AZ

MƏRC HƏVƏSKARLARI NECƏ TORA DÜŞÜR? - "Misli" misli görünməmiş saxtakarlığa "məsuliyyət daşımırıq" cavabı verir, qanun və hüquqşünas isə...

Hüquqşünas: Əgər Misli.az platforması doğrudan da oyunun real nəticəsini təhrif edərək başqa cür göstəribsə, müqavilə maddələrinin arxasına gizlənməklə məsuliyyətdən azad ola bilməz...

Poliqon xəbər verir ki, “Misli”nin onlayn mərc platformasında mərc həvəskarlarını aldatmaq, onları daha çox pulu mərcə qoymağa sövq eləmək üçün futbol matçlarının onlayn matç hesabları bilərəkdən saxtalaşdırır və mərc həvəskarlarına səhv məlumatlar veririr.

Misal üçün Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla 5-0 məğlub olub. Bu oyunda Azərbaycan heç bir qol vurmayıb. Hətta sayılmayan qol belə olmayıb. Lakin “Misli”nin onlayn mərc platformasında komandalar arasında hesab ikinci hissədə 2-1 göstərilib.

Mərc həvəskarları hesab edirlər ki, bilərəkdən "Misli" onları çaşdırır və mərcə daha çox pul qoymağı sövq edir. Mərc həvəskarları bildirir ki, belə hallar həmişə təkraralanır.

Sorğumuza cavab olaraq “Misli”dən bildirdilər ki, platforma belə hallara görə məsuliyyət daşımır:

“Misli.az veb-saytı idman mərc və lotereya oyunlarını beynəlxalq standartlara uyğun öz müştərilərinə təklif edən platformadır. Oyunlarla bağlı statistik məlumatlar Misli.az tərəfindən deyil, bu sahədə ixtisaslaşmış xarici təchizatçı tərəfindən təmin edilir. Bu məlumatda səhvlər və ya gecikmə halları aşkar edildikdə adətən bir neçə dəqiqə ərzində xarici təchizatçı tərəfindən aradan qaldırılır.

Misli.az-ın oyun iştirakçılarını hər hansı mərc seçimlərinə məcbur etmək kimi niyyəti yoxdur. Oyun iştirakçıları ilə bağlanan müqavilənin 11.3-cü maddəsində də qeyd edildiyi kimi, Misli.az tərəfindən verilən nümunə, kupon və mərc seçimi təklifi, yazı və s. kimi təqdim edilən əlavə xidmətlər yalnız xidmətlərin izahı üçün nəzərdə tutulub və tövsiyə xarakteri daşıyır. Misli.az bu nümunə, yazı və digər əlavə xidmətlərə görə hər hansı bir məsuliyyət daşımır.

Həmin müqavilənin 10.5-ci maddəsində də qeyd edilir ki, Misli.az oyun seçimini asanlaşdırmaq üçün müxtəlif təkliflər, o cümlədən mərc seçimi təklifləri və ya statistik məlumatlar verə bilər. Lakin təkliflərin seçilməsinə görə ancaq İştirakçı məsuliyyət daşıyır.

Mərc edilən zaman açılan dialoq pəncərəsində də Misli.az-ın əks etdirilən statistik məlumatlara görə məsuliyyət daşımadığı qeyd edilir”, deyə sorğumuza aldığımız cavabda bildirilir.

Maddə 10.5. Misli.az oyun seçimini asanlaşdırmaq üçün müxtəlif təkliflər, o cümlədən mərc seçimi təklifləri və ya statistik məlumatlar verə bilər. Lakin təkliflərin seçilməsinə görə ancaq İştirakçı məsuliyyət daşıyır.

Maddə 11.3. Misli.az tərəfindən verilən nümunə, kupon və mərc seçimi təklifi, yazı və s. kimi təqdim edilən əlavə xidmətlər yalnız xidmətlərin izahı üçün nəzərdə tutulmuşdur və tövsiyə xarakteri daşıyır. Misli.az bu nümunə, yazı və digər əlavə xidmətlərə görə hər hansı bir məsuliyyət daşımır və İştirakçı bununla bağlı Misli.aza qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.

