AZ

Aeroportdan şəhərə taksi sifarişi ilə bağlı "Bolt" dan AÇIQLAMA

Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində taksi xidmətləri yalnız müasir tələblərə cavab verən və qanunvericiliyə tam uyğunlaşdırılmış yeni avtomobillərlə həyata keçiriləcək.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq "Bolt"dan məlumat verilib. 

Bildirilib ki, bu məqsədlə Bolt tətbiqində hava limanına aid ayrıca sifariş kateqoriyası istifadəyə verilib. Aeroportdan sifariş edən sərnişinlərə rahat və komfortlu maşınlarla, həmçinin xarici dil bilən sürücülərin iştirakı ilə yüksək səviyyədə xidmət göstəriləcək.

Fəaliyyətə yalnız texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarına daxil olan avtomobillər və sürücülər buraxılacaq.

Şirkətdən qeyd edilib ki, şəhərdən hava limanı istiqamətində taksi sifarişinə hər hansı məhdudiyyət tətbiq edilmir.

Xatırladaq ki, bir müddət əvvəl kütləvi informasiya vasitələrində sentyabrın 8-dən taksi şirkətlərinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının mərkəzi hissələri istiqamətində olan sifarişləri qəbul edə bilməyəcəkləri ilə bağlı məlumatlar yayılıb. 

Sözügedən məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun yaydığı açıqlamada da bildirilib ki, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Aqil Qarayev

Seçilən
58
1
news24.az

2Mənbələr