AZ

Son 5 ilin qürur səhifələri: Sentyabrın taleyimizdə tarixi izi - ÖZƏL

"Keçmiş Dağlıq Qarabağ münaqişəsinin və ondan sonrakı törəmə problemlərin tam həlli prosesi üçün son 5 il xüsusi əhəmiyyət kəsb edir. Maraqlıdır ki, bu dövrdə ən diqqətçəkən hadisələr məhz sentyabr ayında baş verib."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"2020-ci ilin sentyabrında Vətən müharibəsi başladı. 2022-ci ilin sentyabrında Azərbaycan ekoloqlarının ölkəmizin təbii sərvətlərinin ermənilər tərəfindən istismarına qarşı aksiyalarına start verildi. 2023-cü ilin sentyabrında isə antiterror tədbirləri həyata keçirildi və Azərbaycanın suverenliyi tam bərpa olundu.

Ümumiyyətlə, bu rəmzi tarixlərin üst-üstə düşməsi maraqlı bir harmoniya yaradır. Bu faktı Azərbaycan xalqının taleyi ilə bağlamaq olar. Son 5 ildə xalqımızın ən böyük xoşbəxtlikləri məhz sentyabr ayına təsadüf edib. Belə demək mümkündür ki, Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtələri və uğurlar məhz sentyabr aylarında reallaşaraq xoşbəxtlik rəmzinə çevrilib.

Sentyabr ayında baş verən hadisələr Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunmasına gətirib çıxardı. Əlbəttə, bu hadisələrin mahiyyəti yalnız eyni ayda baş vermələri ilə məhdudlaşmır. Əsas məqam odur ki, ardıcıl olaraq baş verən bu proseslər Azərbaycanı addım-addım öz ərazi bütövlüyünə və suverenliyinə yaxınlaşdırdı.

Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizə tarixi yazılarkən bu məqama xüsusi diqqət yetiriləcək. Sentyabr ayının bu prosesdəki simvolik əhəmiyyəti isə ayrıca qiymətləndiriləcək."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr