AZ

Qərbi Azərbaycana qayıdış bizim tarixi-mənəvi və insani haqqımızdır

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə ərazi bütövlüyünü, birgünlük lokal antiterror tədbirləri ilə suverenliyini bərpa edən Qarabağda və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesini uğurla davam etdirən Azərbaycan dövlətinin növbəti strateji hədəflərindən biri Qərbi Azərbaycana qayıdışı da təmin etməkdir.  Azərbaycan dövləti soydaşlarımızın həmin torpaqlara qayıdışını daim gündəmdə saxlayır. Məhz bu çərçivədə Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir.

Hazırda erməni məkrinin, vandalizminin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır. Son illər Qərbi Azərbaycan İcması bu istiqamətdə ciddi addımlar atıb, məqsədyönlü işlər görüb. Dövlətimizin başçısının tapşırığı ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” qəbul edilib.  Konsepsiya indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsini özündə ehtiva edir. Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, qaçqınların statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edib.

2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşü zamanı tarixi çıxışında bildirib: “Artıq tarixi ədalət bərpa olunub, otuz il işğal altında olan torpaqlarımız azad edilib. Bu 30 ildə haqsız yerə çoxlu məhrumiyyətlərə məruz qalmış məcburi köçkünlər artıq öz doğma yurdlarına geri qayıtmaq imkanı qazanıblar. Lakin məsələ bununla bitmir, bizim 300 min nəfərə yaxın Qərbi Azərbaycandan qovulmuş qaçqın soydaşlarımız hələ də öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar və onlar mütləq öz evlərinə geri qayıtmalıdırlar”.

Azərbaycan 2020-ci ildə qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfər ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdikdən sonra xalqımızda belə bir qəti inam yarandı ki, erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınan Qərbi Azərbaycandan olan soydaşlarımız ölkəmizin başçısının milli maraqlara söykənən, qətiyyətli, prinsipial siyasəti sayəsində tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar.

1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində və tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaradılmasından sonra orada yaşayan soydaşlarımız zaman-zaman yurd-yuvalarından torpaqlarından deportasiya olunublar. Azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki türk-müsəlman abidələri, tarixi-memarlıq inciləri erməni vandalizminin qurbanına çevrilib.

1987-ci ildə Ulu Öndər Heydər Əliyevin Moskvada öz vəzifəsindən istefa verməsindən sonra ermənilər fəallaşaraq SSRİ dövlətinin himayəsi altında Qərbi Azərbaycandan azərbaycanlıların kütləvi deportasiyasını təşkil etdilər.1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edildikdən sonra tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Məhz bundan sonra Ermənistan qanunverici orqanının qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirilib, tarixi, maddi-mədəni irs tamamilə silinib və erməniləşdirilib. Ümumiyyətlə, İndiki Ermənistan ərazisində xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılıb, tamamilə yox edilib.

Bu gün ölkəmizin başçısının milli maraqlara və beynəlxalq hüquqa söykənən siyasi kursu nəticəsində Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna işlər görülür.  Qərbi Azərbaycan İcması istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda fəal lobbiçilik fəaliyyəti həyata keçirir, həqiqətləri olduğu kimi təqdim edir.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm”.

Bəli, biz qırx dörd günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək Qarabağa və Şərqi Zəngəzura qayıtdıq. Hazırda növbəti tarixi hədəfimiz əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışdır. Azərbaycan xalqı əmindir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, uzaqgörən strategiyası, Zəfər diplomatiyası, uğurlu xarici və daxili siyasəti sayəsində soydaşlarımız tezliklə öz doğma torpaqlarına qayıda­caqlar. Öz tarixi torpaqlarına qayıtmaq Qərbi azərbaycanlıların tarixi-mənəvi və insani haqqıdır.

Zahid Rza, “İki sahil”

Seçilən
24
ikisahil.az

1Mənbələr