Azərbaycanın təşviq etdiyi barış gündəliyi regiona sabitlik gətirəcək
Azərbaycan dövləti öz strateji hədəfinə çatıb - ərazi bütövlüyü və suverenliyi tam və qəti şəkildə təmin edilib. Dövlətimizin qarşısında növbəti hədəf sülh prosesini udmaqdır. Elə bir sülh ki, regionda uzunmüddətli təhlükəsizlik və rifah mühiti formalaşdırsın. Bu məqsədlə də Azərbaycan Ermənistana sülh müqaviləsinin 5 baza prinsipini təqdim edib. Eyni zamanda sülh müqaviləsi layihəsinin müəllifi də Azərbaycandır və bu proses irəliləməkdədir.
Milli Məclisin deputatı Elman Nəsirov qəzetimizə açıqlamasında bildirib ki, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və şahidliyi ilə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında strateji əhəmiyyətli Birgə Bəyannamə imzalanıb. Bu Bəyannamədə sülh prosesinin bütün komponentlərinə dair mövqe öz əksini tapıb. "Hər iki dövlətin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin layihəsi paraflanıb, qarşıdakı ildə imzalanması gözlənilir. Sülh müqaviləsinin daha erkən imzalanması üçün Azərbaycanın irəli sürdüyü mühüm tələbi Ermənistan yerinə yetirməlidir. Yəni əsas qanunda Azərbaycana qarşı ərazi iddiasından imtina etməlidir. Bu da yalnız konstitusiyada dəyişikliklər vasitəsilə ola bilər. 2026-cı il iyunun 26-sı Ermənistanda parlament seçkiləri keçirilməlidir. İstisna deyil ki, eyni vaxtda həm də referendum olacaq və konstitusiyaya dəyişiklik edilə bilər. Belə olan halda sülh müqaviləsinin imzalanması üçün unikal şərait yaranacaq", - deyə o bildirib.
Deputat qeyd edib ki, bu razılaşmaların ABŞ Prezidentinin iştirakı ilə gerçəkləşdiyini nəzərə alsaq, Ermənistanın bu sənədlərdən imtina etməsi rəsmi İrəvan üçün ciddi problem yarada bilər. ABŞ tərəfindən ona qarşı təzyiqlərin olacağını Ermənistan unutmamalıdır. İstənilən halda Vaşinqton razılaşmaları strateji xarakter daşıyır, bu, tarixi sənədlərdə əksini tapıb və onların icrası istiqamətində işlər getməkdədir. ABŞ-nin xüsusi nümayəndə heyəti artıq həm Azərbaycanda həm də Ermənistanda olub. Aparılan danışıqlar sülh prosesi üçün yeni imkanlar yaradır.
E.Nəsirov vurğulayıb ki, Zəngəzur dəhlizi (TRIPP), başqa adla Tramp marşrutunun reallaşması istiqamətində proseslər başlama nöqtəsindədir: "Belə görünür ki, sülh prosesi ilə bağlı Azərbaycanın müəllifi olduğu layihənin reallaşdırılması istiqamətində dəqiq işlərə start verilib. Ümid edirik ki, 2026-cı il bu nöqteyi-nəzərdən sülh ili olacaq. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Bu halda Cənubi Qafqaz maraqların toqquşma zonasından maraqların kəsişmə zonasına çevrilə bilər və regiona uzunmüddətli, dayanıqlı sülh, əmin-amanlıq gələr. Bu halda bütün tərəflər udmuş olacaq".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"