AZ

Zəngəzur dəhlizi kimin gözünə girir?

Bir ay əvvəl bildirmişdik ki, Kreml rəhbərləri Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında 8 avqustda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzaladıqları müqaviləyə hələlik səbrlə yanaşır, razılaşmanın əleyhinə çıxmırlar. Bunun da ciddi bir səbəbi vardı. Həmin vaxt Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Alyaskada çətin görüşə hazırlaşırdı. Həmin ərəfədə Rusiya prezidentinin və onun əlaltılarının 8 avqust müqaviləsinin əksinə açıqlamalar verməsi doğru sayılmazdı. Yəni bu, Trampın səylərinin üstündən xətt çəkmək demək olardı. Məhz bu səbəbdən Rusiya rəsmiləri, informasiya xəbərgirləri, ştatlı böhtançıları “marığa yatıb” özləri üçün münasib vaxt gözlədilər.

Artıq Vaşinqtonda imzalanan müqavilədən bir aydan da çox vaxt keçib, Alyaskadakı görüş də arxada qalıb. Hərəkətə gələn rusiyalı rəsmilər və bəslədikləri əlaltılar Azərbaycan və Ermənistan liderlərinin ABŞ paytaxtında imzaladıqları sülh sənədlərinin əleyhinə açıqlamalar verməyə başlayıblar.

Kreml həmişəki kimi xarici işlər naziri Sergey Lavrovu irəli verib. O, üzdə rəsmi Bakı və İrəvan arasında Vaşinqtonda əldə olunan razılaşmanı iki ölkənin suveren hüququ saysa da, lakin iki “zəruri” əlavəsini də unutmayıb. Birincisi, Lavrov deyib ki, Rusiya razılaşmaların icrasını yaxından izləyir. İkincisi, Lavrovun fikrincə, müqavilə ilə bağlı ilkin müsbət rəylər tədricən skeptik qiymətləndirmələrlə əvəzlənib və guya sənəddə hər şey razılaşdırılmayıb. ”Razılaşdırılmayıb” sözünün arxasında Rusiyanın öz mənafeyini gizlətməsi aşkardır. Ermənistanla Azərbaycan bir araya gəliblərsə və heç bir məsələdə narazılıq ifadə olunmayıbsa, daha kimlə razılaşdırmaq lazımdır? Hər yerdə özünü “yuyulmamış çömçə” kimi ortalığa atan Rusiya niyə öz işi ilə məşğul olmur? Kim onu dövlətlər üzərində “nadzor” seçib? Bəyəm özünün həllini gözləyən vacib problemləri azdır?

Sergey Lavrovun açıqlaması Kremlin Vaşinqton razılaşmasının icrasına mane olmağa çalışacağından xəbər verir. Rusiyanın xarici işlər naziri müqavilə barədə “skeptik rəylər” sözləri ilə Ermənistanın radikal müxalifətini nəzərdə tutub. Çünki məhz erməni radikallar-daşnaklar, revanşistlər, keşişlər və digər tör-töküntülər Vaşinqtonda imzalanan müqaviləni hallandırmağa başlayıblar. Kremlin Ermənistandakı dayağı da məhz onlardır. İrəvan və Vaşinqton Zəngəzur dəhlizinin tez hazır olması üçün tələsməlidir. İlk növbədə, Zəngəzur dəhlizinin tikintisini, infrastrukturun yaradılmasını və Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini sürətləndirmək lazımdır. Yoxsa “tuği-lənət” olub xalqların əl-ayağına dolaşan şər imperiyası “boğaz ortağı” olmağa çalışacaq. Onun dırnağı ilişən yerdə isə əmin-amanlıq və xeyir-bərəkət olmayacaq. Rusiyanın məqsədi də elə budur.

