AZ

Rus qazı ilə bağlı Trampın Avropadan sərt tələbi - ABŞ-Rusiya münasibətləri necə olacaq?..


Bəhruz Quliyev: "Avropa Rusiya yanacağından imtina edərsə, ABŞ-Rusiya münasibətləri daha da gərginləşəcək"

ABŞ-ın enerji naziri bildirib ki, Avropa Rusiyadan neft və qaz almağı dayandırarsa, Vaşinqton Moskvaya təzyiqi artıracaq. Kris Rayt Rusiya yanacağını Amerika LNG (maye qaz), benzin və digər məhsullarla əvəz etməyi təklif edib.

ABŞ-ın energetika naziri Kris Rayt bazar ertəsi, sentyabrın 8-də Financial Times qəzetinə müsahibəsində bildirib ki, Avropa ölkələri Vaşinqtonun Moskvaya qarşı sanksiyaları sərtləşdirməsini istəyirlərsə, Rusiya nefti və qazını almağı dayandırmalıdırlar.

"Əgər avropalılar xətt çəkib, "biz daha Rusiya qazını almayacağıq, daha Rusiya neftini almayacağıq" desələr, bu, ABŞ-ın sanksiyaların tətbiqində daha aqressiv olmasına müsbət təsir göstərəcəkmi? Əlbəttə...", - Rayt bildirib.

O, Rusiyanın enerji resurslarını Amerikanın mayeləşdirilmiş təbii qazı, benzini və digər məhsulları ilə əvəz etməyi təklif edib. Onun sözlərinə görə, bu, Aİ-yə ABŞ-la ticarət sazişinin şərtlərini yerinə yetirməyə imkan verəcək, buna görə Avropa ölkələri 2028-ci ilin sonuna kimi 750 milyard dollar dəyərində Amerika enerji resurslarını almalıdır.

ABŞ-ın bu təklifi baş tutsa, Avropa rus qazından imtina edib Amerika qazı alsa, Vaşinqton ruslara sanksiyanı kəskinləşdirsə, ABŞ-Rusiya münasibətlərində nə baş verəcək?

"Bu günlərdə ABŞ-ın energetika naziri Kris Raytın bəyanatı Vaşinqtonun həm enerji bazarında, həm də siyasi münasibətlərdə yeni istiqamətə yönəldiyini göstərir. Hesab edirəm ki, əgər Avropa Rusiya nefti və qazından imtina edib ABŞ-ın LNG və digər enerji məhsullarını alsa, bir neçə mühüm dəyişiklik baş verə bilər". Bunu "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev baki-xeber.com nəşrinədeyib.

Siyasi şərhçi əlavə edib ki, belə vəziyyətdə Moskvanın Avropa üzərində enerji təzyiqi zəifləyəcək: "Bu isə Rusiyanın siyasi təsir imkanlarını azaldaraq onu daha da təcrid vəziyyətinə salacaq.

Eyni zamanda, Avropa Rusiya yanacağından imtina edərsə, düşünürəm ki, ABŞ-Rusiya münasibətləri daha da gərginləşəcək. Sözsüz ki, Vaşinqtonun sərtləşdirilmiş sanksiyalarına qarşıMoskvanın adekvat cavabı və addımları da olacaq. Bu isə qlobal siyasi gərginliyi artıra bilər.

Digər tərəfdən qeyd edək ki, Avropa üçün iqtisadi yük artacaq. ABŞ qazı Rusiyadan baha olduğuna görə Avropa ölkələri siyasi təhlükəsizlik qazansalar da, istehsal və istehlak sahəsində əlavə çətinliklərlə üzləşə bilərlər.

Ən əsası odur ki, əgər belə bir addım atılarsa, qlobal enerji bazarında yeni xəritə formalaşacaq. ABŞ Avropanın əsas enerji tərəfdaşına çevriləcək, Rusiya isə Çin və Asiya bazarlarına daha çox yönəlməyə məcbur qalacaq".

"Hesab edirəm ki, bu proses ABŞ-ın təşəbbüsü ilə düzəlməyə doğru gedən prosesləri gecikdirəcək vəVaşinqton-Moskva münasibətlərində kompromis imkanlarını minimuma endirəcək, qarşıdurma risqlərini isə ciddi şəkildə artıracaq," - deyə, B. Quliyev qeyd edib.

Akif NƏSİRLİ

Seçilən
22
47
baki-xeber.com

10Mənbələr