Polşa Belarusla sərhədini tamamilə bağlayıb.
AzPost bildirir ki, Belarusun BelTA dövlət agentliyi bu gecə Polşa-Belarus sərhədinin bağlanmasının görüntülərini dərc edib.
Polşa sərhədçiləri demarkasiya xəttində maneələr quraşdırıblar, tikanlı məftillər çəkib və nəqliyyatın hərəkətini dayandırıblar.
Sentyabrın 9-da Polşanın baş naziri Donald Tusk sentyabrın 12-dən Belarusla sərhədin tamamilə bağlanması qərarını açıqlayıb və bunu “Rusiya və Belarusun təxribatlarının sayının artması” və “Qərb-2025” birgə hərbi təlimləri (12-16 sentyabr tarixlərində keçirilib) ilə izah edib.
Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski sərhədin yalnız “Qərb” təlimləri müddətində bağlı qalmayacağını deyib: “Sərhədin bağlanma müddəti qeyri-müəyyəndir. Biz vəziyyəti daim təhlil edəcəyik”.
Rusiya Xarici İşlər Nazirliyi dünən Varşavadan nəticələr barədə düşünməyi və qərarı yenidən nəzərdən keçirməyi tələb edib. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, hərəkətin məhdudlaşdırılması Polşanın beynəlxalq tərəfdaşlarına zərər verəcək və respublikanın özünün biznesinə zərbə vuracaq.