AZ

Samuxda yüksək ballı tələbələrlə görüş: gənclərin uğuru təqdir olundu

Samux şəhərində ali məktəblərə yüksək balla qəbul olunan tələbələrlə təntənəli görüş keçirilib. Görüş Heydər Əliyev Mərkəzində baş tutub və tədbirə rayon rəhbərliyi, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri qatılıb.

Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tələbə adını qazanan gəncləri səmimi qəlbdən təbrik edərək, onların bu uğurunun həm ailələri, həm də cəmiyyət üçün böyük qürur mənbəyi olduğunu qeyd edib. O, çıxışı zamanı vurğulayıb ki, müstəqil Azərbaycanın tərəqqisində savadlı və bacarıqlı gənclərin rolu əvəzsizdir.

Firdovsi Əliyev bildirib ki, ölkəmizdə təhsilin inkişafı istiqamətində atılan addımlar, xüsusilə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi təhsil islahatları bu gün öz bəhrəsini verməkdədir. Yeni məktəb binalarının inşası, maddi-texniki bazanın gücləndirilməsi, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.

Tələbə adını qazanan gənclər və onların müəllimləri göstərilən diqqət və yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə Samux Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Bu kimi tədbirlər, gənclərin əzmkarlığının və zəhmətinin təqdir olunması baxımından böyük əhəmiyyət daşıyır və onların gələcək uğurları üçün əlavə motivasiya yaradır.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Seçilən
12
1
xalqqazeti.az

2Mənbələr