Ermənistan və Azərbaycan nümayəndə heyətləri dövlət sərhədində qarşılıqlı səfərlər həyata keçiriblər. Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin sərhədyanı bölgələrə, əsasən Sünik vilayəti (Zəngəzur bölgəsi – red.) və Zəngilan rayonuna səfərləri olub.
Məkan təsadüfi seçilməyib: Sünik (Zəngəzur) və Zəngilan həm SSRİ dövründə tərəflər arasında mühüm təmas və hərəkət nöqtəsi olub, həm də bu gün maneəsiz hərəkət prinsipinin təmin edilməsi baxımından vacib nöqtədir. Başqa cür desək, bu ərazi gələcəkdə kommunikasiya xətlərinin açılması, nəqliyyat əlaqələrinin bərpası baxımından stratejidir.
Prinsipcə tərəflər artıq reallığı qəbul edir. Bu səfərlər həmin reallığın qarşılıqlı tanınması və hüquqi rəsmiləşmənin icrası baxımından mühümdür. Təbii ki, prosesin arxasında dayanan geosiyasi amilləri də nəzərdən qaçırmaq olmaz. Regionda dəyişən qüvvələr balansı, beynəlxalq oyunçuların (xüsusilə də Avropa İttifaqı və ABŞ-ın) artan marağı və Rusiyanın nisbətən passiv mövqeyi tərəfləri daha çox birbaşa dialoqa təşviq edir. Bu kontekstdə sərhədyanı səfərlər artıq vasitəçilərlə deyil, birbaşa, ikitərəfli siyasi iradə ilə formalaşan sülh modelinin konturlarını göstərir.
Turan Rzayev
MİA.AZ