Asayişi qorumaq üçün 80 minə yaxın hüquq-mühafizə orqanlarının əməkdaşı səfərbər edilib.
Xatırladaq ki, etirazlar təqaüdlərin dondurulması və sosial müavinətlərin azaldılması da daxil olmaqla, qənaət tədbirlərini özündə əks etdirən 2026-cı il üçün büdcə qanun layihəsinin açıqlanmasından sonra qızışıb.
Bu etirazlar fonunda ölkənin baş naziri Fransua Bayru istefa verib. Prezident Emmanuel Makron isə artıq bu vəzifəyə Müdafiə naziri Sebastyan Lekornyunun namizədliyini irəli sürüb.
Yeri gəlmişkən, Amerikanın “The New York Times (NYT)” nəşrində dərc olunan analitik materialda Fransada yaşanan hakimiyyət böhranının həlli ssenarilərindən biri kimi prezident Emmanuel Makronun vəzifədən gedə bilməsi göstərilir.
Sahil İsgəndərov
AzVision.az