AZ

“Baku Water Week 2025” çərçivəsində qlobal su təhlükəsizliyi və iqlim çağırışları müzakirə olunub

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də “Baku Water Week 2025” (Bakı Su Həftəsi) çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) təşkilatçılığı ilə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən ADSEA sədrinin birinci müavini Xəyyam Məmmədov su ehtiyatlarının idarə olunmasının artıq milli deyil, qlobal əhəmiyyət daşıyan məsələ olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, Azərbaycanda su resurslarının qorunması və səmərəli istifadəsi dövlət siyasətinin əsas prioritetlərindəndir. “Ölkəmizdə keçirilən genişmiqyaslı islahatlar və layihələr məhz bu məqsədə xidmət edir. Lakin biz yaxşı bilirik ki, su qıtlığı və iqlim dəyişimləri kimi çağırışlar yalnız bir ölkənin imkanları ilə həll edilə bilməz. Ona görə də əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslər xüsusi önəm daşıyır. Bu konfrans məhz belə bir platformadır - burada müzakirə ediləcək ideyalar və irəli sürüləcək təkliflər gələcək addımlarımıza istiqamət verəcək. Biz inanırıq ki, burada aparılacaq dialoq nəticəsində yeni tərəfdaşlıqlar formalaşacaq, su idarəçiliyi sahəsində regional və qlobal səviyyədə daha səmərəli həll yolları ortaya çıxacaq”, - deyə ADSEA rəsmisi bildirib.

Açılış nitqindən sonra konfrans plenar sessiya və panel müzakirələrlə davam edib.

Arizona Dövlət Universitetinin professoru Olcay Ünverin modetorluğu ilə keçən “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” mövzusunda plenar sessiyada ADSEA-nın sədri Zaur Mikayilov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, "ACWA Power"in Baş icraçı direktoru Marco Arcelli, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış ediblər.

Zaur Mikayilovun sözlərinə görə, dünyada suya tələbat sürətlə artır, iqlim dəyişmələri, əhalinin artımı, urbanizasiya və sənayeləşmə nəticəsində resurslar üzərində təzyiq daha da güclənir. “Bu isə ölkələri yeni yanaşmalara və birgə hərəkətə məcbur edir. Liderlik isə burada əsas həlledici amildir - yalnız strateji vizyona, çevik qərarlara və məsuliyyətli idarəetməyə əsaslanan liderlik bizi çətinliklərdən çıxara bilər. Azərbaycanın su siyasəti məhz bu prinsiplərə söykənir. Ölkəmizdə qəbul olunmuş milli su strategiyası yaxın onilliklər üçün qarşımıza aydın hədəflər qoyur; su ehtiyatlarının ədalətli və rasional idarə edilməsi, infrastrukturun müasirləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi, alternativ və dayanıqlı su mənbələrinin inkişafı, elm, innovasiya və beynəlxalq əməkdaşlığın gücləndirilməsi. Bu məqsədlə genişmiqyaslı layihələr həyata keçirilir. Yeni su anbarlarının tikintisi, suvarma sistemlərinin yenilənməsi, şəhər və kəndlərdə içməli su təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Eyni zamanda, rəqəmsal idarəetmə platformaları vasitəsilə su balansı, sərfiyyat və itkilər real vaxt rejimində izlənir. Lakin bugünkü reallıq göstərir ki, ənənəvi mənbələr kifayət etmir. Ona görə də biz alternativ həllərə xüsusi diqqət ayırırıq – yağış sularının toplanması, təkrar istifadənin təşviqi, müasir duzsuzlaşdırma texnologiyalarının tətbiqi. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq bizim üçün olduqca önəmlidir”, - deyə Z.Mikayılov qeyd edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu ildən yerli istehsal olan müasir suvarma avadanlıqlarının subsidiyalaşdırma səviyyəsinin artırılacağını bildirib. Onun sözlərinə görə, bununla həm fermerlər üçün əlçatanlığı artırmaq, həm də ölkədə istehsal potensialını və yeni iş yerlərini genişləndirmək planlaşdırılır. “İşğaldan azad edilmiş ərazilərdə selləmə suvarma tamamilə qadağan olunacaq. Bu, gələcəkdə Azərbaycanda selləmə suvarmanın ölkə üzrə mərhələli şəkildə dayandırılması istiqamətində ilk addım olacaq. Biz müasir suvarma sistemlərinin geniş tətbiqi ilə həm suya qənaət etməli, həm də məhsuldarlığı artırmalıyıq”, - deyə nazir diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev qeyd edib ki, iqlim dəyişikliyi və orta temperaturun artması dünyada olan su resurslarının yığılmasına və istifadəsinə çox böyük təsir göstərir. Bu gün həmin təsirlər buzlaqların əriməsinə, qar ehtiyatlarının azalmasına gətirib çıxarır. Hazırda bütün dünyada həmin proses gedir. Əfsuslar olsun ki, Azərbaycanda da buzlaqların əriməsini və qar ehtiyatlarının azalmasını müşahidə edirik.

