AZ

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə AMEA-nın müxbir üzvü Aydın Kazımzadəyə 75, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadəyə isə 60 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanları təqdim olunub.

İclasda müzakirəyə çıxarılan ilk məsələ Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar Mərkəzi Elmi Kitabxana tərəfindən hazırlanmış eresurslar.info.az veb səhifəsinin təqdimatı haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın Tədbirlər planı hazırlanaraq təsdiq olunub. Qeyd edib ki, Təbirlər planı AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının müstəqilliyimizin verdiyi geniş imkanlar işığında, elmi prinsiplər əsasında tədqiq və təbliğini əhatə edən çoxsaylı nəşr və tədbirləri əhatə edir. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, AMEA-da həyata keçirilən genişmiqyaslı tədbirlərin davamı olaraq özünün ideya müəllifliyi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli ədibin zəngin həyat və yaradıcılığına həsr olunmuş yeni elektron resurs hazırlanıb.

“Bəxtiyar Vahabzadə Azərbaycanın milli istiqlal şairidir və Ulu Öndər Heydər Əliyevin daim hörmət bəslədiyi ziyalılardan biri olub. Ümummilli Lider onu sovet hakimiyyətinin təqiblərindən daim qoruyub və dahi liderin Azərbaycançılıq ideologiyasının həyata keçirilməsinə Bəxtiyar Vahabzadə şərəflə xidmət edib”, – deyə akademik İsa Həbibbəyli bildirib.

Sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov yeni hazırlanmış elektron resursu təqdim edib. Vurğulayıb ki, müasir texnologiyaların imkanları ilə hazırlanan platforma böyük sənətkarın zəngin irsini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır.

Resursda şairin avtobioqrafiyası, əsərləri, kitabları və şeirləri geniş şəkildə təqdim olunur. Burada istifadəçilər Bəxtiyar Vahabzadənin müəllifi olduğu və müxtəlif illərdə nəşr edilmiş “Seçilmiş əsərləri”, “Axı dünya fırlanır”, “Gülüstan poeması”, “Dərin qatlara işıq”, “Səməd Vurğun”, “Mənim dostlarım” və s. əsərləri, “Gəlin açıq danışaq…” məqalələr toplusu, “Fəryad”, “Bir baharın qaranquşu” kimi 80-dən artıq kitabla tanış ola bilərlər. Həmçinin 14 adda əsərin ingilis dilində olan tərcüməsi də resursun “Şairin yaradıcılığı” bölməsində təqdim edilir.

MEK direktoru diqqətə çatdırıb ki, elektron bazada, həmçinin sənətkarın dövlət mükafatları, fəxri adları, orden və medalları barədə məlumatlar toplanıb. “Fotoyaddaş” bölməsində onun həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər, video arxivdə isə çıxışları, müsahibələri və sənədli materiallar bir arada sistemləşdirilib. Burada, həmçinin şairin şeirlərinə bəstələnmiş mahnılar da yer alıb.

Texnika elmləri doktoru Hüseyn Hüseynov qeyd olunanları əyani nümayiş etdirib və Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elektron resurs Rəyasət Heyətinin üzvləri tərəfindən yüksək qiymətləndirilib.

İclasda müzakirə edilən növbəti məsələ “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpoziumun keçirilməsi haqqında olub. Prezident İlham Əliyevin dahi bəstəkarın 140 illiyinin qeyd edilməsi barədə3 fevral 2025-ci il tarixli Sərəncam imzaladığını diqqətə çatdıran akademik İsa Həbibbəyli sözügedən sənədin icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edildiyini söyləyib. Qeyd edib ki, Tədbirlər planının icrası çərçivəsində 25-26 sentyabr tarixlərində AMEA-nın Folklor İnstitutunun, AR Mədəniyyət Nazirliyinin, Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçiriləcək simpozium cənab Prezidentin Türk dünyası ilə əlaqələrin genişləndirilməsi istiqamətində atılmış mühüm addımdır və humanitar və ictimai elmlərin inkişafına öz töhfəsini verəcəkdir.

Sonra AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev çıxış edərək simpozium barədə məlumat verib, tədbirdə dünyanın 10-dan artıq ölkəsindən, o cümlədən türk dövlətlərindən folklorşünaslıq, sənətşünaslıq, mədəniyyətşünaslıq, musiqişünaslıq sahələri üzrə alim və mütəxəssislər tərəfindən məruzələrin təqdim ediləcəyini bildirib və hazırlıq işlərinin artıq yekunlaşdığını söyləyib.

Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılan növbəti məsələ “AMEA-nın Döş Nişanı”nın təsis edilməsi haqqında olub. Bu məsələnin Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının icrası istiqamətində atılan addımların davamı olduğunu deyən akademik İsa Həbibbəyli Akademiyanın tarixində ilk dəfə olaraq döş nişanının təsis edildiyini diqqətə çatdırıb. “AMEA-nın Döş nişanı”nın elmin inkişafına böyük töhfələr verən və mühüm nəticələr əldə etmiş alimlərə təqdim olunacağını bildirib və Rəyasət Heyəti tərəfindən döş nişanının Əsasnaməsi təsdiq edilib.

Bununla yanaşı, Akademiyanın 80 illik yubileyi çərçivəsində “AMEA-nın Üzeyir Hacıbəyli döş nişanı”nın, “AMEA-nın Əziz Sancar döş nişanı”nın, “AMEA-nın Yusif Məmmədəliyev döş nişanı”nın və  “AMEA-nın Lev Landau döş nişanı”nın təsis olunması haqqında qərarlar qəbul olunub.

İclasda akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyilə əlaqədar tədbirlər planının təsdiq edilməsi məsələsi də müzakirəyə çıxarılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, ölkə başçısının “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” 5 iyul 2025-ci il tarixli Sərəncamında AMEA-ya AR Elm və Təhsil Nazirliyi ilə birlikdə alimin 120 illiyinə həsr olunmuş Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. AMEA rəhbəri diqqətə çatdırıb ki, ötən müddət ərzində Akademiyanın elmi müəssisələrindən, həm də Elm və Təhsil Nazirliyi tərəfindən Tədbirlər planına dair təkliflər hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilib və bunun əsasında hər iki qurumun birgə Tədbirlər planının layihəsi hazırlanıb.

Tədbirlər planı Rəyasət Heyətinin üzvlərinə təqdim olunub və təsdiq edilib.

AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılması haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, bu gün ölkəmizdə süni intellekt və rəqəmsal inkişaf məsələlərinə xüsusi diqqət yetirilir və təkcə cari il ərzində dövlət başçısı tərəfindən bu istiqamətdə ardıcıl şəkildə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam və “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərman imzalanıb. Həmçinin ölkəmizdə bu günlərdə Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb.

Dövlətimizin atdığı sözügedən addımlara müvafiq olaraq AMEA-da da bu sahədə fəaliyyətin icra olunduğunu deyən akademik İsa Həbibbəyli 2023-cü ilin yanvar ayında yaradılmış “Elektron Akademiya” şöbəsinin ötən 2 il ərzində Akademiyada rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox yeniliklərə və uğurlara imza ataraq özünü doğrultduğunu bildirib. Qeyd edib ki, yaranmış yeni texnoloji reallıq şəraitində “Elektron Akademiya” şöbəsinin adının dəyişdirilməsi və müvafiq olaraq, fəaliyyət istiqamətlərinin genişləndirilməsi zərurəti meydana çıxıb.

Qeyd olunan məsələ ilə bağlı AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək “Elektron Akademiya” şöbəsinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılması təklifinin ölkəmizdə dövlət başçısının rəhbərliyi altında bu sahədə aparılan işləri tam əhatə etdiyini söyləyib.

Daha sonra Rəyasət Heyətinin qərarı ilə “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilərək Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılıb.

İclasda, həmçinin gənc alimlərin fəaliyyətini daha da sistemli şəkildə genişləndirmək məqsədilə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında “Gənclər Akademiya”sının yaradılması qərara alınıb və əsasnaməsinin bir ay ərzində hazırlanması tapşırılıb. Bundan əlavə, AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları” mövzusunda gənc alimlərin məqalə müsabiqəsinin keçirilməsi qərara alınıb.

Bundan əlavə, AMEA əməkdaşlarının yaradıcılıq qabiliyyəti və bədii istedadlarını üzə çıxarmaq, onların elmi fəaliyyətlə yanaşı, mədəni-mənəvi zənginliklərini nümayiş etdirmək və şəxsi yaradıcılıq potensialını geniş ictimaiyyətə təqdim etmək, elm və incəsənət arasında qarşılıqlı əlaqəni, onların bir-birini tamamlayan sahələr olduğunu göstərmək, həmçinin əməkdaşların yaradıcılıq nümunələri vasitəsilə elmi ictimaiyyətin insan yönümlü və estetik tərəflərini ön plana çəkmək məqsədilə 16 sentyabr 2025-ci il tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgisinin təşkil olunması haqqında qərar qəbul olunub.

O cümlədən AMEA-nın 80 illik yubileyinə həsr olunmuş gənc alimlərin iştirakı ilə futbol yarışının keçirilməsi və AMEA-nın təsərrüfat işçilərinin (xadimələr və fəhlələr) vahid forma ilə təmin olunması haqqında qərarlar qəbul edilib.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Rasim Əliquliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Arif Həşimov, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər

Seçilən
38
2
veteninfo.az

3Mənbələr