AZ

RƏŞAD Kİ DEDİN QƏZİYYƏ MƏLUM

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əsəd CAHANGİR

Ay ötdü, il dolandı, 1964-cü ilin 21 avqustundan nə az, nə çox, düz 50 il keçdi – tanınmış şair, nasir və publisist Rəşad Məcidin 50 yaşı tamam oldu. Və mən - yüzlərlə yubiley görən bir adam ilk dəfə başa düşdüm ki, 50 yaş necə gözəl olurmuş: yaxın-uzaq, qoca-cavan, qələm adamları, siyasətçilər, sənətçilər... səni təbrik edir; qəzet-jurnallar, saytlar, facebook səhifələri səmimi təbriklər, minnətdarlıq və sevgi dolu ürək sözləriylə aşıb-daşır... Hər yerdə də sənin yarım əsrlik ömrünün bu və ya digər anını əks etdirən gülümsər şəkillər... Bir sözlə, sənin ad günün həm də sözün ad gününə, ədəbiyyat bayramına, ümumxalq sevincinə çevrilir! Hətta yaşın gətirdiyi qaçılmaz kədər, gənclik illərinin nostaljisi belə bu sevincin qarşısında duruş gətirə bilmir. Doğrudan da, bundan gözəl nə ola bilər ki?! Hər ad günü, xüsusən də yubiley əslində hesabatdır və Rəşad Məcid hesabat verir, özü də az-azacıq yox, yarım əsrlik hesabat, ömür hesabatı...

Mən Rəşad Məcidin özünü tanımamış sözünü tanımışam. Adamların əlinin yerdən-göydən üzüldüyü, Bakı küçələrinin öz-özüylə danışan adamlarla dolduğu, bu günün özündə də adamda soyuq və qaranlıq assosiasiyası doğuran 90-cıillərin əvvəllərində işıq üzü görən və elə o dövrün ruhuna uyğun qara cildli "Hələ ki vaxt var" adlı ilk şeirlər kitabını nəzərdə tuturam. Amma bu pessimizm təkcə kitabın yox, müəllifin də ruhunun sadəcə cildində idi, onun mahiyyətinə nüfuz edə bilməmişdi. Rəşadın hələ on il öncə - 80-ci illərin əvvəllərinə yazdığı, amma o dövrün sərt qanunlarıüzündən kitab şəklində dərc etdirə bilmədiyi, Dədə Qorqud, Koroğlu, Nəsimi, Füzuli, Xətai, Vazeh, Məmməd Araz, Ramiz Rövşənruhundan süzülüb gələn bu şeirlər quzeyli-güneyli, Kürlü-Arazlı vətənə, təbiətə, insana sevgiylə, işıqla dolu idi. Ədəbiyyatda ilk addımlarını atan gəncin romantik xəyalları, şirin arzuları, kövrək ümidləri, dəlicəsinə inadı, bir sözlə, uçmaq arzusu bu şeirlərdə öz əksini bütün çılpaqlığıyla tapırdı:

Dəymə, ana,

dəymə mənə.

Beləcə

kürəyimi söykəyəm

bu yaşıl çəmənə.

Baba nəfəsi axsın qanıma

bu torpağın istisiylə.

Qarışım bu yaşıl çəmənə.

Beləcə gözlərimi yumub açıb:

dumduru səmanı görüncə,

yamyaşıl meşəni görüncə

qaçıb-qaçıb

o dağ zirvəsindən atılaram.

O an

qanadlanıb uçacağıma

dəli bir ümidim var, anam.

Bu şeirin yazılmasından təxminən 30 il keçir və məlum olur ki, o ümidlər doğrulub, o arzular həyata keçib, o inad öz bəhrəsini verib. Bu gün respublikanın adlı-sanlı publisistlərindən biri kimi tanınan, aktual sosial-siyasi, mənəvi-əxlaqi məsələlərin qaldırıldığı yazılarıyla Azərbaycan jurnalistikasında məktəb yaradan, şeirlərinə mahnılar qoşulan, kəskin problemlərə toxunan "10 sentyabr" hekayəsi ilə ictimai fikri silkələyən məşhur yazar Rəşad Məcid o şeirlərdəki işıqdan, sevgidən, ümiddən, inaddan doğulub.

Amma 20 il il öncə Rəşadın ilk şeirlər kitabı ilə tanış olanda ağlıma da gətirə bilməzdim ki, üstündən aylar-illər keçəcək, mənim üçün hələ sadəcə qara cildli bir kitabdan, ad və soyaddan ibarət bu naməlum gənc neçə ildən bəri çalışdığım Azərbaycan Yazıçılar Birliyində Gənclərlə işüzrə katib təyin olunacaq, mən isə onun baş redaktorluq etdiyi məşhur "525-ci qəzet"in daimi müəlliflərindən biri olacam. Və günlərin bir günü soruşacam: "Rəşad müəllim, axı siz hələ iyirmi il öncə bir debütant kimi uğurlu şeirlərlə çıxış etmisiniz, sonra necə oldu ki, şeirin daşını atdınız? O isə kədərli bir təbəssümlə gülümsəyib heç nə deməyəcək... Onu da bilmirdim ki, istər qəzet redaktoru, istər AYB katibi kimi işinin çoxluğuna və zəngin publisistik fəaliyyətinə baxmayaraq, Rəşad şeirini daşını-fılanını atmayıb. Bir qədər sonra görkəmli şair Ramiz Rövşənin ön sözüylə üzə çıxan "Roman" silsiləsindən olan şeirləri də bunu göstərəcəkdi.

Roman... Az qala hamının, bacaranın da, bacarmayanın da roman yazdığı indiki vaxtda şeir silsiləsinə "Roman" adı vermək müəllifın iradəsindən kənar özü artıq nəsə deyir. İkincisi isə bu silsilədən olan şeirlər doğrudan da bir eşq romanı, bir sevgi hekayətidir. Tanınmış tənqidçi Bəsti Əlibəylinin Rəşad Məcidin "10 sentyabr" kitabına yazdığıön sözdə dediyi kimi, "Rəşad Məcidin... şeirlər silsiləsinin ... "Roman" adlandırılması təsadüfı deyil. Birincisi, ad silsilənin bir eşq romanı olmasını rəmz kimi dolğun ifadə edir. İkinci halda isə "roman" adını müstəqim mənada da qəbul etmək mümkündür. Çünki silsilədəki ayrı-ayrı şeirləri ümumi bir süjet xətti birləşdirir..." Bəsti xanımın dəqiq müşahidəsinə bir nüansı əlavə etmək olar. Sadəcə, bu romanın süjeti hissi xarakter daşıyır. Burda əhvalatlarla yanaşı və onlardan daha çox hisslərin süjeti ifadə olunur. İlk tanışlıqdan tutmuşayrılığa qədər eşqin bütün mərhələləri, sufiyanə dillə desək, halları, məqamları bu süjetdə özünün dolğun əksini tapır. Onların əsas predmeti ürək, yenə də sufıyanə dillə desək, könüldür. Bir sözlə, bu şeirləri poetik kordiologiya, müəllifı isə qələmlə cərrahiyyə işi aparan kordioloqa bənzətmək olar.

Burda bir haşiyə çıxmağa ehtiyac duyuram. Mən Füzulinin nəfəsi toxunmayan şairə bir az şübhəylə yanaşıram. Özü  də Füzuli sözünü sadəcə Məhəmməd Süleyman oğlu Bağdadi mənasında işlətmir, bu təxəllüsə Azərbaycan türkcəsində (və hətta ümumən dünya bədii sözündə!) poetik sözün ən yüksək məqamına yetişmiş şəxslərin ümumiləşdirilmiş obrazı, lap dəqiq desək, elə bu məqamınözü kimi baxıram. Rəşad Məcidə bir şair kimi Füzulinin nəfəsi toxunub. Sadəcə, sufılərimiz ilahi eşqi tərənnüm edirdilər, müasir şair isə dünyəvi eşqi ilahiləşdirir.

Nə üzündən, yanağından,

Nə qara telindən öpdüm.

Mən sənə neylədim axı,

Mən sənin əlindən öpdüm.

Əlindən öpdüm, ölmədim,

Ölmədim öpdüm, bağışla.

Özümdən xəbərsiz oldu,

Bilmədim öpdüm, bağışla.

Azərbaycan poeziyası, Cabbarlının təbiri ilə desək, beş əsrdir ki, Füzuli sözünün sehrli orbitində fırlanır. Poetik fikrimiz hər dəfə yeniləşəndə Füzuliyə qayıdır, gələcəyə getmək üçün keçmişdən impuls alır və hər dəfəsində də şeirimizin yeni mərhələsi yaranır. Hətta lirik Füzuliyə zahirən ən uzaq görünən satirik Sabir də, klassikadan formaca üz çevirən modernist Rəsul Rza da mahiyyətcə dahi şairlə dialoqun vacib mərhələləridir. Poeziyamızda Füzuli ilə son belə mərhələvi dialoqun ən ciddi örnəyi, məncə, Ramiz Rövşənin timsalında üzə çıxır. Rəşad Məcidin yuxarıda sitat çəkdiyim şeirində həm Füzuli, həm də Ramiz Rövşən ənənəsinin təsirini görmək olar – məzmunca birincinin, həm məzmun, həm də formaca ikincinin. Və indi kifayət qədər polemik görünə biləcək bir fıkir irəli sürmək istəyirəm – məncə, müasir poeziyamızda sevgini Rəşad Məcid kimi bütün spektrləri ilə əks etdirən ikinci şair tapmaq çətindir. Və daha dəqiq desək, mövzuya sistematik münasibət baxımından onun analoqu yoxdur.

Sevgi nə qədər fərdidirsə, bir o qədər də ümumbəşəridir. R.Məcidin şeirlərindəki sevgi fərdi yaşantıların ifadəsidir, daha çox onun virtual dünyasını əks etdirir. Publisistik yazıları və hekayələrindəki sevgi isə virtuallıqdan çıxıb vizual xarakter alır, lirizmdən çıxıb epik səciyyə kəsb edir. Onun ən müxtəlif mövzulara həsr etdiyi, kəskin aktual problemlərin qaldırıldığı məqalə və yol qeydlərində sevginin miqyası genişlənir, fərddən millətə, millətdən ümumən insana, dünyaya yönəlır. Biz bir insan və bir millət olaraq kimik, dünya insanının geniş mənzərəsində psixoloji-mental səviyyədə harda dururuq, nədə irəli, nədə geridəyik? R.Məcidin təxminən 30 ili çevrələyən məzmunca aktual, janrca zəngin yaradıcılığının ana sualı, məncə, budur.

