AZ

Onun 30 40 villası, şəxsi təyyarəsi var, Alim Qasımovun evi olmasın?

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

İltifat Hacıxanoğlu

Son günlər sənətinin qüdrətinə həsrətlə baxan bəzi “ağzıgöyçəklər” yenə də dünya şöhrətli xanəndəmiz, muğamın şahı Alim Qasımovun haqqında boşboğazlıq ediblər.

O Alim Qasımovun ki, səsi ilə dağların ürəyini titrədib, çayların sularını sakitləşdirib, insan qəlblərində həm qürur, həm də hüzur yaradıb. Onun ifasında muğam bir nağıl kimi axır – “Segah” bir yaponun meditasiyasına, “Rast” bir amerikalının ruhuna sirayət edir, “Şur” isə Avropanın qədim kilsələrində göz yaşları doğurur.

1999-cu ildə “UNESCO-nun Beynəlxalq Musiqi Mükafatı”na layiq görülməsi onun musiqi dünyasında qazandığı nüfuzu bir daha təsdiqləyir.

2000-ci ildə “Love’s Deep Ocean” albomu Avropa Dünya Musiqi Xəritəsində 9-cu pilləyə qalxıb və 47 Avropa ölkəsinin radiolarında səslənib. Eyni ildə Alim Qasımov Avropa Nadir Səslər Assambleyasının üzvü seçilib.

2009-cu ildə isə ABŞ-ın Corctaun Universiteti və İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında dörd azərbaycanlıdan biri olub.

Sabah, birisi gün 50 il olacaq ki, Alim Qasımov sənət meydanındadır. Yarım əsrdir ki, o, Azərbaycanın ən elitar məclislərində, dövlət tədbirlərində, musiqi festivallarında daim arzulanan və tələb olunan xanəndədir.

Bütün bu uğurlara rəğmən, son günlərdə sosial şəbəkələrdə dolaşan bir xəbər cəmiyyətdə təəccüb doğurdu: guya Alim Qasımov 5 milyon manatlıq villasını satışa çıxarıb. Xəbər sürətlə yayıldı, lakin sənətkar özü dərhal cavab verdi:

“Evin qiyməti o qədər deyil, böyüdüblər. İndi biz həmin evdə yaşayırıq. Qızım da bizimlə qalır. Belə olan halda evi niyə sataq?”

Bu cavab hər şeyi açıqlayırdı. Amma təəssüf ki, hətta bu səmimi açıqlamadan da yalan xəbərlər düzəldilib yaymağa çalışıldı. Bu, açıq-aşkar qarayaxma kampaniyasıdır. Məqsəd böyük sənətkarı gözdən salmaqdır. Amma belə cəhdlər boşa çıxacaq.

Həmin ev təxminən 20 il əvvəl dostlarının köməyi ilə tikilib. Mən böyük sənətkarı yaxından tanıdığım üçün bilirəm ki, bu ev onun 60 illiyinə hədiyyə kimi ərsəyə gəlib. Bir dostu torpağı alıb, başqası sement və daşları təmin edib, digəri isə ustaları təşkil edib. Hər daşında dostluğun, hörmətin izi var. Bu ev, sənətkara verilən dəyərin və milli mədəniyyətin simvoludur.

Dünya miqyasında olan sənətkarların imkanlarına baxaq: məsələn, İbrahim Tatlısəsin 30–40 villası, apartamenti, hətta şəxsi təyyarəsi var. Amma heç kim bunu qınaq mövzusuna çevirmir. Bəs niyə Alim Qasımov kimi sənətkarın evinə həsəd aparılır? Niyə onun adına əsassız söz-söhbətlər qoşulur?

Alim Qasımovun qazandıqları yalnız onun şəxsi uğuru deyil, həm də xalqımızın qürurudur. Onun hər çıxışı Azərbaycanı dünyada təmsil edib, hər albomu ölkəmizin adını ucaldıb. Onun səsi yalnız notlardan ibarət deyil – o, Azərbaycan ruhunun nəfəsidir, xalqın tarixinin əksidir.

Bütün qarayaxma cəhdlərinə baxmayaraq, Alim Qasımovun muğamı yüz illər boyu səslənəcək. Çünki o, yalnız bir xanəndə deyil – həm də Azərbaycan mədəniyyətinin ölməz səsidir. Onun haqqında yayılan əsassız xəbərlər bir gün unudulacaq, amma onun səsi heç vaxt susmayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
www.bakupost.az

2Mənbələr