AZ

Almatıda “Türk dövlətlərinin tarixi”nin hazırlanması ilə bağlı toplantı keçirilib

Almatıdakı Əl-Fərabi adına Qazax Milli Universitetində Türk Akademiyasının təşkilatçılığı ilə türk ölkələrinin tarixinə dair müştərək akademik əsərin hazırlanmasına həsr olunmuş ikinci işçi iclası keçirilib.

Tədbirdə Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru, professor Janseyit Tüymebayev; Türk Tarix Qurumunun prezidenti professor Yüksel Özgen, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü, səfir İkram Adırbəyov; o cümlədən Türk Dövlətləri Təşkilatının üzvü və müşahidəçi ölkələrin tarix və arxeologiya institutlarının direktorları, aparıcı alim və ekspertlər iştirak ediblər. 

Türk Akademiyasının prezidenti Şahin Mustafayev çıxışında türk xalqlarının zəngin tarixi irsini sistemli və obyektiv şəkildə təqdim edəcək bu fundamental əsərin hazırlanmasında alimlərin səylərini birləşdirməyin vacibliyini vurğulayıb. İşçi görüş zamanı iştirakçılar monoqrafiyanın strukturunu ətraflı müzakirə edib, təkliflərini bölüşüb, konkret bölmələr üzrə işçi qrupların formalaşdırılması qərara alınıb. Monoqrafiyanın iki cild olacağı deyilib, beynəlxalq işçi qruplarının yaradılması təsdiq edilib. 

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatının 2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən 11-ci Zirvə Toplantısında türk ölkələrinin ortaq tarixinin yazılması ideyası irəli sürülüb. Dövlət başçılarının tapşırığına uyğun olaraq layihənin əlaqələndirilməsini Türk Akademiyası həyata keçirir. Layihənin ilk işçi görüşü bu ilin fevralında Ankarada keçirilib və tərəflər arasında Əməkdaşlıq Protokolu imzalanıb. Həmin vaxt işin ümumi planı və konsepsiyası da dəyərləndirilib, iki cildlik nəşrin hazırlanması barədə qərar qəbul edilib, hər bir iştirakçı ölkədə birgə komitələr yaradılıb.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Almatı

Seçilən
7
xalqqazeti.az

1Mənbələr