AZ

Alla Puqaçova Rusiyanı tərk etməsinin səbəblərini açıqladı – Video

Rusiyanın Xalq artisti, məşhur müğənni Alla Puqaçova uzun müddət sonra ilk dəfə geniş müsahibə verib.

Tribunainfo.az xəbər verir ki, Puqaçova jurnalist Katerina Qordeyevaya müsahibəsində əsas olaraq Rusiyanı tərk etməsi səbəbləri barədə danışıb.

Müğənni xatırladıb ki, 2022-ci ildə Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra övladları və həyat yoldaşı Maksim Qalkinlə ölkəni tərk edərək İsrailə yollanıblar.

Onun sözlərinə görə, M. Qalkinin Rusiyada “xarici agentlər” reyestrinə daxil edilməsindən sonra onların qızı Yelizaveta və oğlu Qarri məktəbdə təhqirlərlə üzləşiblər. Bundan sonra isə Puqaçova ölkədən getmək barədə qərar qəbul edib.

O bildirib ki, Rusiyadan getdikdən sonra həmkarları, bəzi siyasətçilər və ictimai xadimlər tərəfindən tənqidlərə məruz qalıb və çoxları onu Rusiyaya xəyanət etməkdə günahlandırıb: “Lap çoxdan demişdim ki, çox sevdiyim vətənimi yalnız bir halda tərk edə bilərəm – vətənim mənə xəyanət etsə. O isə mənə xəyanət etdi”.

Puqaçova müsahibəsində həmçinin vurğulayıb ki, ölkəni tam hazırlığı olmadan tərk edib: “Bizim nə villamız, nə pulumuz vardı. Köçdükdən sonra isə yalnız İsrail vətəndaşlığı almaqla məşğul olmuşam”.

Müğənni eyni zamanda köçdükdən sonra bir neçə dəfə Rusiyaya səfər etdiyini, sonuncu dəfə ötən il ölkədə olduğunu bildirib.

Xatırladaq ki, M.Qalkin “xarici agentlər” reyestrinə 2022-ci ilin sentyabrında daxil edilib. Buna səbəb yumoristin sosial şəbəkə paylaşımlarında Rusiya siyasətini və Ukraynaya qarşı aparılan müharibəni pisləməsi olub. Bunun ardınca cütlük övladları ilə ölkəni tərk edib.

“Qafqazinfo”

Seçilən
1
2
tribunainfo.az

3Mənbələr