AZ

Həsən Ruhanidən Azərbaycan türk millətinə böyük təhqir...


Məcid Cavad Araz: "Bu adamların belə çıxışları əslində Azərbaycana və ümumiyyətlə türk etnosuna nə dərəcədə düşmən olduqlarının açıq ifadəsidir"

Həsən Ruhaninin vaxtilə Azərbaycan türk millətinə qarşı səsləndirdiyi ağır təhqir indi sosial şəbəkədə üzə çıxır.

Belə ki, tanınmış paniranist – fars millətçisi Peyman Arif “X” platformasında paylaşdığı bir açıqlamasında Mənsur Həqiqətpurdan nəql edir ki, birinci Qarabağ müharibəsi zamanı İranın Quzey Azərbaycanı işğal etməsi məsələsi ölkənin Ali Milli Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılıbmış. Yəni 90-cı illərdə İranın Azərbaycanı işğal etmək planı müzakirə edilirmiş. Ruhani bu təklifdə bulunan Həqiqətpura belə deyib: "Bizim İranda filan qədər eşşəyimiz [türk əhali] var, indi səkkiz milyon eşşək [türk əhali] də artırmaq istəmirik".

İndiyə qədər İran rəsmilərindən və mediasından belə təhqirlər çox eşidilib. Ölkənin ən böyük milli kontingentinə qarşı bu cür hörmətsizlik nədən qaynaqlanır? Bu fərdi təşəbbüsdür, yoxsa rejimdən gələn sistemli bir prosesdir?

Baki-xeber.com nəşrinə görə, bu həm İranın siyasi elitasının daxili düşüncə tərzini, həm də fars şovinist dairələrinin türk kimliyinə baxışını çox açıq şəkildə göstərir. Həsən Ruhaninin belə ifadə işlətməsi, əslində bir neçə mühüm kontekstə bağlanır.

Əvvəla, İran siyasi elitasının bir hissəsi, xüsusilə paniranist və fars millətçi təbəqələr türk kimliyini dövlətin bütövlüyünə “təhlükə” kimi görür. Onların nəzərində Azərbaycandakı türklərlə Güney Azərbaycandakı türklərin birləşmə potensialı ölkə üçün parçalanma risqi daşıyır. Buna görə də onlar “say artımı”nı, yəni İran sərhədləri daxilində türk etnosunun güclənməsini strateji risq hesab edirlər.

Digər tərəfdən, İranda türk əhalisinə qarşı çox vaxt aşağılayıcı ifadələrdən istifadə edilir - “eşşək”, “savadsız”, “köçəri” və s. Bu, təəssüf ki, "fars mədəni üstünlüyünü" əsaslandırmaq üçün işlədilən ənənəvi ritorikanın bir hissəsidir.

Bu, siyasi şüuraltında türk etnosunun çoxluğundan qorxunun ifadəsidir

Məqsəd yalnız təhqir yox, həm də “özünü dəyərsiz hiss etdirmək” və türkləri assimilyasiyaya daha meylli vəziyyətə salmaqdır.

Ruhani özü “praqmatik” və “dini dövlətçi” kimi təqdim olunsa da, onun da mənsub olduğu siyasi elitada milli məsələlərdə ortaq mövqe var: dövlətin fars kimliyi üzərində qorunması. Bu baxımdan, onun “eşşək” ifadəsini işlətməsi (əgər doğrudursa), şəxsi mövqedən çox sistemli münasibətin ifadəsi sayılmalıdır.

Digər tərəfdən, İran elitası türk kimliyini birbaşa “təhlükə” ilə eyniləşdirdiyi üçün onu “insan qrupundan aşağı” bir kateqoriyaya salmaq istəyir. Bu, siyasi şüuraltında türk etnosunun çoxluğundan qorxunun ifadəsidir.

Nəticə olaraq qeyd edək ki, belə təhqirlər bir şəxsin emosional yanaşması yox, İran siyasi mədəniyyətində köklənmiş fars-şovinist düşüncəsinin məhsuludur. Bu yanaşma həm paniranist ideologiyadan, həm də türklərin çoxluq təşkil etməsindən qaynaqlanır. Əslində, bu cür aşağılamalar Güney Azərbaycan türklərinin milli özünüdərkini daha da gücləndirir və dövlətin assimilyasiya siyasətinə qarşı müqaviməti artırır.

O qədər də uzaq olmayan keçmişə nəzər saldıqda görürük ki, XX əsrin əvvəllərində Qacarların zəifləməsi və Pəhləvi dövlətinin qurulması ilə yanaşı “paniranizm” adlı ideoloji xətt formalaşıb. Bu ideologiyanın əsas hədəfi İranı vahid fars kimliyi üzərində qurmaq, ölkədəki digər millətlərin (xüsusilə türklərin, kürdlərin, ərəblərin) etnik kimliyini ya inkar, ya da assimilyasiya etmək idi.

