AZ

Azərbaycan nümayəndə heyəti Qazaxıstanda ali audit və maliyyə təcrübəsini müzakirə edir  

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi və Maliyyə Nazirliyinin əməkdaşlarının da təmsil olunduğu nümayəndə heyəti Qazaxıstanda səfərdədir.

AZƏRTAC Maliyyə Nazirliyi və Hesablama Palatasının birgə məlumatına istinadla xəbər verir ki, səfər çərçivəsində Hesablama Palatasının sədri V.Gülməmmədov Qazaxıstan Ali Auditorlar Palatasının sədri Alixan Smayılov ilə görüşüb. Görüşdə hər iki ali audit orqanı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və qurumların fəaliyyəti barədə təqdimatlar edilib.

Görüşdə ali audit orqanı ilə Maliyyə Nazirliyi arasında qarşılıqlı fəaliyyətin dövlət maliyyəsi sahəsində hesabatlılıq və şəffaflığın artırılmasındakı rolu vurğulanıb, büdcə vəsaitlərinin təyinata uyğun xərclənməsində birgə əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Maliyyə Nazirliyinin nümayəndələrinin səfərdə iştirakı praktiki təcrübə mübadiləsinə, həmçinin büdcə idarəçiliyi və maliyyə hesabatlılığının təkmilləşdirilməsinə töhfə verir.

Bundan əlavə, hər iki ölkənin ali audit orqanlarının və maliyyə nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən seminarda dövlət büdcəsinin layihəsi və icrası, eləcə də konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi mövzularında təqdimatlar edilib, maliyyə idarəçiliyinə dair geniş təcrübə mübadiləsi aparılıb.

Eyni zamanda, səfər çərçivəsində nümayəndə heyəti və Qazaxıstan Maliyyə Nazirliyi arasında dövlət büdcəsinin layihəsi və icrası prosesinə dair bir sıra məsələlər, o cümlədən gəlir və xərclərin proqnozlaşdırılması metodologiyası, büdcə vəsaitlərinin idarəedilməsi, nəticəəsaslı büdcə, maliyyə hesabatlılığı və s. üzrə müzakirələr aparılıb.

Xatırladaq ki, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2022–2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ın 19-cu bəndinə əsasən iki ölkənin ali audit orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə ötən il 2024–2026-cı illər üzrə ikitərəfli əməkdaşlıq istiqamətlərini müəyyən edən Tədbirlər Planı təsdiqlənib və tərəflər arasında əməkdaşlıq haqqında memorandum yenidən imzalanıb. Sözügedən sənəddə paralel auditlərin aparılması, kadrların peşəkarlığının artırılması məqsədilə təlim və seminarların təşkili, qabaqcıl təcrübə mübadiləsi üçün işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulub.

Seçilən
9
10
azerbaijan-news.az

10Mənbələr