Rəşadın hər yazısı bu suala inadkarcasına verilən yeni cavab versiyası, "10 sentyabr" hekayəsi isə bu cavabların yəqin ki ən uğurlusudur. Müstəqillik dövrü Azərbaycan nəsrinin uğurlu (doğurduğu rezonans baxımından isə yəqin ki ən uğurlu!) örnəklərindən olan bu hekayə haqqında yazılanları üst-üstə yığsan, yəqin ki bütöv bir kitab alınar. Odur ki, mən hekayənin geniş təhilinə getmək, hamıya məlum həqiqətləri təkrarlamaq fıkrində deyiləm. Ən maraqlısı adi bir həyat hadisəsindən bəhs edən, realist üslubda yazılan, hər cür forma yeniliyi (və oyunbazlığı!) iddialarından uzaq, həcmcə o qədər də böyük olmayan bu hekayəyə verilən ən fərqli, bəzən hətta zidd yozumlardır. Görəsən, hekayə janrı baxımından elə də kasadlıq çəkmədiyimiz bir vaxtda "10 sentyabr"ın  bu qədər geniş rezonans doğurması, sözün həqiqi mənasında ədəbi hadisəyə çevrilməsinin sirri nədədir? Hekayə haqqında yazan çoxsaylı müəlliflər bu suallara cavab vermirlər. Məncə, bunun səbəbi yazıçının Stendalın təbiri ilə desək, hadisələrə sadəcə güzgü tutması, öz şəxsi və milli münasibətini sıfıra endirə bilməsi, bir sözlə, mətnin içində əriyib yoxa çıxmasındadır. Rolan Bart bunu "müəllifın ölümü" adlandırırdı. Azərbaycanlının da, amerikalının da özünəməxsus üstünlükləri və çatışmazlıqları var. Sovet dövrünün də, müstəqillik dönəminin də öz povitiv və neqativ yönləri var. Həyata real baxışın da, ekstarsensor nəzərin də öz həqiqəti var. Bunlar bir-birini yalnız zahirən inkar edir, mahiyyətcə isə tamamlayırlar. Və nə qədər ki, fakta bir-birinə qarşı duran bu tərəflərədən hər hansı birindən baxacağıq, gəldiyimiz nəticə həmişə yarımçıq, tapdığımız həqiqət həmişə nisbi olacaq. Əsl həqiqət isə bu nisbi həqiqət oxlarının kəsişdiyi sıfır nöqtəsində - gözəgörünməz bir yerdədir. O, həm var, həm də yoxdur, kiməsə görünür, kiməsə yox. On sentyabrdan sonra on bir sentyabrın gəldiyini hamı bilir, amma on bir sentyabr olayının arxasmda on sentyabr olayının durduğunu hamı görmür. Dünyanın o başında ən qlobal faciənin sirri dünyanın bu başmda baş verən bəlkə də ən "önəmsiz" məişət olayı ilə bağlı ola bilər. On bir sentyabr on sentyabrın görünən, on sentyabr isə on bir sentyabrın görünməyən tərəfıdir. Onu görmək üçün sadəcə yazıçı olmaq kifayət eləmir, bir az da görücü olmaq lazım gəlir. Bu, bəlkə də belədir, bəlkə də yox... Və heç bir sualın qəti, birmənalı cavabı yoxdur. Ən əzabverici məqam da elə bucavabsızlıqda, situasiyadan çıxış yolunun qatı bir sirr haləsinə bürünməsindədir.

Məncə, hekayəyə verilən eyni dərəcədə maraqlı, oxşar, fərqli, bir sözlə çoxsaylı yozumların sirri müəllifin balaca bir həyat hadisəsi vasitəsiylə girə bildiyi sirr qatında, üstəlik də, bu sirri axıracan açmaq iddiasından, son instansiya rolu oynamaq cəhdindən, məsələyə nöqtə qoymaq arzusundan uzaq olmasındadır. Çünki ağlımızın, məntiqimizin imkanları hüdudsuz deyil. Və bu üzdən hadisələrə sadəcə ağlın, məntiqin yox, bir az da qəlbin, könlün, eşqin gözüylə baxmaq lazımdır. Müsəlmansa gəl, xaçpərəstsənsə gəl, bütpərəstsənsə gəl, hətta kafirsənsə belə gəl deyən böyük aşiq Cəlaləddin Rumi kimi. Amerikansansa gəl, azərbaycanlısansa gəl, Sovet adamısansa gəl, müstəqillik dövrünün adamısansa gəl, materialistsənsə gəl, mistiksənsə gəl deyir Rəşad Məcid. Gəl, oturub düşünək, görək bu sentyabr problemindən çıxış yolu nədədir?

Həm "525-ci qəzet"in baş redaktoru, həm də Azərbaycan Yazıçılar Birliyinin katibi kimi rəhbər vəzifələrdə çalışmasına baxmayaraq, Rəşad Məcid ilk öncə bir şair, bir ürək adamı, sözün həm adi, həm də sufiyanə mənasında bir eşq adamıdır. Rəşad ki dedin qəziyyə məlum! Tanınmış şair Elxan Zal Qaraxanlının dediyi kimi, "Rəşad Məcid sadəcə şeir yazmır, şairlik onun mahiyyətindədir". Və mən bunu elə belə, gəlişigözəl söz, yubiley komplimenti kimi demirəm. Çünki bir yerdə işlədiyimiz on il müddətində bu fikrimi təsdiqləyən onlarla hadisənin şahidi olmuşam.

