1960-cı illərin əvvəllərində Avropanın ən böyük avtomobil istehsalçılarından biri olan İtaliyadakı “Fiat” yeni bir avtomobil dizaynı üzərində işləyirdi. Bu dizayn seriyalı istehsala keçdikdən qısa müddət sonra aralarında Türkiyənin də olduğu bir çox ölkədə günümüzdə belə sevənləri olan “124” modeli idi. “Fiat 124” müxtəlif ölkələrdə fərqli adlarla istehsal edildi. Türkiyədə “Murat 124” adı ilə satışa çıxarılan avtomobil “Hacı” ləqəbini də alaraq avtomobil tarixinin maraqlı hekayələrindən birinin baş qəhrəmanına çevrildi. Bəs “Murat 124”ə niyə belə deyilməyə başlandı?
Sherg.az xəbər verir ki, “Murat 124”ün hekayəsi 1968-ci ildə Koç Holdinq və Fiat ortaqlığı ilə yaradılan Türk Avtomobil Fabrikası Anonim Şirkəti - TOFAŞ-ın qurulması ilə başladı. 1969-da Bursada inşasına başlanan zavod 1971-ci ildə Prezident Cevdət Sunay, Baş nazir Süleyman Dəmirəl, Baş Qərargah rəisi Orgeneral Məmdüh Tağmaçın da qatıldığı rəsmi mərasimlə açıldı və həmin il “Fiat 124” modelinə əsaslanan “Murat 124” modelinin seriyalı istehsalı başladı.

“Fiat 124” yalnız Türkiyədə deyil, başqa ölkələrdə də Fiat lisenziyası ilə istehsal edilirdi. 1966-da İtaliyada istehsalına başlanılan və 1967-də Avropada ilin avtomobili seçilən model 1968-də İspaniyanın “Seat” şirkəti tərəfindən “Seat 124” adı ilə istehsal olunmağa başladı. 1970-də Fiat və SSRİ arasında imzalanan müqavilədən sonra bu model Sovetlərdə də “VAZ-2101” adı ilə istehsal edildi.
1971-də Türkiyədə istehsal olunan modelin adı uzun müddət müzakirə mövzusu oldu. Münsiflər heyyəti Nilüfər, Ova, Koza, Uludağ, Murat adları arasından Bursaya adını verən, Osmanlı imperiyasının paytaxtı olmasında mühüm rol oynayan I Muradın adını seçdi. “Fiat 124” modeli İtaliyadan kənarda da istehsal olunduğu üçün “Fiat”ın ən çox satılan modeli oldu. 1970-lərin əvvəlində dünyada 3 milyondan çox satışla böyük populyarlıq qazandı. “Murat 124” Türkiyədə xarici lisenziya ilə istehsal olunan ilk avtomobil idi.
“Hacı Murad”a aparan yol
“Murat 124” modeli satışa çıxarıldıqdan sonra Türkiyədə böyük maraq gördü. 1971-1976-cı illər arasında 134 min 867 ədəd istehsal edildi. O dövrdə Baş nazir Bülənt Ecevit üçün yerli istehsal bir xidməti avtomobil axtarılırdı və “Anadol”, “Murat 124”, “Toros” (Renault 12) modelləri təklif olunmuşdu. 1974-də TOFAŞ ilk avtomobil ixracını həyata keçirdi və “Murat 124”-lər Misirə ixrac olundu. Bu illərdə “Murat 124” modelinin “Hacı Murad”a çevrilməsi hekayəsi də başladı.

1970-ci illərdə Həcc ziyarətini yerinə yetirmək istəyən vətəndaşların Səudiyyə Ərəbistanına səfərində quru yol mühüm seçim idi. Lakin hacı namizədləri bu səfəri yalnız müəyyən avtobus şirkətləri vasitəsilə edə bilirdilər. 1970-ci illərin ortalarında vətəndaşlara öz avtomobilləri ilə Həccə getməyə icazə verildi və “Murat 124”-ün “Hacı Murad”a çevrilmə hekayəsi başladı. “Murat 124” sahibləri avtomobilləri ilə Həccə gedib qayıtdıqca bu avtomobillərə cəmiyyətdə “Hacı Murad” deyilməyə başlandı.
“Murat 124” istehsalı 1976-ya qədər davam etdi. TOFAŞ 1976-da “Murat 124” istehsalını dayandırdı və “Fiat 131” modelini “Murat 131” adı ilə istehsal etməyə başladı. Həmin il TOFAŞ zavodunda “Şahin” istehsalı başladı və beləliklə türk xalqı üçün başqa bir əfsanəyə çevrilən “Quş seriyası” avtomobillərin dövrü başladı. “Murat 124”ləri indi də küçələrdə görmək mümkündür. İlk istehsal olunan “0000001” şassi nömrəli avtomobil hazırda TOFAŞ Bursa Anadolu Avtomobilləri Muzeyində sərgilənir.
İllər keçməsinə baxmayaraq həvəskarları yaşadır
Bu gün “Murat 124” markalı avtomobillərin çoxlu sayda həvəskarı var. Onlardan biri də Eskişehirdə yaşayan Rəcəb Gürlüdür. Keçmişdə taksi sürücülüyü edən Gürlü maddi imkanları olmadığından “Murat 124” sahibi olmaq arzusunu təxirə salmalı olmuşdu. O, 2012-də ilk “Murat 124”-ünə sahib olaraq arzusunı reallaşdırdı. “Murat 124”-ə olan sevgisini oğlu ilə bölüşən Gürlü ehtiyat hissələri kimi aldığı “Murat 124”ləri oğlu ilə birlikdə bərpa edərək 50 avtomobildən ibarət klub qurdu.

Əvvəlki müsahibələrində “Bu maşın məni müalicə edir. Mən bununla rahatlaşıram” deyən Gürlü, gələn bütün satınalma təkliflərinə mənfi cavab verdiyini bildirərək deyir: “Məndən sonra nəvəm var. Bu maşın ona qalacaq. Sünnət toyu günü bunu ona hədiyyə etmişəm. Sağ olduğum müddətdə bir yerdəyik, ondan sonra bu maşın onundur. Allah satmağı nəsib etməsin”.