AZ

Kirkin qətli ilə Trampa hansı gizli eyham edildi?.. -Heydər Oğuz açıqlayır...

“Təxminən eyni gündə Polşa Rusiyadan atılan dronları zərərsizləşdirərək faktiki NATO Nizamnaməsinin 5-ci maddəsini aktivləşdirmək xəttini tutdu. Bu maddə aktivləşərsə, ABŞ-ın istər-istəməz Rusiya ilə münaqişəyə cəlb olunması planlaşdırıla bilər. Təxminən bir neçə saat sonra isə MAGA-nın doktrinasını yazan Çarli Kirk qətlə yetirildi...”
 
“Daim vurğuladığınız qlobalistlərlə mühafizəkarların mübarizəsi prizmasından yanaşdıqda ABŞ prezidenti Donald Trampın ultrasağçı, amma həm də qatı İsrail tərəfdarı olan dostu Çarli Krikin qətli ilə Netanyahunun “HƏMAS” liderlərinin orada olması bəhanəsi ilə Qətərə  raket hücumu arasında əlaqə varmı?..”
 
Bu sualla müraciət etdiyimiz siyasi şərhçi Heydər Oğuz Moderator.az-a geniş açıqlamasında sözügedən olay barədə maraqlı versiyalar səsləndirib:
 
“ABŞ-da qətlə yetirilən mühafizəkar fəal Çarli Kirkin qətlinin siyasi motivli olduğu ölkə siyasiləri tərəfindən də etiraf olunur. Yuta ştatının qubernatoru Spenser Koks hücumu “siyasi sui-qəsd” adlandırıb və amerikalıları “bir-birlərinə nifrət etməyi dayandırmağa” çağırıb. Eyni zamanda ABŞ prezidenti Donald Tramp da bu qətl hadisəsini və son zamanlar ölkədə yaşananları “Amerika üçün qaranlıq zaman” adlandıraraq sanki siyasi kriminal motivlərə eyham vurub.
 
Qətl barədə indiyədək məlum olan bir çox məqamlar da onun qlobalist-mühafizəkar qarşıdurmasının bir təzahürü olduğu ehtimalını yaradır. Bu məqamlardan biri Kirkin siyasi həyatı ilə bağlıdır. Hələ 18 yaşından özünü liberal ictimaiyyət arasında mühafizəkar dəyərlərin təbliğinə həsr etmiş Kirkin 2012-ci ildə mühafizəkar tələbə təşkilatı “Turning Point USA” (“TPUSA”) təşkilatının qurulmasında və idarə olunmasında müstəsna rol oynadığı bildirilir. Bu təşkilat çərçivəsində Kirk universitetlərdə açıq havada debatlar təşkil edərək, gender, iqlim dəyişikliyi, inanc və ailə dəyərləri kimi mövzularda tələbələrlə müzakirələr aparırdı. Onun çıxış etdiyi sosial media platformaları çox geniş ictimai diqqəti özünə cəlb edə bilmişdi. Kirkin “İnstagram” səhifəsinin 5,2 milyon, “TikTok” səhifəsinin isə 7,3 milyon izləyicisi var idi...
 
“TPUSA” son president seçkilərində də aktivliyi ilə seçilirdi. Təşkilat gəncləri Trampa səs verməyə inandırmaqda, xüsusən də 2024-cü il seçkilərində” Z” nəslinin kişilərinin səsvermə seçimlərinə təsir etməkdə mühüm rol oynamışdı. Trampın öz adını daşıyan oğlu kiçik Donald, Kirki “mühafizəkar hərəkatın əsl rok ulduzlarından biri” adlandırırdı.
 
Onun qələmə aldığı "The Maga Doctrine" (MAGA – Trampin istifadə etdiyi şüarın baş hərfləri - "Make America Great Again", yəni Amerikanı yenidən möhtəşəm et”) adlı kitabı 2020-ci ildə ABŞ-da ən çox satılan kitablardan biri idi. Göründüyü kimi xeyli gənc olmasına baxmayaraq Kirk Trampın siyasi hərəkatının dokrtinasını yazacaq qədər özünü inkişaf etdirmişdi... 
 
Digər şübhəli məqamlar isə bunlardır. Kirk güllələndiyi zaman ABŞ-da kütləvi sui-qəsdlərlə bağlı sualı cavablandırırdı. Az keçməmiş təxminlərə görə, 180 metr məsafədən açılan güllə onun həyatına son qoydu. Sanki ABŞ “dərin dövləti” gizli mətləblərə başını soxan bu gənc adamı elə yerindəcə güllələyərək başqalarına da göz dağı verdi...
 
“BBC”-nin iddiasına görə, çıxış etdiyi tədbirdə təxminən 50-60 nəfər Kirkə etiraz edirmiş. Buna baxmayaraq, tədbirin keçirildiyi yerdə heç bir əlavə təhlükəsizlik tədbiri görülməmiş və toplantıya daxil olan heç kimin üstündə və çantasında yoxlamalar aparılmamışdı. Ümumiyyətlə, dövlət təhlükəsizlik xidmətləri Kirkin mühafizəsində yer almamışdılar. Bu da onu göstərir ki, Kirkin öldürülməsinə mane olmaq istəməmişlər.
 
Maraqlıdır ki, Kirkin qatilinin isti-isti yaxalanması  imkanı da əldən qaçırılıb. Əvvəl bir nəfəri şübhəli kimi saxlayıblar. Sonra isə onu “yetərsiz dəlil” səbəbindən buraxıblar. Beləcə, gerçək qatil də hadisə yerindən qaça bilib. Böyük ehtimalla ya onu ümumiyyətlə tapa bilməyəcəklər, ya da ölüsünü ələ keçirəcəklər”.
 
O ki qaldı bu qətllə İsrailin Qətərə hücumuna, fikrimcə, nəinki bu iki hadisə, hətta son günlər ard-arda baş verən digər olaylar arasında müəmma dolu əlaqələr var: “Bilirsiniz ki, Donald Tramp “Öncə Amerika şüarı ilə hakimiyyətə gəlmişdi. Daha sonra bu şüar "Make America Great Again", yəni “Amerikanı yenidən möhtəşəm et” devizinə çevrildi. Abreviaturası MAGA olan bu deviz Amerikanın qlobal jandarmlıqdan öz daxili problemlərinə qayıtmasına işarə edir. Bu isə onun Yaxın Şərqdə və Avropada himayədarlıq missiyasından imtina etməsi anlamına gəlir. Təbii ki, Trampın bu düsturu Yaxın Şərqdə İsraili, Avropada isə liberal ittifaq tərəfdarlarını narahat edir. Onu yenidən “düz yola” qaytarmaq üçün bütün qlobalistlər və yəhudi lobbisinin böyük qismi birləşiblər.
 
Xüsusilə də son zamanlar Trampın “qınına çəkilmə” siyasəti qlobalist qüvvələri hərəkətə gətirib. Çünki Çinin Qələbə paradından sonra Trampın tamamilə MAGA ideologiyasına fokuslandığı müşahidə olunur. Bunun başlıca səbəbi nə Rusiyanı, nə də Çini öz tərəfinə çəkə bilməməsidir. Görünür, Avropanın da Çin və Rusiya ilə rəqabətdə yetərli müttəfiq ola bilməyəcəyini anlayan Tramp onları öz başına buraxmağa qərar verib. ABŞ-ın Türkiyə səfiri və Trampın Suriya üzrə nümayəndəsi Tom Barrak da avqustun 28-də “Artıq heç kim ABŞ-ın himayəsinə güvənməsin, hər kəs öz işinə baxsın” mənasına gələn mesajından sonra yaşananlar Vaşinqtondan mədəd umanları xeyli təlaşlandırdı. Qlobalist mafiya ABŞ-ı yenidən öz məcrasına qaytarmağa qərar verdi. İlk öncə Donald Trampın üzqızardıcı əməllərdə ittiham olunduğu “Epşteyn” qalmaqalı ilə əlaqələri ifşa olunmağa başlandı. Ardınca Trampın himayədarlıq bacarığını şübhə altına alan Qətər hücumunun düyməsinə basıldı. Təxminən eyni gündə Polşa Rusiyadan atılan dronları zərərsizləşdirərək faktiki NATO Nizamnaməsinin 5-ci maddəsini aktivləşdirmək xəttini tutdu. Bu maddə aktivləşərsə, ABŞ-ın istər-istəməz Rusiya ilə münaqişəyə cəlb olunması planlaşdırıla bilər. Təxminən bir neçə saat sonra isə MAGA-nın doktrinasını yazan Çarli Kirk qətlə yetirildi. Bununla da Trampa sənin doktrinan öz müəlliflərini belə qoruya bilməyəcək qədər zəifdir mesajı verildi. Bu mesajın içərisində həm də “sən özün də öz boş ideologiyanın qurbanı ola bilərsən” eyhamı gizlidir.
 
Sualınızın digər qisminə - “Kirk axı aşırı sionizm tərəfdarı idi, qətlin arxasında qlobalistlər dayanırdısa, o niyə öldürüldü” hissəsinə gəlincə, ABŞ-da ideoloji kimliyindən asılı olmayaraq, bütün siyasilər bir az sionistdirlər. Bunun səbəbi sionizmin ABŞ-dakı sarsılmaz mövqeyi ilə bağlıdır. Finans sistemindən tutmuş mediaya, ordudan hüquq sisteminə qədər bir çox sahələrdə ciddi təsir imkanına malik olan yəhudi lobbisinə qarşı çıxmaq ABŞ siyasi xadimləri üçün mənəvi intihar deməkdir. Çünki yəhudi lobbisinin ən güclü olduğu sahə siyasətdir. İddialara görə, ABŞ Konqresində 10-dan çox senator, Nümayəndələr Palatasında isə saysız-hesabsız konqresmen yəhudi lobbisinin adamıdır. ABŞ-da bir senator və bir neçə konqresmenin iqtidarın taleyini müəyyənləşdirdiyini nəzərə alsaq, bu, kifayət qədər böyük gücdür. Faktiki olaraq hakimiyyətləri kresloda saxlaya və ya istefaya göndərə bilərlər. Odur ki, ABŞ-da siyasətlə məşğul olan hər kəs yəhudi lobbisini dəstəkləyir, İsrailin maraqlarını ön planda tutmağa çalışırlar. Bu mənada Çarli Kirkin də aşırı şəkildə İsraili dəstəkləməsi təəccüblü deyil.
 
Məsələ burasındadır ki, yəhudi lobbisi və sionistlər də mühafizəkar-qlobalistlər rəqabətində bölünüblər. Onların önəmli qismi Netanyahunun yürütdüyü siyasəti bəyənmir, hətta açıq şəkildə ona qarşı çıxırlar. Çarli Kirkə gəlincə, onun sionist yox, evangelist olduğu bildirilir. Hətta Kirk haqqında rəsmi tanıtım mətnlərində eynilə belə deyilir: “Kirkin yevangelist xristian imanı və ailəsi onun siyasi mövqeyinin əsasını təşkil edirdi. O, iki övladı olan keçmiş model Miss Arizona ilə evli idi”.
 
Qısası, Çarli Kirk ilə sionistləri bağlayan əlaqələr düşündüyünüz kimi o qədər də möhkəm deyil”.
 
Təqdim etdi:
Sultan  Laçın
 
Seçilən
15
1
moderator.az

2Mənbələr