Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Paralel.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
***
Baş nazir Əli Əsədovun imzaladığı növbəti qərarla Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnaməyə dəyişiklik edilib.
Qərara əsasən, Azərbaycan Respublikasının xarici dövlətdəki diplomatik nümayəndəliyinin tabeliyində olan Mədəniyyət Mərkəzi Azərbaycanın mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialının təbliğini genişləndirmək məqsədilə Mədəniyyət Nazirliyinin və Xarici İşlər Nazirliyinin birgə təklifi və Nazirlər Kabinetinin vəsatəti əsasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılacaq. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları müvafiq beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikasının Hökuməti ilə qəbul edən dövlətin hökuməti arasında diplomatik nümayəndəliyin tabeliyində Mərkəzin yaradılması və fəaliyyətinə dair bağlanılmış sazişi, habelə Mədəniyyət Nazirliyinin və Xarici İşlər Nazirliyinin əmr, sərəncam və göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.
Mərkəzlərdə aparılan işin həcmi və xüsusiyyətləri nəzərə alınaraq, Mərkəzdə mühasibat uçotunu aparan və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirən diplomatik nümayəndəliyin maliyyə məsələləri üzrə attaşelərinə Mərkəz tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na uyğun olaraq onların dövlət məvacibindən gəlir vergisi və digər icbari ödənişlər çıxıldıqdan sonra qalan vəsaitə fərqləndirici əmsal tətbiq edilməklə alınan məbləğin 15 (on beş) faizi həcmində aylıq əlavə (müvafiq valyutada) ödəniləcək.
***
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"na dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, siyahıya "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi" (AZCON) publik hüquqi şəxsi əlavə olunub.
Eyni zamanda, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC, "BakuBus" MMC və Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" ASC siyahıdan çıxarılıb.