1-ci Liqanın ilk turunda "Baku Sportinq" "Difai"ni qəbul edəcək. Meydan sahiblərinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb "fədailər"lə matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Düşünürəm ki, yaxşı hazırlıq keçmişik. İstər məşqlərdə, istərsə də yoldaşlıq görüşlərində uşaqların yanaşması yüksək səviyyədə idi. Komandada yaxşı ab-hava var. Hamı səbirsizliklə çempionatın ilk turunda keçirəcəyimiz matçı - "Difai" ilə oyunu gözləyir. "Difai" liqanın yaxşı komandalarından biridir. Rəqibə hörmətlə yanaşırıq. Biz də çalışacağıq ki, yaxşı komandaya qarşı yaxşı oyun keçirək. Bilirsiniz ki, birinci turlar həmişə çox çətin olur. Bu, bütün komandalar üçün keçərlidir. Öz azarkeşlərimiz qarşısında oynayacağıq. "Difai"yə qarşı gözəl oyun göstərib yaxşı nəticə qazanmağa köklənmişik. Əlbəttə ki, məqsədimiz buzovnalı azarkeşləri sevindirməkdir".
Qeyd edək ki, "Baku Sportinq" - "Difai" matçı sentyabrın 13-də, Buzovna qəsəbə stadionunda baş tutacaq. Matçın start fiti 16:30-da səsləndiriləcək.
Nihat