AZ

Bank faizləri və inflyasiya riskləri

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb. Qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.

Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.1% təşkil edib. İllik baza inflyasiya isə 4.6% olub.

Beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır. Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0.7%, o cümlədən ərzaq qiymətləri indeksi 3.3% azalıb. BVF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb.

Cari ilin ötən dövründə həm nağd, həm də qeyri-nağd seqmentləri əhatə etməklə valyuta bazarında ümumi təklif tələbi üstələmişdir. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29.3%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 mlrd. ABŞ dolları məbləğində və ya ÜDM-in 6.3%-i səviyyəsində müsbət saldo qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 7 ayında da xarici ticarət balansının müsbət saldosu 1.6 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edib, AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq tarixi minimuma enib. AZIR indeksinin orta günlük səviyyəsi iyulda 7.15%, avqustda 6.97%, sentyabrın ötən dövründə isə 6.98% olub. Ötən iclasdan bəri AZIR indeksi ilə yanaşı gəlirlik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Eyni zamanda fiziki şəxslərin manatla depozitləri üzrə faizlərdə azalmalar qeydə alınıb. Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə Mərkəzi Bank 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 8 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin sayı 19% artıb.

Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam edir. Bu şəraitdə idxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur. Bu amil isə ticarət tərəfdaşlarında inflyasiyadan və nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Cari ilin sonunadək məcmu tələbin dinamikası başlıca olaraq dövlət xərclərinin icrasından asılı olacaqdır. 2025-ci ilin sonuna kredit qoyuluşlarının illik artım tempinin 2024-cü illə müqayisədə aşağı olacağı gözlənilir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın dəyişimi, oktyabrda yenilənəcək makroiqtisadi proqnozlar, eyni zamanda xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Proqnozlar yenilənərkən 2025-ci ilin qalan dövrü və 2026-cı il üzrə dövlət xərclərinin gözlənilən dinamikası da nəzərə alınacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək. Faiz dəhlizinin parametrləri ilə bağlı Mərkəzi Bankın növbəti qərarı oktyabr ayında açıqlanacaq.

Ölkədə ktredit faizlərinin artması fonunda ona təsir göstərə biləcək əsas amillərdən biri kimi Mərkəzi Bank uçot dərəcəsini azalda da bilərdi. Lakin MB yuxarıda qeyd olunan amilləri nəzərə alaraq hələlik uçot dərəcəsini dəyişmək fikrində deyil. Bu isə kreditlərin ucuzlaşmayacağından xəbər verir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlığının və inkişafının təmin edilməsi üçün onların aşağı faizli, daha ucuz maliyyə resurslarına çıxışı mühüm əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, sahibkarların kreditlərə, investisiya qoyuluşları üçün dah çox vəsaitə ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməlidir. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir. Bu baxımdan sahibkarlara əlverişli maliyyə-kredit resursları lazımdır.

İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan yüzlərlə müraciət daxil olub.

Aydın məsələdir ki, davamlı iqtisadi artıma nail olmaq üçün investisiya qoyuluşları mühüm amildir. Azəzrbaycanda daxili investisiyalar yüksək paya malikdir ki, bu da işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə böyük həcmdə dövlət investisiyalarının yatırılması ilə əlaqədardır. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 19 milyard manat vəsait xərclənib. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edəcək.

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət müxtəlif iqtisadi yollarla sahibkarlığın inkişafını təşviq edir. Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi artımın əsası kimi baxılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, “iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır”.

AMB ölkənin dayanıqlı inkişafında maliyyə sektorunun rolunun gücləndirilməsini dəstəkləyir. Bu məqsədlə, 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi hazırlanıb. Yol xəritəsi qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla maliyyə institutlarının maliyyə və investisiya qərar qəbuletmə və risklərin idarə edilməsi proseslərinə iqlim dəyişmələri və ESİ amillərin inteqrasiyasını, maliyyə bazarı iştirakçılarının istiqamətləndirilməsi məqsədilə müvafiq standartların və bələdçi sənədlərin işlənib hazırlanmasını, dayanıqlı maliyyə alətləri üçün ekosistemin formalaşdırılmasını əhatə edir. Yol xəritəsinin başlıca məqsədi iqlim dəyişmələri və ESİ amillərini nəzərə alan dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması və maliyyə sabitliyinin təmin edilməsidir. Bu istiqamətdə beynəlxalq təcrübə nəzərə alınmaqla Yol xəritəsi əsas olaraq iqlim dəyişikliyindən və ekoloji risklərdən yaranan maliyyə sabitliyi risklərinin tənzimləməsinə yönəlmiş və sosial, idarəetmə amilləri ilə bağlı tədbirlər, həmçinin digər müvafiq strateji proqramların, o cümlədən maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə Dövlət Proqramının tərkib hissəsidir.

M.Həmzəoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
11
icma.az

10Mənbələr