AZ

“Predu”da qalmaqal: Tərbiyəçinin uşaqla davranışı narazılıq doğurdu

Sosial şəbəkələrdə “Predu” uşaq bağçasında çəkilmiş görüntülər geniş müzakirələrə səbəb olub. Vətəninfo.az xəbər verir ki kadrlarda tərbiyəçinin azyaşlını yatması üçün dəfələrlə zərbə ilə yatağa atması, uşaqların nəzarətsiz qalaraq yerdə yatması və ümumiyyətlə baxımsız vəziyyətdə olması əksini tapıb.

Sözügedən videogörüntülər cəmiyyətdə ciddi narazılıq doğurub. Valideynlər və sosial şəbəkə istifadəçiləri azyaşlılara qarşı belə münasibətin qəbuledilməz olduğunu bildirərək məsələ ilə bağlı dərhal tədbir görülməsini tələb ediblər.

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, problem təkcə ayrı-ayrı şəxslərin qeyri-peşəkarlığı ilə deyil, bütövlükdə sistemdəki hüquqi və nəzarət boşluqları ilə bağlıdır:

“Tərbiyəçi peşəsi yalnız bilik deyil, psixoloji dayanıqlılıq, uşaqla davranış mədəniyyəti və emosional sabitlik tələb edən sosial məsuliyyətli sahədir”, – deyən K.Əsədov vurğuladı ki, mövcud mexanizmlər bu keyfiyyətlərin yoxlanmasını və inkişafını sistemli şəkildə təmin etmir.

Ekspert qeyd edib ki, “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda uşaq hüquqları və onların psixoloji durumunun nəzərə alınması açıq şəkildə göstərilsə də, bağçalarda işləyən bir çox tərbiyəçi bu tələblərə uyğun olmur:

“Hazırda tərbiyəçilərin işə qəbulu yalnız pedaqoji diplom və cinayət arayışı ilə məhdudlaşır. Psixoloji test və ya emosional sabitliyin qiymətləndirilməsi nəzərdə tutulmur. Bu isə uşaqla birbaşa ünsiyyətdə  şəxslərin psixoloji durumunun yoxlanılmadan sistemə daxil olmasına səbəb olur”.

Məsələ ilə bağlı “Predu” bağçasına müraciət etdik. Qurumdan bildirildi ki, onlar mövzu ilə bağlı açıqlama verməyəcəklər. Həmin tərbiyəçi ilə bağlı hansısa ölçünün götürülüb-götürülməyəcəyi isə hələ ki, məlum deyil. Sfera.az

Seçilən
31
veteninfo.az

1Mənbələr