Putinin niyyəti nə olursa olsun, bir neçə dronun vurulması NATO hərbi təyyarələrinin Avropanın hava məkanında ilk dəfə Rusiya silahı ilə qarşılaşması kimi tarixə düşüb...
Poliqon xəbər verir ki, The Spectator qəzetinin təhlilçisi Owen Matthews Rusiyanın Polşa ərazisinə göndərdiyi dronların məqsədini şərh edib.
Təhlilçinin fikrincə, bu ya Putin tərəfindən NATO-nun reaksiyasını yoxlamaq üçün planlanmış addım, ya da Ukrayna tərəfindən həyata keçirilmiş radioelektron maneələr nəticəsində dronların naviqasiya sistemlərinin sıradan çıxması ola bilər. Digər ehtimal isə Kremlin “boz zona” strategiyasını sınayaraq təsadüfi və ya qismən şüurlu hücumlarla Avropanın sərhədlərini genişləndirmək cəhdidir.
Müəllif yazır ki, Putinin niyyəti nə olursa olsun, bir neçə dronun vurulması NATO hərbi təyyarələrinin Avropanın hava məkanında ilk dəfə Rusiya silahı ilə qarşılaşması kimi tarixə düşüb.
Lakin Kremlin sərhədləri yoxlama nəzəriyyəsi həm siyasi, həm də hərbi baxımdan məntiqsiz görünür. Polşa ilə Ukrayna arasındakı münasibətlər onsuz da gərginləşməkdədir və bu da Kremlin məhz istədiyi nəticədir. Çünki hücumdan sonra prezident Karol Navrotski bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü “təxirə salınmalıdır”, çünki bu, alyans ölkələrini avtomatik olaraq Rusiya ilə konfliktə cəlb edə bilər. Navrotski əlavə edib ki, Ukraynanın Avropa İttifaqına üzvlük müzakirələri “hələ erkəndir” və belə proseslər “zaman və iqtisadi amillərin nəzərə alınmasını tələb edir”.
Polşa prezidenti eyni zamanda narahatdır ki, ucuz ukrayna məhsulları Polşanın kənd təsərrüfatı sektoruna zərər verə bilər, halbuki Kiyev hazırda Varşavaya gedən AB subsidiyalarını əldə edəcək. Polşa son dövrlərdə əksər ukraynalı qaçqınlara ödənilən yardımları dayandırıb.
Bəs münasibətlər gərginləşmiş halda Putin niyə Polşa torpağına birbaşa hücum etməklə onların həmrəyliyini bərpa etmək istəyir?
Hərbi baxımdan da Kremlin “sınaq hücumu”nun məqsədi aydın deyil. Dronlar müxtəlif istiqamətlərə uçub: bir dron Varşavadan 275 kilometr məsafədə, digərləri isə ölkənin cənub-şərqindəki Jeşuva yaxınlığında vurulub.
Müəllif qeyd edir ki, bəlkə də Polşa hava hücumundan müdafiəsini real şəkildə sınamaq üçün Putinə bir konsentrasiyalı hücum lazım olub. Amma “Şahed” dronları və onların Rusiya klonları bunun üçün uyğun deyil, çünki onlar yavaş və ağırdır. Əksinə, nüvə yükü daşıya bilən Rusiya qanadlı və hipersəs raketləri kimi silahlar Polşa hava hücumundan müdafiəsini sınamaq üçün daha uyğun olardı.
Hərbi baxımdan “Şahed” hücumlarının faydası yalnız PUA-ların say üstünlüyü ilə hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaqdır. Uğur dərəcəsi isə yalnız 10-20 faiz dronların hədəfə çatması ilə ölçülür.
Dronların Polşa hava məkanına girməsindən sonra bəzi rus strateji bombardman təyyarələrinin uçuşlarını dayandırıb bazaya geri dönməsi və qanadlı raketləri Ukrayna hədəflərinə buraxmaması da hücumun qəsdən planlanmamış ola biləcəyinə işarə kimi qiymətləndirilir. Bu, rus komandanlığının Ukraynanın sərhədlərindən kənarda eskalasiya yaratmaqdan çəkinməsi kimi izah oluna bilər.
Bu həftə Rusiya və Belarus “Qərb-2025” hərbi təlimlərinə başlayacaq. On illərdir bu təlimlər Polşa və Baltik ölkələri üçün gərginlik mənbəyi olub. NATO-ya qarşı ciddi provokasiya təlimlərdən əvvəl təşkil olunsa, Kremlin bu cür addımı ağılsız və təhlükəli olardı. Lakin Ukraynaya genişmiqyaslı hücumun özü də əslində böyük bir risk və qeyri-ağıllı addım idi.
Aydın olan tək şey budur ki, Putin qış başlamazdan əvvəl Ukraynanın enerji və nəqliyyat infrastrukturunu məhv etməkdə ciddi niyyətlidir. Rusiyanın hər gecə göndərdiyi raket və dron sürüləri yeni rekordlar qırır. Əsas hədəf NATO texnikasının təchizat mərkəzləri olan Lvov, Lutsak və Rovno bölgələridir ki, bunlar Ukrayna-Polşa sərhədinə yaxındır.
Dron hücumlarından sonra Donald Tusk yalnız NATO-nun 4-cü maddəsinə istinad edərək alyans ölkələrini “məsləhətləşməyə” çağırıb; bu, onun təşkilatın yaradılmasından sonra yeddinci belə müraciətidir və Donald Trampın NATO-ya münasibətini sınayacaq vacib hadisə olacaq.
Lakin indiyə qədər NATO və Avropa Putin-i dayandırmaq və ya Ukraynanı planlı şəkildə məhv etmək kampaniyasından çəkindirmək iqtidarında olmayıb.
Poliqon.info