Dövlətin əsas şüarı kimi “Hamı iranlıdır, millət yoxdur, yalnız fars dili dövlətin əsasıdır” qəbul edildi.

İran əhalisinin ən azı 30-35%-i türkdür (bəzi qeyri-rəsmi rəqəmlər daha çox göstərir). Bu, fars elitasını narahat edən ən mühüm amildir. İranda Səfəvilərdən Qacarlara qədər İran dövlətlərinin əksəriyyəti türk sülalələri tərəfindən idarə olunub. Paniranist düşüncə bunu “farsın əsarət dövrü” kimi təqdim edir və tarixi revanş hissi daşıyır.

Şimalda müstəqil Azərbaycan Respublikasının mövcudluğu Güney Azərbaycan türkləri üçün “alternativ milli mərkəz”dir. Bu, Tehranın gözündə strateji təhlükədir.

Ona görə də Türk dili rəsmi statusdan məhrum edilib, məktəblərdə və mediada qadağalar tətbiq olunub.

Kino, ədəbiyyat və təhsil vasitəsilə fars kimliyi üstün, türk kimliyi isə “ikinci” kimi təqdim olunur. Güney Azərbaycanın iqtisadi inkişafı bilərəkdən məhdudlaşdırılır, bölgədə milli təşkilatlanmanın qarşısı alınır.

Bu siyasət, əksinə, türklərin milli özünüdərkini gücləndirir. Güney Azərbaycan türkləri son onilliklərdə daha çox mədəni və siyasi haqlar tələb edir. İran daxilində milli məsələ getdikcə daha ciddi parçalanma risqi yaradır.

Ruhaninin (və ya digər fars siyasətçilərinin) türk əhalisinə qarşı işlədiyi təhqirlər təsadüfi deyil. Bu, paniranist ideologiyanın - İranı vahid fars kimliyi üzərində saxlamaq istəyinin nəticəsidir. Amma paradoks ondadır ki, bu siyasət nə qədər sərtləşirsə, bir o qədər də türklərdə milli dirəniş güclənir.

Bizimlə söhbətində İran məsələləri üzrə siyasi şərhçi Məcid Cavad Araz bildirdi ki, Həsən Ruhani 8 il İranın prezidenti olub, İslam rejiminin əvvəlindən bu adam yüksək vəzifələrdə çalışıb: "O, uzun illər İranda Ali Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsini tutub, indi isə "reformist" qanadın öndə gedən simalarından biri sayılır.

Eyni zamanda Ruhaninin fars milliyətçiliyi və İran-sərqçilik məfkurəsi çox güclü olub. Bu adam hər zaman Azərbaycan türklərinə qarşı olub və kürd-terror qruplaşmalarını dəstəkləyən tipdir.

Bu günlərdə fars millətçisi Peyman Arif bu məsələni "X" sosial şəbəkəsində yayıb və oradan da mediaya ayaq açıb. Əslində rejimin başında duran adamlardan - Əli Əkbər Vilayətidən, Qasim Süleymanidən, Cavad Zərifdən və s.-lərindən belə təhqirləri biz çox eşitmişik. Yəni bunlar ümumiyyətlə fars millətçiliyi duyğuları ilə Güney və Quzey Azərbaycanı işğalçı və düşmən sifətində görüblər. Bunu da vaxtaşırı olaraq mediada və siyasi kluarlarında dilə gətiriblər. Buradan da o ifadələr mediaya yansıyıb. Bu söz olaraq da qalmır, birinci Qarabağ savaşindan tutmuş, ta ikinci Qarabağ savaşına, Zəngəzur dəhlizi məsələsinə qədər görürük ki, bunların fəaliyyəti eyni zəhniyyətin əsasında davam edir. Güney Azərbaycanla bağlı da bunlar eyni siyasi kursu davam etdirməkdədirlər. Urmu gölündən tutmuş Güney Azərbaycan iqtisadiyyatının belinin sındırılmasına, burada terror qruplaşmalarının dəstəklənməsindən tutmuş Azərbaycan türkcəsinə qoyulan qadağaya qədər sadalasaq, bu problemlərin adı bir kitaba sığmaz. Bu adamların belə çıxışları əslində Azərbaycana və ümumiyyətlə türk etnosuna qarşı nə dərəcədə düşmən mövqedə olduqlarının açıq ifadəsidir. Hər iki Azərbaycan bunun fərqində olmalıdır və addımlarını buna uyğun atmalıdır".

Akif NƏSİRLİ

Seçilən
27
baki-xeber.com

1Mənbələr