Astara Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zabil Qurbanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin hökmü ilə Zabil Qurbanov cinayət məsuliyyətindən azad edilib və ona qarşı cinayət təqibinə xitam verilib.
İttiham aktına görə, Zabil Qurbanov bu il səhər saatlarında Astara rayonunda birlikdə yaşadıqları evdə həyat yoldaşı, zərərçəkmiş Minarə Qurbanova (adı, soyadı şərtidir) ilə ailədaxili münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı o, həyat yoldaşına şillə və yumruqla zərbələr vuraraq bədənində xəsarətlər yetirib. Ekspertiza rəyi ilə bu xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət kimi qiymətləndirildiyi müəyyən edilib.
İş materiallarına əlavə edilmiş ərizədə zərərçəkmiş Minarə Qurbanova bildirib ki, həyat yoldaşı ilə barışıb, ona dəymiş ziyan tam ödənilib və heç bir şikayəti yoxdur. Bu səbəbdən cinayət təqibinə xitam verilməsini xahiş edib.
Kamal Məmmədov