Fernandu Santuşun gedişindən sonra millimizin daha yaxşı səviyyəyə çata biləcəyini düşünürəm.
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov deyib.
Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçi postundan göndərilməsinə münasibət bildirən mütəxəssis bu addımın yığmanın inkişafı üçün vacib olduğunu söyləyib: “Santuşun dönəmində komandamız yalnız bəzi oyunların müəyyən hissələrində yaxşı çıxış edə bilirdi. Amma ümumi nəticələr çox zəif oldu, hər keçən gün yığma daha da gerilədi. Onun gedişindən sonra komandamızın daha yaxşı səviyyəyə çata biləcəyini düşünürəm. Hazırda millinin, müvəqqəti olaraq, Ayxan Abbasova tapşırılması düzgün qərardır. Ümumiyyətlə, yığmaya yerli mütəxəssisin başçılıq etməsi daha məqsədəuyğundur. Lakin mövzuya peşəkar yanaşdıqda görürük ki, baş məşqçinin, sadəcə, taktiki savadı və məşqkeçmə bacarığı kifayət etmir. Daha vacib məqam futbolçularla düzgün kommunikasiya qurmaq, onlara inamı aşılamaq və motivasiyanı yüksək səviyyədə saxlamaqdır. Futbolçunun baş məşqçiyə inanması yığmanın uğurunda həlledici faktordur”.
Aslan Kərimovun sözlərinə görə, bu baxımdan üstünlük əsasən yerli mütəxəssislərə verilməlidir: “Yerli məşqçilər oyunçularla daha sıx ünsiyyət qurur, onların psixologiyasını yaxşı bilir. Amma bu, əcnəbi məşqçinin belə bir işin öhdəsindən gələ bilməyəcəyi demək deyil. Məsələn, Robert Prosineçkinin yığmada çalışdığı dönəm hər zaman xoş xatırlanır. O, futbolçularla yaxşı münasibət qurmuşdu, onlarda özünəinam yaratmağı bacarmışdı. Hətta həmin illər komandamızın ən yaxşı dövrlərindən biri kimi yadda qaldı. Qurban Qurbanovun qısamüddətli fəaliyyəti zamanı da bu keyfiyyətlər hiss olunurdu. Sadəcə, vaxt az olduğu üçün tam şəkildə reallaşmadı. Buna görə də düşünürəm ki, millinin baş məşqçisinin ilk növbədə futbolçularla kommunikasiyası ən yüksək səviyyədə olmalıdır”.
İdman.biz