AZ

"İşsiz statusu almaq iş tapmaqdan çətin olub" - Bakı və bölgələrdə uyğunsuzluq davam edir...


Azərbaycanda rəsmi işləyənlərin sayı azalır. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarında bəhs edilir. Qurumun açıqlamalarının təhlili göstərir ki, təkcə son bir ayda ölkədə rəsmi işləyənlərin sayı 2 min 400 nəfər azalıb.

DSK vurğulayır ki, 2025-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 768 min 400 nəfər olub. Onlardan 858 min 100 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 910 min 300-ü isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Komitə bundan bir ay əvvəl isə rəsmi işləyənlərin sayını 1 milyon 770 min 800 nəfər göstərmişdi. Bu il yanvarın 1-i ilə müqayisədə ölkədə muzdla işləyənlərin sayı ümumilikdə 10 mindən, ayrıca dövlət sektorunda çalışanlar isə 24 mindən çox azalıb. Azərbaycan hökuməti bu azalmalar ilə bağlı hər hansı açıqlama verməyib. Amma Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sentyabrın 10-da keçirilən iclasında komitə sədri Musa Quliyev deyib ki, dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmir və ümumiyyətlə, iş yerlərinin bağlanmasının tərəfdarı deyil. Komitə sədri bildirib ki, bu ilin birinci yarım ilində yeni açılan iş yerlərinin sayı 48,9 min olub. Onun sözlərinə görə, bunlardan 92,1%-i qeyri-dövlət sektorunu əhatə edir: “Bu, yaxşı göstəricidir. Bağlanan iş yerlərinin sayı isə 4,3 min - 54,3%-i qeyri-dövlət sektoru olub. Dövlət sektorunda iş yerlərinin bağlanmasının qəti tərəfdarı deyiləm. Bəziləri deyirlər ki, bu, dövlətin yükünü azaltmaqdır. Dövlətin sosial məsuliyyətindən biri də vətəndaşı iş yeri ilə təmin etməkdir. İş yerlərinin bağlanmasının tərəfdarı deyiləm. Xüsusilə, dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmirəm”. O əlavə edib ki, Azərbaycanda açılan iş yerlərinin 74.7 faizi Bakı şəhərinin payına düşür. Onu da qeyd edək ki, Azərbaycanda nəinki yeni iş yerləri, elə onları yaradan sahibkarlıq subyektləri də əsasən, Bakı və Abşeronda cəmləşib. Sahibkarlıq subyektlərinin fəaliyyət sahəsi üzrə bölgüsündə kənd təsərrüfatı heç 10 faiz belə paya malik deyil. Azərbaycanda nəinki yeni iş yerləri, elə onları yaradan sahibkarlıq subyektləri də Bakı və Abşeronda cəmləşib. Sahibkarlıq subyektlərinin fəaliyyət sahəsi üzrə bölgüsündə kənd təsərrüfatı heç 10 faiz belə paya malik deyil. Ölkə üzrə investisiya qoyuluşundakı bu fərqin əsas səbəbi də sahibkarlıq subyektlərinin Bakı və Abşeronda cəmləşməsidir. Bunun nəticəsidir ki, regionlara yatırılan investisiyaların 80 faizdən çoxunu dövlət investisiyaları təşkil edir. Regionlar üzrə investisiyaların artım-azalma dinamikasını bölgələrdə həyata keçirilən dövlət investisiya layihələri müəyyən edir.

Onu da qeyd edək ki, son rəsmi rəqəmlərə görə, ölkədə məşğul əhalinin sayı 5 milyon 355 min 400 nəfər təşkil edib. Rəsmi işsizlərin sayı isə cəmi 5 faizdən bir qədər artıq göstərilir. Bir sıra iqtisadçılar isə deyirlər ki, Azərbaycanda rəsmi işsiz statusu almaq iş tapmağın özündən çətindir. Həmin ekspertlər vurğulayırlar ki, qeyri-rəsmi çalışan şəxslər də dövlətin sosial müdafiəsindən kənarda qalıblar. Qeyri-rəsmi məşğulluq ümimiyyətlə ölkədə iş yerləri ilə bağlı dəqiq statistika aparılmasına da imkan vermir. Halbuki, əmək müqaviləsi işçi və işəgötürən arasında əmək münasibətlərinin hüquqi müstəvidə qurulmasına və qanuni mənafelərinin təmin olunmasına əsas yaradan sənəddir. Əmək münasibətləri əmək müqaviləsi olmadan yarandıqda isə qeyr-rəsmi xarakter daşıyır və hər iki tərəfi qanunvericilikdə nəzərdə tutulan hüquqlardan, xüsusilə də işçiləri əmək və gələcək sosial təminat hüquqlarından məhrum edir. Əməkhaqlarının leqallaşdırılması, ilk növbədə, vətəndaşların sosial maraqlarının təmin olunmasına yönəldilib/ Əməkhaqqını qeyri-rəsmi alan işçilər ödənişli məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, güzəştli ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Düzdür, 2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Əmək bazarında təşviq mexanizminə əsaslanan vergi islahatlarının nəticələri ABŞ-nin nüfuzlu Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib. Universitet tərəfindən aparılan təhlillər də göstərir ki, islahatlar iqtisadiyyatın “ağardılması”, bizneslərin leqallaşması baxımından səmərəli olub, eyni zamanda qeyri-neft sektorunda iqtisadi aktivliyi stimullaşdırıb. Azərbaycan hökumətinin təmsilçiləri qeyd edir ki, “iqtisadiyyatın ağardılması” prosesi dərinləşdikcə muzdla işləyənlərin sayında kəskin artım olacaq. İndikidə “iqtisadiyyatın ağardılması” istiqamətində icra edilən ən uğurlu innovativ sayılan “ƏDV geri al” layihəsi hesab olunur. Çünki, bu layihə “iqtisadiyyatın ağardılmas”ında təkcə dövlət qurumlarını və təsərrüfat subyektlərinin deyil, bütün əhalinin iştirakını təmin etdi.

Ramil QULİYEV

Seçilən
80
baki-xeber.com

1Mənbələr