Hər il dağlara, xüsusilə Böyük Qafqaza və Kiçik Qafqaza ekspedisiyaların təşkil olunduğunu diqqətə çatdıran Muxtar Babayev əlavə edib: “Mütəxəssislər dağlarda çox ciddi prosesin getməsinə şahidlik edirlər. Hər il dağlarımızda qar ehtiyatları azalır, buzlaqlar əriməyə məruz qalır. Təəssüf ki, həmin proses bütün dünyada baş verir. Əlbəttə ki, ilkin səbəbi iqlim dəyişikliyi, orta temperaturun artması, digər səbəbi yağıntıların qeyri-bərabər bölünməsidir. Bu da istər-istəməz sululuğun azalmasına, daşqınların, sellərin və digər hidrometeoroloji hadisələrin baş verməsinə gətirib çıxarır. Əlbəttə ki, həmin məsələlərin müzakirəsində dövlətlərdən başqa, beynəlxalq təşkilatlar da aktiv rol oynayır. Demək olar ki, Azərbaycanda da illərdir beynəlxalq təşkilatlar və maliyyə institutları ilə birlikdə həmin məsələlərin müzakirəsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, beynəlxalq təşkilatlarla birlikdə çoxlu su layihələri həyata keçirilir. Lakin su ehtiyacının artması ilə əlaqədar böyük narahatlıq var. Dünyada ölkələr su bol olan, sarı zonada yerləşən, - yəni, su nisbətən onların ehtiyaclarını qarşılaya bilir, - su qıtlığı ilə üzləşmiş və üzləşə bilənlərə bölünür. Su qıtlığı ilə üzləşmiş və ya onlara yaxın olan ölkələrin siyahısı hər il çoxalır. Əfsuslar olsun ki, Azərbaycan da həmin siyahının içindədir. Bizim üçün də çox ciddi tədbirlərin görülməsi vacibdir. Əlbəttə ki, ciddi risklərin qarşısının tam alınması mümkün görünmür, lakin adaptasiya planlarının hazırlanması mümkündür”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin sözlərinə görə, su ehtiyatlarının çirklənməsi və qıtlığı təkcə ekosistemlər üçün deyil, həm də ölkələrin iqtisadi və sosial sabitliyi üçün birbaşa risk yaradır: “Suyun keyfiyyəti pozulduqda kənd təsərrüfatında məhsuldarlıq azalır, ictimai su təchizatı çətinləşir. Həmçinin ictimai sağlamlıq təhlükə altına düşə, nəticədə sosial gərginliklər yarana bilər. Nazirlik su ehtiyatlarının qorunması məqsədilə bir sıra prioritet istiqamətlər müəyyənləşdirib. İlk növbədə, müasir monitorinq sistemləri tətbiq olunur. Hidrobioloji və kimyəvi analizlər, peyk müşahidələri və rəqəmsal bazalar vasitəsilə çaylarda, göllərdə və yeraltı sularda ekoloji vəziyyət izlənilir. İkinci istiqamət ekoloji ekspertizadır. İstənilən layihə və ya infrastrukturun həyata keçirilməsi zamanı su ehtiyatlarına təsir ciddi şəkildə qiymətləndirilir. Üçüncü istiqamət isə beynəlxalq hesabatlılıqdır. Azərbaycan BMT-nin Su konvensiyana daxil olmaqla, beynəlxalq mexanizmlər çərçivəsində öhdəlikləri yerinə yetirir və regional əməkdaşlığa töhfə verir. Eyni zamanda, su ehtiyatlarının qorunması ilə bağlı ekosistem yanaşmasını əsas tuturuq. Çay hövzələrinin ekoloji balansının qorunması, yaşıllıqların bərpası, meşə zolaqlarının artırılması kimi tədbirlər yalnız təbiəti qorumaqla məhdudlaşmır, həm də su dövranını sabitləşdirir və iqlim dəyişikliyinin mənfi təsirlərini azaldır. Beləliklə, Azərbaycanın mövqeyi aydındır: Su idarəçiliyində ekoloji yanaşma artıq seçim deyil, strateji zərurətdir. Bu, həm daxili ekosistemlərin sağlamlığına, həm də regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Nazirlik olaraq, biz həmin missiyanı davam etdirərək bütün tərəfdaşlarla birgə daha davamlı ekoloji cəhətdən təhlükəsiz gələcək qurmaq üçün əməkdaşlığa hazırıq”.

Konfrans zamanı “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma”, “Alternativ su mənbələrinin idarə edilməsində innovativ yanaşmalar”, “Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq”, “Su ehtiyatlarının davamlılığı: Elm və innovasiyanın rolu” mövzularında panel müzakirələr keçirilib.

Həmçinin “Hackathon” müsabiqəsində qalib gəlmiş komandalar təltif olunublar.

Xatırladaq ki, “Baku Water Week 2025”-də Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 70-dək şirkət və nümayəndə heyətləri iştirak edir.

Seçilən
1
1
azertag.az

2Mənbələr