AZ

Türkiyənin kruiz turizmində rekord göstərici

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 2025-ci ilin avqust ayı üzrə səyahət gəmiləri turizm (kruiz turizmi) sektorunun göstəricilərini açıqlayıb. Nazir bildirib ki, yanvar-avqust aylarında sərnişin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4 faiz artaraq 1 milyon 416 min 398 nəfərə çatıb.

“Avqust ayında 357 min 646 sərnişinlə ötən illərin müvafiq ayları üzrə ən yüksək nəticəyə nail olunub”, – deyə Abdulkadir Uraloğlu vurğulayıb.

İlin ən yüksək göstəriciləri avqustda yaşanıb

Nazirliyin Dənizçilik Baş İdarəsi tərəfindən hazırlanan hesabatı şərh edən A.Uraloğlu qeyd edib ki, kruiz turizmində ilin ən yüksək göstəriciləri məhz avqust ayında qeydə alınıb. Bu müddətdə 203 gəmi ilə ilin ən çox səfəri reallaşıb, sərnişin sayı isə rekord həddə çatıb.

Nazir bildirib ki, 2025-ci ilin avqust ayında Türkiyə limanlarına yan alan gəmilərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 15,3 faiz artıb. “Beləliklə, avqust ayı ilin ən çox gəmi qəbul edilən dövrü olub”, – deyə o, diqqətə çatdırıb.

Yanvar-avqust aylarını əhatə edən dövrdə limanlara gələn gəmilərin sayı da 16,6 faiz artaraq 878 olub. Avqust ayında limanlara gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz çoxalaraq 357 min 646 nəfərə çatıb.

“2025-ci ilin yanvar-avqust aylarında ümumi sərnişin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz artaraq 1 milyon 416 min 398 nəfərə çatıb”, – deyə A.Uraloğlu əlavə edib.

Kuşadası limanı liderdir

Nazir qeyd edib ki, avqust ayında Kuşadası limanı 84 gəmi ilə 162 min 316 sərnişin, İstanbul limanları 41 gəmi ilə 109 min 453 sərnişin, Bodrum limanı isə 22 gəmi ilə 27 min 575 sərnişin qəbul edib. Digər limanlara isə 56 gəmi ilə 58 min 302 sərnişin gəlib.

8 aylıq nəticələri də dəyərləndirən A.Uraloğlu deyib: “2025-ci ilin yanvar-avqust aylarında Kuşadası limanı 400 gəmi ilə ən çox gəmi qəbul edən liman olub. Onu 168 gəmi ilə İstanbul limanları, 76 gəmi ilə isə Bodrum limanı izləyib. Sərnişin sayında da sıralama dəyişməyib. Sözügedən dövrdə Kuşadası limanı 679 min 246 sərnişinlə birinci, İstanbul limanları 410 min 577 sərnişinlə ikinci, Bodrum limanı isə 95 min 122 sərnişinlə üçüncü yerdə qərarlaşıb”.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
20
ikisahil.az

1Mənbələr