Qeyd edək ki, burda söhbət heç də kupon və mərc seçimi təklifi ilə bağlı tövsiyyələrdən, əlavə xidmətlərdən getmir. Söhbət Misli.az-ın rəsmi səhifəsində insanların bilərəkdən aldadılmasından, onlara yanlış məlumat verilməsindən gedir ki, bu da Misli.az-ın qanunları bilərəkdən, düşünülmüş şəkildə pozduğunu göstərir və təbii ki, bununla bağlı Misli.az hüquqi və mənəvi məsuliyyət daşıyır. Yəni aldığımız cavabda Misli.az növbəti dəfə bizi də yanıltmağa cəhd edib...

Misli.az-ın cavabının hquqi tərəflərin araşdırmaq üçün Poliqon-un əməkdaşı hüquqşünas Ellada Bayramovaya müraciət edib.

Hüquqşünas bildirib ki, onlayn mərc və qumar tipli platformalarda istifadəçilərə təqdim olunan “razıyam” tipli müqavilələr hüquqda “elektron müqavilə” və ya “oferta-aksept əsasında bağlanan müqavilə” hesab olunur. Azərbaycan Respublikasının qanunvericiliyinə görə müqavilə şifahi, yazılı və ya elektron formada bağlana bilər və Mülki Məcəllənin406.1 maddəsinə görə elektron üsulla göndərilən təklif və cavab da müqavilənin bağlanmasına gətirib çıxarır.

Lakin müqavilə azadlığı və onun sərhədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə tərəflər müqavilə şərtlərini azad müəyyən edə bilirlər (maddə 390). Lakin bu azadlıq ictimai qaydaya, qanunlara və dürüstlük prinsiplərinə zidd ola bilməz. Yəni, heç bir müqavilə şərti istehlakçının aldanmasına, yanıdılmasına haqq qazandıra bilməz.

Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən istehlakçıya yanlış və ya aldadıcı məlumat verilməsi qadağandır və bu halda “Misli.az” platforması məhsul və ya xidmət barədə düzgün və dürüst məlumat vermək öhdəliyinə malikdir:

Başqa sözlə, heç bir müqavilə şərti bir şirkətə bilərəkdən saxta məlumat vermək və aldatmaq imtiyazı verə bilməz. Bu, aldadıcı kommersiya praktikasına aid edilir və həm Mülki Məcəlləyə, həm də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə qadağandır.

Əgər Misli.az platforması doğrudan da oyunun real nəticəsini təhrif edərək başqa cür göstəribsə, bu müqavilə maddələrinin arxasına gizlənməklə məsuliyyətdən azad ola bilməz.

Misli.az platformasının 10.5 və 11.3-cü maddələri onları yalnız məsləhət xarakterli statistik və təkliflərə görə məsuliyyətdən qismən azad edə bilər. Amma oyunun real hesabını bilərəkdən yanlış göstərmək artıq istehlakçının aldadılmasıdır və bu halda qanun müqavilə maddələrinin üstünlüyünü tanımır. Deməli, Misli.az da belə hallarda məsuliyyətdən yayınmır”, deyə hüquqşünas şərhini yekunlaşdırıb.

Xatırladaq ki, Poliqon hələ 2023-cü ildə Misli.az platformasının mərc həvəskarlarına saxta məlumatlar verərək aldatması barədə məqalə dərc edib. Həmin məqlə ilə aşağıdakı linkdə tanış ola bilərsiz:

https://poliqon.info/topaz-ve-misliden-yeni-hoqqabazliq-%E2%80%93-saxta-neticelerle-insanlari-nece-aldadirlar--532878-xeber.html

Aradan ötən müddətdə Misli.az platforması Azərbaycan qanunlarını bilərəkdən, anlaqlı şəkildə pozmağa və öz müştərilərini aldatmağa davam edir. Bəs bu hal nə qədər davam edəcək?

Poliqon.info

Seçilən
9
3
mia.az

4Mənbələr