"Şəfa"nın baş məşqçisi Elgiz Kərəmlinin Sportal.az-a müsahibəsi
- İki gündən sonra artıq yeni mövsümdə ilk oyununuza çıxacaqsınız. Komandanı mövsümə 100 faiz hazır hesab etmək olar?
- Çempionata kimi komandanı 100 faiz hazır etmək çətindir. Çünki liqa oyunları daha sürətli və gərgin keçir. Futbolçular 3-4 turdan sonra fiziki və psixoloji cəhətdən maksimum hazır ola bilirlər.
- Mövsümöncəsi sizi daha çox düşündürən və narahat edən məqam hansıdır?
- Yoxlama oyunlarında çoxsaylı qol epizodları yaradırdıq. Lakin onlardan çox az istifadə etməyimiz, az qol vurmağımız məni narahat edən məqamdır.
- Maraqlıdır ki, komandaya legioner transferi yalnız İran vətəndaşı olan, amma əslən Azərbaycandan Əmir İbrahimzadədir. Maraqlıdır, legionersiz çətin olmayacaqki? Çünki əsas rəqibiniz sayılan "Səbail"də legioner transferləri var..
- Klub məni dəvət edəndə,əvvəlcədən bildirmişdi ki, legioner transferi etməyəcəyik. Klubun strategiyası yalnız azərbaycanlı futbolçularla oynayıb, inkişaf əldə etməkdir.
Mənə üçün də xoş olduğu üçün qəbul etdim. Əvvəlcədən şərtləri qəbul etdikdən sonra nəyisə bəhanə etmək mənə görə düzgün deyil. Mən özüm şəxsən rəhbərliyə bildirmişəm ki, Premyer Liqaya vəsiqə qazandıqdan sonra da legioner transferi istəmirəm.
- Necə düşünürsüz, "Şəfa"nın əsas rəqibi hansı komanda olacaq çempionluq mübarizəsində?
- I Liqa hər il ötən illərə nisbətən daha da çox çətinləşir. Bu il komandaların heyətlərində daha çox Premyer Liqada oynamış futbolçular olacaq. Əsas rəqiblər “Mingəçevir”, “Səbail” MOİK və son günlərdə transfer bazarında aktivləşən, heyətini kifayət qədər gücləndirən “Zaqatala”nı görürəm. “Baku Sportinq” də heyətini I Liqa təcrübəsi olan futbolçulardan qurub. Digər komandalar da çox əzmkar futbolçulardan təşkil edilib, heç bir oyun asan keçməyəcək. Görünən odur ki, çempionatda bütün görüşlərin gərgin keçəcək.
- “Şəfa”nın çempionluğa əsas namizəd göstərilməsi üzərinizdə təzyiq yaratmırki? Komanda təzyiqlərə də hazırdır, psixoloji sarıdan?
- Çempionluq hər oyuna qələbə qazanmaq adı ilə çıxmaq istəyən hər bir komanda üçün əlavə gərginlik yaradır. Lakin futbolçularımızın yetərincə yetərincə təcrübəsi var və bu barədə narahatlığım yoxdur.
- U-21 yığmasında oyunçunuz Nahid Əliyev forma geyinir. Onun Portuqaliya və Bolqarıstanla matçdakı performansı futbol ictimaiyyəti tərəfindən bəyənildi. Yəqin ki, özünüz də oyunu izlədiz..
- Bəli, əlbəttə ki, oyunu izləmişəm. Oyundan sonra da Nahidlə danışıb, ona dəstəyimizi bildirmişik. Yeni yaranmış klub üçün milliyə oyunçu vermək böyük uğurdur. Bolqarıstanla görüşdə də oynadı. Düşərgəmizə qoşulub. O, bizim üçün vacib futbolçudur.
İdman.biz