AZ

Möhlət bitdi: soydaşlarımız Rusiyadan geriyə axın etsə...

Sahib Məmmədov: “Azərbaycanda əmək bazarında gərginlik yarana bilər”

Rusiyada olmanın hüquqi əsasını itirmiş əcnəbi vətəndaşları çətin günlər gözləyir. Həmin şəxslər ölkədəki hüquqi statuslarını tənzimləməlidirlər. Çünki sentyabrın 11-dən belə bir imkan olmayacaq, onları ölkədən çıxarmağa başlayacaqlar.

Qeyri-rəsmi məlumata görə, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır və onların arasında sənədləri qaydasında olmayanlar var. Rusiya qanunlarını pozan soydaşlarımızı da deportasiya təhlükəsi gözləyir.

Bəs onların gəlişi Azərbaycan üçün hansı çətinliklər yarada bilər? Soydaşlarımızın işlə təminat baxımından hazırıqmı və nələr etməliyik?  

Sahib

Sahib Məmmədov 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Rusiya Federasiyası miqrasiya qanunvericiliyini ciddi şəkildə sərtləşdirməkdə davam edir. Bu, yalnız əmək miqrasiyasını əhatə etmir. Rusiya ərazisində müvəqqəti və daimi yaşama ilə bağlı bütün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün hüquqi vəziyyətin tənzimlənməsi üzrə yeni qanunlar və alt normativ aktlar qəbul olunub və tətbiq edilir. Bu da miqrasiya proseslərini xeyli çətinləşdirir.

Qeyd etmək lazımdır ki, Rusiya BMT-nin əməkçi miqrantlar və onların ailə üzvlərinin müdafiəsi haqqında konvensiyasına da qoşulmayıb. Sərtləşdirmə yalnız Azərbaycandan olan miqrantları əhatə etmir, lakin bəzi hallarda Rusiya selektiv yanaşma da nümayiş etdirir. Azərbaycanlı miqrantlara qarşı daha qərəzli yanaşmalar müşahidə oluna bilər ki, bu da dövlətlərarası münasibətlərlə bağlı məsələdir.

Rusiyada yaşayan həmvətənlərimiz - həm vətəndaşlığı olmayan, həm də vətəndaşlığı olan şəxslər - qanunvericiliyə əməl etməlidirlər. Qanunlara əməl etməyən şəxslər hüquqlarını tam həyata keçirə bilməyəcək, yaxalandıqları halda isə deportasiya olunacaq və onların Rusiyaya girişi müəyyən müddətə, bəzən isə ömürlük qadağan edilə bilər. Buna görə də miqrantlar mövcud qanunvericiliyə uyğunlaşmalıdırlar. Uyğunlaşa bilməyənlər mənşə ölkələrinə, Azərbaycana və ya Gürcüstana qayıtmalıdırlar. 

Onların gəlişi ilə Azərbaycanda əmək bazarında gərginlik yarana bilər. Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər ölkəyə qayıtdıqdan sonra fəaliyyətlərini yerli şəraitə uyğun davam etdirə bilməyə bilərlər. Bu, müxtəlif sosial və iqtisadi problemlər yarada bilər. Buna görə də dövlətin qabaqlayıcı tədbirlər görməsi vacibdir. Məsələn, qayıdanlarla bağlı proqramların hazırlanması, onların problemlərinin qruplaşdırılması və həll yollarının müəyyən edilməsi zəruridir. Hesab etmirəm ki, bu vəziyyət Azərbaycanda ciddi sosial böhran yaradacaq, lakin müəyyən problemlər ortaya çıxa bilər". 

2024-cü ilin yekunlarına əsasən, Rusiyadan deportasiya olunan miqrantların sayı 80 000-i keçib. Bu rəqəm əvvəlki illə müqayisədə iki dəfədən çox artım deməkdir. Bu da Rusiyanın miqrasiya siyasətində sərtləşmənin sistematik və genişmiqyaslı şəkildə həyata keçirildiyini göstərir. Sentyabr ayında isə Moskva və ətraf bölgələrdə yeni bir pilot layihə - geolokasiya izləmə sistemi tətbiq olunmağa başlayır. Bu sistem çərçivəsində miqrantlar xüsusi mobil tətbiq vasitəsilə hərəkətlərini daim qeyd etməli və yaşayış ünvanlarındakı dəyişiklikləri üç gün ərzində bildirməlidirlər. Bu qaydalara əməl etməyən şəxslər yenə də nəzarət altına alına və deportasiya oluna bilər.

Bəzi regionlarda isə yerli səviyyədə əlavə məhdudiyyətlər tətbiq edilib. Məsələn, Tver vilayətində miqrantların işləyə bilmədiyi sektorların sayı 36-dan 82-yə qədər artırılıb. Bəzi hallarda isə məsələn, Vologda bölgəsində tətbiq olunan tikinti sahəsində işləmə qadağası iri şirkətlərin təzyiqi ilə ləğv olunub. Eyni zamanda Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində miqrant işçilərin ailə üzvlərini Rusiya ərazisinə gətirməsi yasaqlanır. 2025-ci ilin payızından etibarən miqrantlardan müxtəlif sənədləşmə və hüquqi prosedurlar üçün əlavə ödənişlər alınması da planlaşdırılır. Məsələn, qeydiyyat üçün 500 rubl, onun uzadılması üçün 1,000 rubl, iş icazəsi və patentlər üçün isə 4,200 rubl ödəniş tələb oluna bilər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Seçilən
45
2
musavat.com

3Mənbələr