O, özünü göstərməyi sevməyən, elədiyi yaxşılığı nümayiş etdirməkdən uzaq adamdır. Bu da təbiidir - adlı-sanlı nəsildəndir, sözün həqiqi mənasında kübardır, seyid nəvəsidir, Ağcabədi tərəfdə evi az qala ziyarətgah sayılan Müseyib kişinin oğludur. Necə deyərlər sağ əlin elədiyini, sol əl bilməməlidir prinsipiylə yaşayır. Bu kübarlığın ümumi işə ziyanı olduğu kimi, xeyri də olur. İnsanı bir az gec tanıyırsan, amma birdəfəlik tanıyırsan. Təkcə mən yox, çoxlarımız 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyinin katibi təyin edilən Rəşadı bu üzdən zamanla tanıdıq...

Yadımdadır ki, onun Azərbaycan Yazıçılar Birliyinin Gənclər katibi təyin edilməsi ilk baxışdan çoxlarına (eləcə də mənə) bir az qəribə təyinat təsiri bağışlamışdı. Niyə axı məhz Rəşad? Üstəlik də, böyük bir qəzetin baş redaktoru kimi iş-güc sahibidirsə? Anar müəllim o dövrün gənc yazarları olan bizlərlə bu mövzuda söhbət elədi, bu təyinatın səbəblərini açıqladı. Amma ən yaxşı izahat vaxta, zamana tabedir. İllər keçdi və hamı kimi mən də Anar müəllimin bu təyinatda nə qədər haqlı olduğunu ürəyimdə təsdiqlədim. İndi sadəcə öz daxili etiraflarımı sizinlə bölüşürəm.

Rəşad müəllim katib kimi işə başladığı ilk vaxtlar bizim onunla münasibətlərimiz o qədər də yaxın deyildi, hətta bir az rəsmi xarakter daşıyırdı. Təbiidir ki, bunun günahı onda yox, məndə, mənim adama yovuşmazlığımdaydı.

Bir hadisə hər şeyi dəyişdi.

Olarmı bir az fılosofluq edim, yormaram ki sizi? Həyat faciə janrındadır, çünki axırı ölümlə bitir. Filosoflardan bunu ən dərindən dərk edən Blez Paskal, yazıçılardan ən yaxşı duyan isə Markes olub. Və bu həyat dramının öz ekspozisiyası, düyün nöqtəsi, kuliminasiyası, açılışı və fınalı var. Həyat dramının kuliminasiyası 30-40 yaşa düşür. Hər kəsin həyatında özüylə və cəmiyyətlə öcəşmədən doğan kəskin konfliktlər mərhələsidir bu on il. Kimsə bu mərhələdən keçir, kimsə yox. Və bu mərhələni itkilərsiz keçməkdə bəzən kiminsə problemə xeyirxah müdaxiləsinə ehtiyac olur. Mənim həyatımın o dönəmində belə xeyirxah müdaxiləçi rolunu Rəşad Məcid oynayıb...

Yox, elə güman eləməyin ki, üstündən az qala on il keçəndən sonra köhnə palan içi tökmək, kimisə qınamaq, özümü haqlı, başqalarını haqsız çıxarmaq fıkrindəyəm. Şair demişkən, "Hamı günahkardı dünyada, amma dünyada heç kəsin günahı yoxdur". Məni məsələyə Rəşadın münasibəti maraqlandırır. Niyə o belə mövqe tutdu? Axı o da çoxları kimi daha asan – prokuror, ya hakim rolu oynaya bilərdi. O isə vəkillik elədi.

Çünki vicdanı belə istədi...