Cəmi bir neçə gün əvvəl Moskva rəsmiləri bildirdilər ki, Zəngəzur dəhlizində onlar da pay sahibi olmalıdır. Təəccüblüdür, Ermənistan başqa ölkələrə gediş-gəliş üçün şərait yaradırsa, oraya istədiyi dövləti dəvət edə bilər, istəmədiyini yox. Zorla, şantajla, böhtanla “boğaz ortağı” olmaq mümkündürmü? Rusiyanın narazılıqlarına baxmayaraq, nəqliyyat qovşağı qısa zamanda hazır ediləcəkdir. ABŞ isə təcavüzkar imperiyanın mühüm nəqliyyat qovşağında yerləşməsinə razı olmaz.

Bu baxımdan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin sürətləndirilməsi vacibdir. Vaşinqton razılaşmasından belə görünür ki, Donald Tramp administrasiyası çox qısa zaman ərzində dəhlizin həm tikintisi, həm ona təhlükəsizilik zəmanətlərinin verilməsi, eləcə də iqtisadi mənfəətlər məsələsini dəqiqləşdirməyə istiqamətlənmiş addımlar atır. İntensiv səfərlər bunu deməyə əsas verir ki, proses ardıcıl surətdə davam etdirilir. Digər tərəfdən, Zəngəzur dəhlizi ilə bağlı 44 günlük Vətən müharibəsindən ötən beş ilə yaxın müddətdə kifayət qədər müzakirələr gedib. Hazırda ABŞ əlində çox yaxşı fürsət formalaşdırıb və çalışır ki, bu fürsətləri tez dəyərləndirsin və gələn ilə qədər reallığa çevirsin.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, prezident Tramp üçün hakimiyyəti başa çatanadək bütün məqsədlərə nail olmaq önəmlidir, proseslərin sürətləndirilməsində bu amil də rol oynayır. Donald Tramp birinci dəfəki prezidentliyinin bitməsinə yaxın başladığı bütün layihələri ikinci prezidentliyi dövründə reallaşdırıb başa çatdırmağa çalışır. Bu dövrdə Zəngəzur dəhlizinin də nəzərdə tutulan müddətdə istifadəyə verilməsi mümkün ola bilər. ABŞ üçün qeyd olunan ləngidici proseslər arzuolunmaz hesab olunur. Əslində, Azərbaycan üçün də, Ermənistan üçün də yubadılma arzuolunmazdır. Baxmayaraq ki, Ermənistan ərazisində ABŞ-ın aidiyyəti şirkəti dəhlizin tikinti və təhlükəsizliyi işlərini icra edəcək, lakin hazırda Azərbaycanla da məsləhətləşmələr həyata keçirilir. Çünki Zəngəzur dəhlizi Orta dəhlizin əhəmiyyətli seqmentidir. Ona görə də məxfi olsa da burada ticarət yolları və bağlantıları üzərində qonşu dövlətlərin böyük geosiyasi savaşının getdiyini görürük. İran isə bütün hallarda Zəngəzur dəhlizinin açılmasına razı deyil və buna mane olmağa cəhd edəcəkdir. Çünki ABŞ-ı öz sərhədlərində qətiyyən görmək istəmir. Bunun İranı gələcək təhlükələrə aparacağını düşünür. Ancaq ABŞ-ın regionda olması hər ikisinin əl-ayağını və ağzını bağlayır. Əsas məsələ ondadır ki, dəhliz işə düşəndən sonra Rusiya geri çəkilməli olacaq. Çünki Tramp yolu ilə yük daşıyan böyük dövlətlərlə qarşıdurma yaratmaq ona sərf etməz. Azərbaycan isə burada həm də tranzit dövlətə çevrilməklə dünya ölkələrinin diqqət mərkəzinə yüksələcək, tərəfdaşları və müdafiəçiləri daha da artacaq. Hazırkı dövrdə bunun özü böyük siyasi uğurdur. Hər bir ağıllı dövlət rəhbərliyi  çevrəsinin güclü olmasını arzulayır və ona yönələn addımlar atır. Azərbaycan çoxdan bu yolla irəliləməkdədir və biz də əyani olaraq onun müsbət nəticələrini görürük.

Vəli İlyasov, “İki sahil”

Seçilən
14
ikisahil.az

1Mənbələr