Bakı, TurkicWorld, Nailə Babazadə
İsrailin Dohaya hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının sentyabrın 10-da baş tutmalı olan fövqəladə iclası sabah keçiriləcək.
TurkicWorld-in məlumatına görə, xəbəri Qərb KİV-ləri yayıb.
Bildirilir ki, iclasın təxirə salınmasına səbəb Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl-Taninin iclasda iştirak edə bilməsi ilə bağlı daxil olmuş müraciətlə əlaqədardır.
Qeyd edək ki, İsrailin Səna və Yəmənin paytaxtı Cavf şəhərlərinə endirdiyi hava zərbəsi nəticəsində 9 nəfər ölüb, 118 nəfər yaralanıb.
Paytaxt Sanada Müdafiə Nazirliyinin qərargahının vurulduğu bildirilir. İsrail ordusu hücumu təsdiqləyib.
Yəmənin "Əl-Məsira" televiziya kanalının xəbərində husilərə bağlı silahlı qüvvələrin Sənaya hücum edən İsrail təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemləri ilə mübarizə apardığı bildirilib.
İsrail ordusunun açıqlamasında Səna və Cövf bölgələrində husilərə məxsus hədəflərə hücum edildiyi, bu hədəflər arasında hərbi düşərgələr, Hərbi İctimaiyyətlə Əlaqələr Mərkəzi və bir yanacaq anbarının olduğu iddia edilib.
Həmin İctimaiyyətlə Əlaqələr Mərkəzinin təbliğat məqsədilə istifadə edildiyi, hərbi düşərgələrdə isə əməliyyat və kəşfiyyat otaqlarının yerləşdiyi iddia olunub.
İsrail, Yəmənə qarşı hücumların davam edəcəyi ilə bağlı hədə-qorxu gəlib.
Beləliklə, son 48 saat ərzində İsrailin hədəf aldığı ölkələrin sayı üçə – Yəmən, Qətər və Suriyaya çatıb. Bundan əlavə, Livan, Qəzza Zolağı və İordan çayının Qərb sahilinə də gündəlik hücumlar həyata keçirilir.