AZ

Xəzər dənizi beynalxalq gündəlikdə: Digər göllərin taleyini yaşaya bilər

"Xəzər dənizi sürətlə geri çəkilməkdədir. Son 25 il ərzində dənizin səviyyəsi 2 metrdən çox azalıb. Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin məlumatına görə, hər il orta hesabla 10–15 sm azalma müşahidə olunur və bu proses davam edir".

Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.

O bildirib ki, Dənizin ümumi sahəsi 370 min kvadrat kilometrdir:

"Səviyyənin aşağı düşməsi nəticəsində min kilometrlərlə sahil ərazilərində torpaq sahələri üzə çıxıb. Şəhər kənarlarında, xüsusilə tullantıların atıldığı sahillərdə bu proses daha qabarıq müşahidə olunur və nəticədə atmosferdə xoşagəlməz hallar yaranır.

Bu səbəbdən Xəzərin qorunması və digər quruyan dənizlərin, göllərin aqibətini yaşamaması üçün beş Xəzəryanı dövlətin birgə hərəkət etməsi vacibdir. Burada əsas məsuliyyət dənizin səviyyəsini formalaşdıran ölkələrin üzərinə düşür. Ən böyük pay Rusiyanın payına düşür. Xəzərə tökülən çay sularının təxminən 82%-ni Rusiya təmin edir. Daha sonra Kür çayı gəlir (7%), qalan 11%-i isə İran və Türkmənistandan axan kiçik çayların payına düşür".

Ekoloq deyib ki, hazırda Rusiya çaylarının su həcmi azalmaqdadır:

"Bunun əsas səbəbləri iqlim dəyişmələri və təsərrüfat məqsədləri üçün çayların intensiv istifadəsidir. Son illərdə Rusiyada 25-ə yaxın iri su anbarı tikilib və çayların suları həmin anbarlara yönləndirilib. Bu da Xəzərin su balansına ciddi təsir göstərir. Buna görə də Rusiya ilə danışıqlar aparılmalı, su balansının qorunması üçün ortaq mexanizmlər işlənməlidir".

Onun sözlərinə görə, Xəzərin səviyyəsi ilə bağlı məsələlər artıq beynəlxalq müzakirələrin gündəmindədir:

"Sonuncu dəfə bu məsələ COP-29 çərçivəsində Bakıda, beş Xəzəryanı dövlətin iştirakı ilə müzakirə olunub. Orada ümumi razılıq əldə olunub ki, dövlətlər səviyyə ilə bağlı birgə addımlar atsınlar. Lakin sonrakı görüşlər barədə məlumat yoxdur. Azərbaycan və Qazaxıstan müəyyən təşəbbüslər göstərsə də, Rusiya tərəfinin mövqeyi hələlik kifayət qədər konstruktiv görünmür.

1994-cü ildə SSRİ dağıldıqdan sonra Xəzəryanı ölkələr arasında hidrometeoroloji şəraitə nəzarət edən xüsusi komitə yaradılıb. Hazırda da həmin çərçivədə görüşlər keçirilsə də, artan təhlükə fonunda daha təsirli addımlar atılması zəruridir. Bu məsələdə xüsusilə Rusiyanın mövqeyi həlledici rol oynayır".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
7
1
demokrat.az

2Mənbələr