Pediatr: “Telefonu kənara qoyub hərəkət etsinlər”
Dünyada ilk dəfə olaraq piylənmədən əziyyət çəkən uşaqların sayı çəkisi az olan uşaqları geridə qoyub. BMT-nin Uşaq Fondu – UNICEF-in açıqladığı son hesabatda bildirilir ki, artıq çəki və obez uşaqlar arasında sürətlə yayılaraq qlobal miqyasda ciddi təhlükəyə çevrilib. Rəqəmlərə görə, 5–19 yaş arası təxminən 188 milyon uşaq obezdir ki, bu da hər on uşaqdan birinə bərabərdir.
Ümumilikdə isə artıq çəkidən əziyyət çəkən uşaqların sayı 391 milyona çataraq hər beş uşaqdan birini əhatə edir.
Son dövrlər uşaqlarda artıq çəki getdikcə daha ciddi sağlamlıq probleminə çevrilir. Məsələ yalnız görünüşlə məhdudlaşmır, bu, həm də müxtəlif xəstəliklərin yaranmasına zəmin yaradır.
Mütəxəssislər qeyd edir ki, artıq çəkili uşaqlarda II tip şəkərli diabet riski xeyli artır, çünki orqanizm insulini qəbul etməkdə çətinlik çəkir və qanda şəkərin səviyyəsi normadan yuxarı qalır. Bununla yanaşı, ürək və damar sistemi də zərbə alır. Qan təzyiqinin yüksəlməsi, xolesterinin artması və damarların tıxanması nəticəsində gələcəkdə ağır ürək-damar xəstəlikləri yarana bilər.
Piylənmə qaraciyərdə də fəsad törədir. Qaraciyərin piylənməsi, yağlanma və funksional pozğunluqlar erkən yaşdan uşaqların sağlamlığını risk altına salır. Artıq çəki sümük-oynaq sisteminə də yük salaraq bel və diz ağrılarına, qamət pozğunluqlarına səbəb olur. Digər təhlükəli nəticələrdən biri yuxu apnesidir. Uşaqlar yuxuda nəfəs darlığı keçirir, bu isə onların həm fiziki, həm də zehni inkişafına mənfi təsir göstərir.
Hormonal sistem də artıq çəkinin təsirindən zərər görür.
Bəs valideynlər nələrə diqqət etməlidir? Uşaqlar hansı qidalardan uzaq durmalıdırlar?
Pediatr Gülşən Əliyeva mövzu ilə bağlı belə şərh verib:
“Müasir dövrün əsas problemlərindən biridir. Artıq çəkili uşaqların sayı ildən-ilə artır. Burada bir neçə faktor var. Birinci faktor oturaq həyat tərzidir. Yəni uşaqlarımız çox az hərəkət edirlər, daha çox oturaraq vaxt keçirirlər. Bu həm də dərs yükü ilə əlaqədardır. Uşaqların dərsləri çox olur, onlar yüklənirlər. Az hərəkət etmələri də öz növbəsində artıq çəkinin yığılmasına gətirib çıxarır. Uşaqlar televizor qarşısında, əsasən də telefonla çox vaxt keçirirlər. Bu da onların fiziki aktivliyini azaldır və nəticədə artıq çəki problemi yaranır.
İkinci faktor isə qidalanmadır. Uşaqların daha çox fast-food yeməsi, karbohidrat mənşəli qidalardan istifadə etməsi, gün ərzində lazım olduğundan artıq qidalanması onların çəkisinin artmasına səbəb olur”.
Həkim valideynlərin diqqət etməli olduğu məsələyə toxunub:
“İlk öncə uşaqlar mütləq şəkildə hər gün oyunlarla, sonra isə idmanla məşğul olmalıdırlar. Hərəkətliliyi təmin eləmək lazımdır. Axşam saatlarında yemək məsləhət deyil və hərəkətliliyi artırmalıdırlar. Bunlara riayət olunsa, düşünürəm ki, obezin faiz dərəcəsi xeyli aşağı düşər və artıq çəki problemi olmaz. Karbohidrat mənşəli qidaları rasionda azaltmaq lazımdır. Axşam saatlarında yeməyi azaltmaq, qidalanmada daha çox protein tərkibli ət məhsulları, yumurta, süd məhsulları, tərəvəzlər və meyvələrə üstünlük vermək vacibdir. Yəni orqanik qidaları seçmək lazımdır və rejimli şəkildə qidalanmaq mütləqdir”.Musavat.com