AZ

Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil

Hərbi

“İlk dəfə deyil ki, Rusiyanın dron və raketləri bilərəkdən və ya nəzarəti itirərək Polşa ərazisinə düşür. Əvvəllər də Rusiya dronu Polşa və Rumıniya ərazilərinə düşüb. Sadəcə, indi ilk dəfədir ki, dronlar kütləvi halda Polşa sərhədini keçib. Məndə olan məlumata görə, Rusiyaya məxsus 21 dron Polşaya daxil olub. Polşa və müttəfiqləri isə cəmi 4 dron vura biliblər”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, NATO ölkəsi olan Polşanın radilokasiya sistemi öz zəifliyini göstərib. Çünki Polşaya dron hücumu haqqında məlumatı Ukrayna müdafiə qüvvələri verib. Yəni Ukrayna dronların Polşaya doğru uçması barədə rəsmi Varşavanı məlumatlandırıb. Bu da onu göstərir ki, həm Polşanın, həm də NATO-nunradiolokasiya sistemi zəifdir.

A. İsazadənin qənaətincə, bu hücumdan Avropa dərs götürməli, zəif və güclü tərəflərini bir daha nəzərdən keçirməlidir.

“Diqqət edin, NATO ölkəsinə dron hücumunu özünün radar sistemi deyil, Ukrayna xəbər verir. Digər tərəfdən, NATO ölkəsi olan Polşa və müttəfiqləri 21 drondan cəmi 4 dronu vurub. Hətta səmaya müasir “F-35” qırıcıları da qaldırılıb. Faktiki olaraq Rusiya test formasında NATO ölkəsinin hava-müdafiə sistemini yoxlayıb. Bu onun göstərib ki, hərbi baxımdan NATO və Polşanın müdafiə sistemi güclü deyil, üstəlik, müharibəyə də hazır deyillər. Eyni zamanda bu hadisəyə siyasi reaksiya çox zəif və yumşaq oldu. Normalda bu halda müttəfiqlər NATO nizamnaməsinin 5-ci maddəsi haqqında danışmalı idilər. Amma biz görürük ki, daha çox 4-cü maddədən söz açırlar. Bu maddə təhlükəli halda müttəfiqlər arasında məsləhətləşmələrin keçirilməsini nəzərdə tutur.

Polşa prezidenti bəyan edib ki, Təhlükəsizlik Şurasının iclasını iki gün ərzində çağıracaq. Təsəvvür edin, dünən hücum edilib, ölkənin Təhlükəsizlik Şurası iki gün ərzində toplaşıb müzakirə aparacaq.

Bundan başqa, Polşanın baş naziri Tuskun da reaksiyası yumşaq oldu, dedi ki, əhali narahat olmasın, biz məsələni diqqətlə izləyirik. Mən hesab edirəm ki, bütün bunlar onu deməyə əsas verir ki, Polşa, Avropa və NATO müharibəyə hazır deyil”,- İsazadə vurğulayıb.

Müsahibimiz bəyan edib ki, Rusiyanın bu cür davranışlarına reaksiya adətən ciddi və güclü olmalıdır. Onun sözlərinə görə, belə bir reaksiyanı zamanında Türkiyə nümayiş etdirib:

“Rusiyaya məxsus qırıcı Türkiyə hava məkanını səhv etmirəmsə, cəmi 11 saniyə pozmuşdu. Türk hava qüvvələri həmən sərhədi pozan Rusiya qırıcısını məhv etdi. Rusiya elə bir ölkədir ki, ancaq zorun və ya gücün dilini daha tez anlayır”.

İsazadə sonda əlavə edib ki, Polşa və NATO-nun belə zəif reaksiyası Rusiyanı ancaq ruhlandıra bilər. “Son olaylar bir daha göstərdi ki, NATO Avropanı qorumağa hazır deyil. İndi Avropanı yalnız bir qüvvə - Ukrayna Müdafiə Qüvvələri qoruyur və təhlükəsizliyini təmin edə bilər”,- deyə hərbi ekspert yekunlaşdırıb.

Nemət ORUCOV
Reyting.az
Seçilən
13
1
reyting.az

2Mənbələr