AZ

Parisdə Azərbaycan mətbəxi və Qəbələnin qastronomiya potensialı təqdim olunub  

Parisdə Eyfel qülləsinin yaxınlığında Beynəlxalq Qastronomiya Günləri Festivalı çərçivəsində Azərbaycan pavilyonu da fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, milli mətbəximizin ləziz təamları elə ilk dəqiqələrdən festival ziyarətçilərinin diqqətini cəlb edib.

Azərbaycanın Fransadakı səfirliyi və “Azərbaycan Dostları” Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil edilmiş pavilyonu səfir Leyla Abdullayeva, onun müxtəlif ölkələrdən olan səfir həmkarları, Parisdəki diplomatlarımız və festival iştirakçıları ziyarət ediblər.

Sentyabrın 14-dək ziyarətçiləri qəbul edəcək Azərbaycan pavilyonunda mətbəximizin inciləri - ənənəvi yeməklərlə, şərablarla yanaşı, milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.

Paris Beynəlxalq Qastronomiya Günlərində ölkəmizin ən böyük turizm menecmenti şirkətlərindən olan “Gabala Hospitality Group” iştirak edir.

Pavilyonumuzun ziyarətçiləri Azərbaycanın qastronomik turizm istiqaməti olan füsunkar Qəbələ bölgəsinin mətbəx irsi ilə tanış olurlar. Qrupun aşpazları Elmar Əliyev və Rasim Nəcəfov ziyarətçilərə bölgənin dağ ətrini və zəngin dadlarını əks etdirən yeməkləri təqdim edirlər. Pavilyon ziyarətçilərə şah plov, dolma, qaralı plov, müxtəlif turşular, eləcə də milli şirniyyatlarımız - şəkərbura, paxlava, badambura, müxtəlif mürəbbələr, milli çay təqdim olunur. Həmçinin yerli şərablar, müxtəlif milli məhsullar stendimizi bəzəyir.

Ziyarətçilər “Happy Day Cake” şirniyyat evinin hazırladığı paxlava və şəkərburaya heyranlıqlarını bildirirlər. Bununla yanaşı, iştirakçılar Azərbaycan xalqının qədim şirniyyat mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

Qeyd edək ki, Paris Beynəlxalq Qastronomiya Günləri 2016-cı ildən etibarən keçirilir. Bu il festival çərçivəsində 60-dan çox ölkəni təmsil edən pavilyonlar, habelə 120-ə yaxın ölkədən nümayəndələr bir araya gəlib. Tədbiri 40 mindən çox insanın ziyarət edəcəyi gözlənilir.

Seçilən
0
3
azerbaijan-news.az

9Mənbələr