BAKI, 11 sentyabr. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, söhbət zamanı Ukrayna münaqişəsi, o cümlədən Polşanın hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) vurulması və İsrailin Qətərə zərbələri müzakirə edilib.
"Biz Ukrayna münaqişəsi ilə bağlı narahatedici hadisələri müzakirə etdik", - o, "X" sosial şəbəkəsində yazıb.
Makron qeyd edib ki, söhbət zamanı Polşanın hava məkanında Rusiyaya məxsus PUA-ların vurulması məsələsinə xüsusi diqqət ayrılıb.
"Biz həmçinin İsrailin Qətərə zərbələrindən sonra Yaxın Şərqdə yaranmış vəziyyətlə bağlı narahatlığımızı bölüşdük", - o əlavə edib.
Fransa Prezidenti sülh və təhlükəsizliyin təmin edilməsində ABŞ və Avropa arasında əməkdaşlığın həlledici əhəmiyyətə malik olduğunu vurğulayıb.