AZ

“IOSC LTD” Çindən gətirdiyi məhsulları bəyan etmədi - Bu mallar müsadirə ediləcək

“IOSC LTD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkəyə idxal edilən malları gömrükdə düzgün bəyan etmədiyinə görə cərimələnib.

Musavat.com xəbər verir ki, QSC Çindən mal sifariş edən zaman gömrükdə bəyan etmə vaxtı yanlışlığa yol verib.

Şirkət sifariş etdiyi məhsullar arasında olan metal qoruyucu burun altlıqlı ayaqqabıların sayını 1300 cüt bəyan edib. Lakin baxış zamanı bu sayın 2080 cüt olduğu aşkar edilib. Həmçinin 8000 ədəd N95 qoruyucu maskanın da bəyan olunmadığı aşkarlanıb.

Buna görə də Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi QSC-nin İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbehin tətbiq edilməsi barədə qərar qəbul edib.

QSC tərəfindən məhkəməyə bildirilib ki, məhsulları sifariş etdikləri Çin şirkəti sayda yanlışlıq edərək məhsulları əlavə göndərib. Buna görə bəyan edilən məhsullarla Çindən gətirilən məhsullar arasında fərq olub. Səbail Rayon Məhkəməsi bu izahı da əsas tutaraq qərarı ləğv edib.

Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi apellyasiya şikayəti verərək QSC-nin qeyd edilən inzibati xətanı törətməsinə görə cəzalandırılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsi Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin şikayətini təmin edib və QSC qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinib. Həmçinin bəyan edilməyən məhsulların müsadirə edilməsi barədə qərar çıxarılıb.

İ.Muradov
Musavat.com

Seçilən
51
musavat.com

1Mənbələr