AZ

Rəşad Bayramov: ABŞ–Rusiya nadir torpaq əməkdaşlığı real görünmür

“Məlumdur ki, ABŞ-ın Ukrayna ilə imzaladığı saziş, yəni nadir torpaq elementlərinə və ümumiyyətlə Ukraynanın təbii sərvətlərinə çıxış imkanını ehtiva edən razılaşma faktiki olaraq işlək deyil. Çünki bu sazişin reallaşması üçün müharibənin dayandırılmasına ehtiyac var. Heç bir dövlət və şirkət bombalar altında olan ərazilərə sərmayə qoyub gəlir götürmək barədə düşünməz. Rusiya tərəfi də yaxşı anlayır ki, xüsusən də Tramp administrasiyası üçün bu istiqamətdə fəaliyyətə başlanılması olduqca vacibdir. Söhbət həm ABŞ-ın nadir torpaq elementlərinə olan ehtiyacından, həm də indiyə qədər Ukraynaya göstərilən dəstəyin müəyyən mənada kompensasiya edilməsindən gedir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, ABŞ-la Rusiya arasında nadir torpaq metalları mövzusu yenidən müzakirə mövzusuna çevrilib. Moskva son günlər bu sahədə əməkdaşlıq imkanlarını önə çəkərək, sanksiyaların aradan qaldırılması müqabilində Vaşinqtona belə resursların ixracına hazır olduğunu bildirib. Bu yanaşma Kremlin ABŞ-la münasibətlərdə öz mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirilir.

Siyasi şərhçi bildirib ki, Moskvanın Tramp administrasiyasını Rusiyaya qarşı sərt addımlardan çəkindirmək və sanksiyaların aradan qaldırılması üçün bu mövzunu gündəmə gətirməsi tamamilə gözlənilən addım idi.

“Onlar çalışırlar ki, bununla ABŞ administrasiyasını sərt mövqedən daşındırsınlar. Amma məsələ burasındadır ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar yalnız ABŞ tərəfindən yox, həm də Avropa İttifaqı tərəfindən tətbiq edilib. ABŞ-ın təkbaşına həmin sanksiyalardan imtina etməsi Moskva üçün ciddi bir nəticə verməyəcək. Çünki Aİ-nin də ABŞ kimi davranacağı inandırıcı görünmür. Hazırkı mərhələdə isə ABŞ-ın özünün belə Rusiyanın bu təkliflərinə isti yanaşması şübhəlidir. Dünən Tramp Avropa İttifaqı ölkələrindən ABŞ-ın mövqeyini dəstəkləyən qəti addımlar atmağı tələb edib. Şərt isə ondan ibarətdir ki, Aİ Rusiyanın əsas ticarət tərəfdaşları, xüsusən də Çin və Hindistana qarşı 100%-lik tariflərin tətbiqini təmin etsin. Bundan sonra ABŞ da təzyiq rıçaqlarından istifadə etməyə hazır olduğunu bildirib. Yəni, bir tərəfdən ABŞ Aİ-dən Rusiyanın ticarət tərəfdaşlarına qarşı sərt iqtisadi tədbirlər tələb edir, digər tərəfdən isə Moskva ilə nadir torpaq elementlərinin istismarı istiqamətində əməkdaşlıq perspektivindən danışmaq inandırıcı deyil. Müharibə dayandırılacağı halda, təbii ki, Tramp administrasiyası bu məsələdə Rusiya ilə danışıqlar aparacaq. Çünki Rusiyanın nadir torpaq elementlərinə çıxış əldə etmək ABŞ üçün strateji üstünlüklər deməkdir. Amma indiki mərhələdə, müharibə davam edərkən və Ukrayna əraziləri hələ də işğal altında olarkən belə bir qərarın verilməsi real görünmür. Ona görə də Rusiyanın bu istiqamətdəki cəhdlərinin nəticə verməsi inandırıcı deyil”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
5
aznews.az

1Mənbələr