Mən o hadisə zamanı özümü hansısa tragikomediyanın baş qəhrəmanı - məsələn, İskəndər kimi hiss edirdim, amma Kefli yox, Kefsiz İskəndər kimi. Bir neçə adam birləşib sənin əleyhinə kompaniya qurur – niyə sözün düzünü deyirsən, niyə yalan yazmırsan, niyə bizi tərifləyib göylərə qaldırmırsan? Niyə bir ay qabaq otaqda öz-özünə mahnı mızıldanmısan? Niyə srağagün pilləkənlə düşəndə mənim ətəyimə toxunmusan? Niyə dünən kafedə elə demisən? Niyə bu gün televizorda belə demisən? Bax, bu dəqiqə niyə gülürsən, niyə ağlamırsan, niyə bizdən üzr istəmirsən? Sən kimsən ki ümumiyyətlə? Olmasan yaxşıdır! Ya bizim çaldığımız havaya oynamalı, bizimlə qarışıb qaynamalı, biz deyəni etməlisən, ya da ədəbiyyatdan getməlisən! Məhkəmə qurulur və əksərən əsassız, bəzən hətta hər cür vicdan ölçülərini aşan, təhqir həddinə gəlib çatan, böhtan xarakterli ittihamlar bir-birini əvəz edir.

"Bəsdir, vicdanınız olsun!" Bayaqdan susub hadisələrin gedişini izləyən Rəşad Məcidin qəfıl etiraz səsi bu vakxanaliyanın üstündə şimşək kimi çaxır!

Bir dəfə Cəlaləddin Rumiyə çatdırırlar ki, müsəlmanlar bir xristian yunan gəncini küfr danışdığı üçün meydanda daş-qalaq etmək istəyirlər. Tələsik hadisə yerinə gələn Mövlana neçə-neçə adamın həyatını xilas edən öz məşhur əbasını gəncin çiyninə atır. Rumi ki dedin qəziyyə məlum... Qəzəblənmiş kütlə az qala müqəddəs sayılan Mövlananın nüfuzu qarşısında geri çəkilir. Və ölümü diri gözlü görüb geri qayıdan gənc bu misilsiz insanlığın müqabilində İslamı qəbul edib, Mövlananın müridləri sırasına daxil olur, fanatik müsəlmanlardan birinə çevrilir.

Rəşad Məcidin yubileyi ərəfəsində yazılan çoxsaylı yazılardan birində mahiyyətcə buna oxşar bir hadisənin təsviri ilə rastlaşdım. Təxminən otuz il əvvəl baş vermiş bu hadisə yubilyarımızın xarakterini açmaq baxımından xüsusi maraq doğurur. Bir nəfər gəncin paltarına od düşür və o, küçənin ortasındaca, hamının gözü qabağında alışıb yanmağa başlayır. Heç kəs alovun təsirindən dəli kimi qışqıraraq ora-bura qaçan gənci tutub saxlaya bilmir. Təsadüfən ordan keçən Rəşad Məcid öz məşhurluğuna görə Mövlananın əbasından geri qalmayan, qiymətdə isə müqayisəedilməz dərəcədə baha olan plaşını çıxararaq gənci qucaqlayır və onu plaşına bükməklə odu söndürür – oğlanın həyatı xilas olur. Məncə, mənə məhkəmə qurulan gün də Rəşad müəllim öz plaşını mənim çiynimə atmışdı. Və gördüyünüz kimi, mən də yunan gənci kimi öz "küfr"ümdən əl çəkmişəm, "müsəlman" olmuşam...

Sonralar aylar, illər keçdikcə, hadisələr bir-birini əvəz etdikcə gördüm ki, Rəşad müəllim öz əbasını təkcə mənim yox, çoxlarının çiyninə atır. Mən bu neçə ildə onu haqqın, həqiqətin vəkili kimi gördüm. İstedadın vəkili, yeniliyin vəkili, düz sözün vəkili... Və bu nadir xüsusiyyəti ilə onu hətta ədəbiyyatımızda bir fenomen hesab edirəm – Rəşad Məcid fenomeni.

