AZ

Kamran Əliyevin Sinqapura işgüzar səfəri başa çatıb -FOTO

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapurda işgüzar səfərdə olub.

 

Senzor.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bildirir ki, tədbirdə Baş prokurora ötən il Bakıda Baş Prokurorluğun təşkilatçılığı ilə yüksək səviyyədə keçirilmiş Assosiasiyanın 29-cu Ümumi Yığıncağının uğurlu təşkilinə görə təltifnamə təqdim olunub. Bununla əlaqədar çıxış edən Baş prokuror qeyd edib ki, bu mükafat ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisi olmaqla yanaşı, Azərbaycan Prokurorluğunun qlobal miqyasda səmərəli fəaliyyətinə verilən yüksək qiymətin təzahürüdür.

 

Konfrans zamanı, həmçinin “İqtisadi cinayətlər və aktivlərin bərpası üzrə ixtisaslaşmış şəbəkə” adlı sessiya təşkil olunub. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisi İsfəndiyar Hacıyevin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikası  Baş prokurorunun müavini Heydər Məmmədov “İqtisadi cinayətlərin araşdırılmasında və aktivlərin qaytarılmasında texnologiya əsaslı yanaşmalar – Azərbaycan təcrübəsi” mövzusunda çıxış edərək, ölkəmizdə maliyyə cinayətlərinin istintaqı, aktivlərin qaytarılması, süni intellekt və müasir texnologiyaların tətbiqi sahəsində əldə edilmiş təcrübə barədə iştirakçıları məlumatlandırıb.

 

Tədbir çərçivəsində Baş prokuror Böyük Britaniyanın Kral Prokurorluğu Xidmətinin rəhbəri, Səudiyyə Ərəbistanı Krallığı, İsveç Krallığı və Litva Respublikasının Baş prokurorları, eləcə də Malayziya və Braziliya Federativ Respublikasının Baş prokurorlarının müavinləri ilə ikitərəfli görüşlər keçirib.

 

Görüşlər zamanı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub, tərəflər beynəlxalq cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı etimada əsaslanan birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayaraq, əməkdaşlıq haqqında Memorandumun imzalanması imkanlarını da müzakirə ediblər. 

 

Bununla yanaşı, qarşılıqlı maraq doğuran bəzi konket cinayət işlərinin istintaqı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi baş tutub.

 

Tədbirdə ölkəmizin İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev də iştirak edib.

Seçilən
15
8
senzor.az

10Mənbələr