AZ

Azərbaycanlı turistlərin kruiz səyahətlərinə marağı artır

Kruiz gəmilərinə olan maraq son illərdə əhəmiyyətli dərəcədə artıb. Dünyanın bir çox ölkəsində bu növ istirahət populyarlaşıb və turistlər üçün eksklüziv səfər imkanları təqdim edir. Turizm eksperti Ruslan Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, kruiz səyahəti bahalı bir istirahət növüdür. Ekspertin sözlərinə görə, son illərdə Azərbaycan vətəndaşları da müxtəlif marşrutlar üzrə bu səfərlərdə iştirak edir: “Kruiz turizmində məhsul çox spesifik olduğundan, rezervasiya qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Adətən sentyabr, oktyabr və noyabr aylarında növbəti ilin dünya üzrə bütün turizm marşrutları təsdiqlənir və öncədən rezervasiyalar həyata keçirilir. Buradakı riskli tərəf ondan ibarətdir ki, bəzi turizm paketlərində rezervasiyanı yalnız həftə və ya üç gün öncə ləğv etmək mümkündür, lakin kruiz paketlərində qərar ay yarım əvvəl verilməlidir. Hətta bir ay öncə rezervasiya ləğv olunarsa, 100% cərimə tətbiq olunur”. R.Quliyev qeyd edib ki, kayutalar lüks kateqoriyalara ayrılır və bu, qiymətə təsir edir: “Lüminatorlu (pəncərəli) və lüminatorsuz kayutalar var. Bəzi gəmilərdə 3–4 minə yaxın sərnişin olur. Marşrutdan asılı olaraq müxtəlif ölkələrdə müəyyən günlər qeyd edilir, məsələn, Kapitan günü və digər əyləncələr təşkil olunur. Limana yaxınlaşan zaman müxtəlif şəhərlərdə ekskursiyalar və gəzintilər keçirilir, bu müddətdə SPA, fitnes və əlavə xidmətlərdə 50% endirim tətbiq olunur. Əgər marşrut Avropa ölkələrindən keçirsə, mütləq multivizalar lazım olunur. Paketlərdə aviabilet, marşrut üzrə viza xidmətləri, qidalanma və yaşayış daxil edilir. Digər əyləncə sahələri isə bəzən əlavə ödəniş tələb edə bilər. Hər bir halda müştəriyə bütün qiymət siyasəti və paket detalları tam şəkildə təqdim olunur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
24
1
metbuat.az

2Mənbələr