Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunmuş sosial təşəbbüs çərçivəsində ATL Akademiya, "Baku Juniors" idman klubu və Azərbaycan Futbol Hakimləri İctimai Birliyi arasında xüsusi əməkdaşlıq memorandumu imzalanıb.

Offsideplus.az xəbər verir ki, Memorandum çərçivəsində qadın futbol hakimi Brilyant Əhmədzadəyə ATL Akademiyada Java Backend Proqramlaşdırma sahəsində 100% təqaüdlə təhsil alma imkanı yaradılıb.

18 yaşında peşəkar futbol karyerasına başlayan Brilyant "Keşlə", "Xırdalan City" və "Baku Juniors" klublarında çıxış edib.

Layihənin əhəmiyyətini dəyərləndirən Azərbaycan Futbol Hakimləri İctimai Birliyi, bu təşəbbüsün qadın hakimlərin sosial və peşəkar inkişafına təkan verəcəyini qeyd edir. Birlik, gələcəkdə digər perspektivli qadın hakimlərin də bu cür layihələrə cəlb olunması istiqamətində fəaliyyətlərini gücləndirməyi planlaşdırır.

Qurumun sədri Gülağa Cabbarov bildirib: "Brilyantın bu uğuru göstərir ki, qadın hakimlər üçün təkcə meydanda deyil, meydandan kənarda da inkişaf imkanları mövcuddur. Biz belə təşəbbüslərin genişlənməsi üçün dəstəyimizi əsirgəməyəcəyik."

ATL Akademiya direktoru Xanım Hüseynzadə "Bu təşəbbüs yalnız bir şəxsə təqdim olunan təqaüd deyil, həm də qadınların texnologiyaya keçidində bir körpüdür. Brilyant Əhmədzadənin bu yolçuluğu digər gənc qadınlar üçün də motivasiya mənbəyinə çevriləcək", deyə qeyd edib. 

Brilyant Əhmədzadə, futbolçu karyerası dövründə Baku Juniors İdman Klubunun heyətində çıxış edərkən təşəbbüs göstərərək klubun rəsmi veb-saytının hazırlanmasını öz üzərinə götürüb və bu prosesi uğurla tamamlayıb. Məhz həmin dövrdə o, texnologiya sahəsinə olan marağını klub rəhbərliyi ilə bölüşüb. "Baku Juniors"un təşəbbüsü və ATL Akademiyanın dəstəyi ilə Brilyant Əhmədzadəyə Java Backend Proqramlaşdırma sahəsində 100% təqaüdlə təhsil alma imkanı yaradılıb.

"Baku Juniors" idman klubunun klub meneceri Ağasəf Osmanlı bu barədə bildirib: "Biz yalnız idmanda deyil, qadınların hərtərəfli inkişafında onların yanındayıq. Brilyantın həyatında yeni bir mərhələnin başlanması bizi sevindirir və bu kimi təşəbbüsləri dəstəkləməyə davam edəcəyik."