Bu fenomenin iki əsas mənbəyini görürəm: birincisi, şübhəsiz ki, onun daşıyıcısı olduğu seyid genindən, Müseyib kişinin ocağından gəlir. İkincisi, Rəşad Məcidin xarakter, şəxsiyyət, zövq və dünyagörüşünün formalaşmasında böyük rolu olan Ramiz Rövşənin pozitiv təsiri ilə əlaqələndirirəm.

Vaxtilə bu sözü görkəmli yazıçımız Ənvər Məmmədxanlı haqqında işlədiblər – Azərbaycan ədəbiyyatının vicdanı. Mən Ramiz Rövşəni Azərbaycan ədəbiyyatının vicdanı hesab edirəm. Onu da bilirəm ki, bu fikrim kiməsə subyektiv görünə bilər. Kimsə bu statusa başqasını layiq görə bilər. Mən belə görürəm. Və bu mənada Ramiz Rövşənin ədəbiyyata verdiyi ən böyük töhfələrdən biri də Rəşad Məciddir.

Mən indiki dövrün ədəbi gənclərinə qibtə edirəm. Axı biz belə şey görməmişik. Görməmişik ki, Gənclər katibi bizə xarici ölkələrdən kitablar alıb gətirsin, yazılarımızı dərc eləsin, kitablarımızı çıxarsın, haqqımızda yazsın, bizi işlə təmin eləsin, bizimlə sadəcə bir katib kimi yox, bir insan kimi, bir qardaş kimi davransın. Bu gün Rəşad Məcidin qayğısı, köməyi ilə imzaları geniş oxucu kütləsinə tanınan neçə-neçə gənc söz adamının adını çəkmək olar. Təəssüf ki, gənclər arasında Rəşad müəllimin qayğısını qiymətləndirənlərlə yanaşı, bunu bacarmayanlar da az olmayıb. Çünki Hacı Zeynalabdin Tağıyev demişkən, yaxşılıq cəzasız qalmır. Amma mən bir dəfə də olsun görməmişəm ki, Rəşad müəllim bu münasibəti şəxsi düşmənçilik müstəvisinə keçirsin, gənclərin yanlışlarına adekvat cavab cəhdində bulunsun. O, həmişə bağışlayıb. Və məncə, bu xüsusiyyəti ilə nəinki özündən cavanlara, hətta bəzən özündən böyüklərə də örnək ola bilər.

Rəşad Məcid bu gün sadəcə Azərbaycan yazarları yox, həm də Azərbaycan ziyalısının sözünü demək, təkcə xalqın istedadlı oğul və qızlarının yox, həm də xalqın özünün vəkili, sözçüsü olmaq səviyyəsinə gəlib çatmış bir qələm adamı, ictimai şəxsdir. Onun hələ on beş-on altı il öncə Ümummilli lider Heydər Əlıyevlə, bir il öncə Respublika Prezidenti İlham Əliyevlə görüşlərdəki çıxışları bunun daha bir göstəricisi, əyani sübutudur. Onun çoxcəhətli fəaliyyəti üçün ümumən səciyyəvi olan birləşdiricilik, körpü salmaq missiyası, konstruktivizm bu çıxışlarda özünün parlaq əksini tapır.

Rəşad Məcidin istər bir naşir, istər yazıçı, istərsə də katib kimi çoxcəhətli fəaliyyətinin bir ana xətti var – ayıran yox, birləşdirən məqamları vurğulamaq! Ortaq nöqtəni tapmaq! Bu istər ədəbi, istərsə də siyasi qarşıdurmalarda ona müstəsna bir mövqe, özünəməxsus imic qazandırıb.Və indi - əsri yarı elədiyi bir yaşda bu mövqenin cəmiyyət, bu imicin Rəşad Məcid üçün önəmi daha böyükdür.

Əziz qardaşımızı anadan olmasının 50 illiyi münasibətilə ürəkdən təbrik edir, ona şəxsi və yaradıcılıq həyatında daha böyük uğurlar arzu edirəm.

Avqust, 2014

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
525.az

1Mənbələr