"İslandiya yığmasına ağır məğlubiyyətdən sonra dünən meydanda daha əzmkar komanda gördük". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin sabiq məşqçisi yığmamızın DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdiyi oyunla bağlı fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis bildirib ki, Ukrayna millisi güclü rəqibdir, qrupda 1-2-ci yerlər uğrunda mübarizə aparır: "Ona görə bu görüşdə yaxşı oyundan daha çox nəticə qazanmaq vacib idi ki, bunu bacardıq. Ərazi üstünlüyü rəqibdə olsa da, yığmamız düzgün müdafiə olunaraq boşluq vermirdi. Ayxan Abbasovun qısa müddətdə futbolçuları psixoloji cəhətdən oyuna hazır etməyi bacardı. Komanda oyuna yaxşı köklənmişdi və verilən tapşırıqları yerinə yetirirdilər. İslandiya millisi ilə matçdan sonra AFFA rəhbərliyi düzgün addım ataraq tez bir zamanda qərar verdi. Fernandu Santuş göndərildi, müvəqqəti olsa da, post Ayxan Abbasova tapşırıldı. Kollektivdə ab-havanı dəyişə bildilər. Bəlkə də belə olmasaydı, növbəti fiaskonu yaşaya bilərdik. Yerli məşqçilərimiz futbolçularda ruh yüksəkliyini qaldırmağı daha yaxşı bacarır. Bu, millidə ən vacib amillərdən biridir. Ustalıq səviyyəsi baxımından rəqibdən geri qalsaq da, əzmkarlıq hesabına dünən aktivimizə xal yazdıra bildik. Qazanılan bir xala görə təbrik düşür".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan - Ukrayna oyunu 1:1 hesabı ilə yekunlaşıb.
İdman.biz