Emin Mahmudov Azərbaycan futbol tarixinə daha bir iz qoyub. O, ötən gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda (1:1) millimizin yeganə qolunun müəllifi olub.
BAKU.WS-in məlumatına görə, bu, Mahmudovun yığmadakı 15-ci qoludur və bununla da o, Qurban Qurbanova məxsus olan 14 qolluq rekordu arxada qoyaraq Azərbaycan millisinin bütün dövrlər üzrə ən məhsuldar futbolçusu adına sahib çıxıb.
Emin Mahmudov 27 aprel 1992-ci ildə Saatlının Krasnoselsk kəndində anadan olub. O, futbolçu karyerasına Rusiyada başlayıb və "Saturn", "Spartak Moskva", "Tom", "Krylya Sovetov", "Mordoviya" kimi klublarda çıxış edib. 2016-cı ildə Portuqaliyanın "Boavişta" klubunda forma geyinən yarımmüdafiəçi, 2017-ci ildən etibarən isə Azərbaycan futbolunun ən köklü klublarından biri olan "Neftçi"nin şərəfini qoruyur.
Millidə ilk oyununu 4 sentyabr 2016-cı ildə San-Marino ilə qarşılaşmada keçirən Mahmudov, uzun müddət qol hesabını aça bilməsə də, 2021-ci ildən etibarən yığmanın əsas qol silahına çevrildi. Xüsusən də 2021-ci ildə 7 qol vuraraq qısa zamanda Azərbaycan millisinin bombardirləri siyahısında ilk "beşliyə" daxil olub.
Onun ən yaddaqalan qollarından biri 2023-cü ilin noyabrında İsveçə vurduğu möhtəşəm qoldur – Mahmudov həmin görüşdə dubla imza atmış və mərkəzdən zərbə ilə millimizi 3:0 hesablı qələbəyə daşıyan tarixi qolunu vurmuşdu.
11 iyun 2024-cü ildə Qazaxıstana vurduğu qolla Qurban Qurbanovun rekordunu təkrarlayan futbolçu, dünən – Ukrayna ilə matçda fərqlənməklə Azərbaycan futbol tarixinə millinin ən məhsuldar oyunçusu kimi adını yazdırdı.
Emin Mahmudovun Azərbaycan millisində vurduğu qollar:
6 sentyabr 2018 – Latviya ilə yoldaşlıq oyunu, Bakı - 1 qol (Azərbaycan – Latviya 1:3)
30 mart 2021 – DÇ-2022 seçmə oyunu, Bakı - 1 qol (Azərbaycan – Serbiya 1:2)
27 may 2021 – Türkiyə ilə yoldaşlıq oyunu, Alanya - 1 qol (Azərbaycan – Türkiyə 1:2)
1 sentyabr 2021 – DÇ-2022 seçmə oyunu, Lüksemburq - 1 qol (Azərbaycan – Lüksemburq 1:2)
4 sentyabr 2021 – DÇ-2022 seçmə oyunu, Dublin - 1 qol (Azərbaycan – İrlandiya 1:1)
12 oktyabr 2021 – DÇ-2022 seçmə oyunu, Belqrad - 1 qol (Azərbaycan – Serbiya 1:3)
14 noyabr 2021 – Qətərlə yoldaşlıq oyunu, Bakı - 2 qol (Azərbaycan – Qətər 2:2)
16 noyabr 2022 – Moldova ilə yoldaşlıq oyunu, Kişinyov - 1 qol (Azərbaycan – Moldova 1:2)
24 mart 2023 – Avro-2024 seçmə oyunu, Linz - 1 qol (Azərbaycan – Avstriya 1:4)
12 sentyabr 2023 – İordaniya ilə yoldaşlıq oyunu, Bakı - 1 qol (Azərbaycan – İordaniya 2:1)
16 noyabr 2023 – Avro-2024 seçmə oyunu, Bakı - 2 qol (Azərbaycan – İsveç 3:0)
11 iyun 2024 – Qazaxıstan ilə yoldaşlıq oyunu, Astana - 1 qol (Azərbaycan – Qazaxıstan 2:3)
9 sentyabr 2025 – DÇ-2026 seçmə oyunu, Bakı - 1 qol (Azərbaycan – Ukrayna 1:1).